Təranə Dəmir – Misralarım yaz eşqində…

***
Ürəyim od içindədi,
Baxışımı çən aparır.
Misralarım yaz eşqində,
Saçlarımı dən aparır.
Ayaqlarım yol yorğunu,
Qollarım göydən asılıb.
İçimdə təklik ulayır,
Qulağım küydən asılıb.
Bilmirəm sağam, ölüyəm,
Sükutam, səsəm , bilmirəm.
Dönmüşəm dəli küləyə,
Hayanda əsəm , bilmirəm.
Gözlərim yağışa düşüb,
Kirpiyim nəmdə üşüyür.
Kədərim zilə qalxıbdı ,
Sevincim bəmdə üşüyür…
***
Göylərdə yeri olmasa da Göylə gedər,
Hamıya yuxarıdan aşağı baxar,
Ona görə də gözü ayağının altını görməz.
Tənqidi sevməz, tərifə qaçar.
Bir çimdik sözü var,
Ona görə də nə yazsa duzsuz çıxar.
Özünü qaldırıb dağ başına qoyar,
Alver edər sözlə,
Söz verər, söz alar.
Qoyduğu qanunlar pozulmaz,
Pozuldusa, dünya dağılar,
Hərdən öz qanunlarına ilişib yıxılar.
Diqqətsizdi, amma diqqət mərkəzində olmağa çalışar.
Tribunalar, mikrafonlar ona işləyər,
Reklam acıdı,
Hayana baxsan o çıxar.
Ədalətsizdi deyə hər yerdə qapılar üzünə açıqdı..
Hamıdan , hər şeydən narazıdı,
Yalan danışmaqda qoçaqdı.
Ütülü geyinər ütüsüz danışsa da,
Gah ordenə qaçar, gah ada
Bəzi adı sözündən yekə şairlər,
Qısır şairlər, bazar şairlər, kölgə şairlər…
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru