Weather Data Source: havadurumuuzun.com

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri

Zəfərnews.az -ın araşdırmalarına görə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun
fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın,
dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü
uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah
halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Ümumiyyətlə, Ulu Öndərin xalqımız qarşısındakı
ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi
tarixində yeni bir mərhələnin açılmasıdır.
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Məlumdur ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının
sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik respublikaların daxili həyatına da sirayət
etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan
etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosialiqtisadi durumunun bərbadlığı, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar
Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri
sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin fasilələrlə verildiyi, sosialiqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev qısa zaman
ərzində həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin təmin
olunmasına nail oldu.
Bu dövrün səciyyəvi xüsusiyyətlərinə nəzər yetirərkən bir sıra məqamları xüsusilə diqqətə çatdırmaq
məqsədəmüvafiqdir. İlk növbədə, Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa edilməsini, milliləşdirmə
siyasətinin uğurla həyata keçirilməsini vurğulamaq gərəkdir. Belə ki, 17 noyabr 1990-cı il tarixində Naxçıvan
Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2
bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı.
Əlbəttə, SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi
səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda
Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən
çıxarıldı. Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi
qiymət verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Qərar da müstəsna
əhəmiyyətə malikdir. Həmin Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks
olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də
tarixi qərar qəbul olundu.
Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar
reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Bunlarla yanaşı, blokada şəraitində
olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq
əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla
qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində
Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan
müstəsna əhəmiyyətə malikdir.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini
təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi
əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Həmin dövrdə ölkədəki ictimai-siyasi vəziyyətdən bəhs edərkən mühüm bir məqama da nəzər salmaq
məqsədəmüvafiqdir. Belə ki, ölkəmizdə hökm sürən mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının
16-da 91 nəfər ziyalı Ulu Öndər Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il
tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq
verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası
təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın
Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan
Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu,
Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində
təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə
şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən
6 ay sonra siyasi hakimiyyətə gəldi. Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində
mühüm bir səhifə açıldı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır
Bəlli olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq
təhlükəsinin astanasında idi. Belə bir şəraitdə xalqımız dövlətimizi xilas etmək üçün Ümummilli Lider Heydər
Əliyevə üz tutdu. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi
Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli
Liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli Lider
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil
olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb
kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü
kimi tarixə düşüb
Böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və
məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək,
korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bütün bunların
qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq
olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara
əsaslanan əvəzsiz fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Asayiş və qayda-qanun bərqərar
edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama
salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son
verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə
sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının
qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası
prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici
siyasət sayəsində Azərbaycan güclü – qüdrətli və nüfuzlu dövlətə çevrildi. Vurğuladığımız kimi, müstəqil
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament
seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin
bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan
qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində
siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli
fəaliyyətinə yol açdı. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda,
dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının
həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların
yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin
irəliyə aparılmasında mühüm rol oynadı. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Məlum olduğu
kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası
təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları
əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Bu illər ərzində Ulu
Öndər Heydər Əliyev məhv olmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycanı, sözün əsl mənasında, azad və
müstəqil, inkişaf edən ölkəyə çevirdi.
O da vurğulanmalıdır ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional,
praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə milli
maraqlara müvafiq surətdə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanmasından
sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Daha sonra Azərbaycan neftinin
dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq
layihələri gerçəkləşdirildi. Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici
siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi.
Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə
yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə
çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq
tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq
siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. Bütövlükdə, Ümummilli Lider
Heydər Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri
genişlənməyə başladı, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndi.
Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır
Xüsusi vurğulamaq gərəkdir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət
kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə
və inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi
görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın beynəlxalq
mövqeyinin möhkəmlənməsi və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycan inkişafdadır. “Bu gün müstəqil dövlətimiz özünün
ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün
Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir”, – deyə Prezident İlham Əliyev
vurğulayıb.
Şübhəsiz ki, milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosialiqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi,
möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin
nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın
gerçəkliklərini təşkil edir. Ümumiyyətlə, müstəqil Azərbaycanın müasir mənzərəsini səciyyələndirərkən bir sıra
məqamları xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Bu kontekstdə əvvəla qeyd edək ki, Cənubi
Qafqaz regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə fərqlənən Azərbaycanda bütün sahələri əhatə
edən çoxşaxəli və paralel islahatlar həyata keçirilir. Ölkəmizdə uğurla və inamla davam etdirilən islahatlar
dinamik tərəqqini sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırıb. Şübhəsiz ki, çoxşaxəli
islahatların reallaşdırılması davamlı xarakter daşıyır. Dərin iqtisadi və institusional islahatların davamı kimi
hüquqi islahatların aparılması da bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Azərbaycanda
həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq səviyyədə, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək
qiymətləndirilir. Bununla yanaşı, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə
olunur. Başqa sözlə, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən
ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud
olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam
cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial
rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı
təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da
ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.
Bunlarla yanaşı, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və
dünyada böyük etimad qazanıb, strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf,
qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha
mütərəqqi dəyərlər təqdim edir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin
güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik
xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən
əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Regional güc mərkəzi olan ölkəmizin təşəbbüsü və liderliyi ilə
gerçəkləşdirilən geostrateji layihələr regional, beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə fundamental töhfələr
verir. Ümumiyyətlə, Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında
işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir.
Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzinə çevrilib. Bunun
qanunauyğun nəticəsidir ki, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq
nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.

Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir. Bu gün Yeni Azərbaycan Partiyasının regionda ən nüfuzlu partiya olmasının başlıca səbəblərindən biri də təşkilatın bölgələrdə göstərdiyi uğurlu, müvəffəqiyyətli və səmərəli nəticələridir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır»,- deyən Ulu Öndər bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Heydər Əliyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilmişdir. Sevindiricidir ki, Ümummilli Liderin ən ümdə arzusunun həyata keçməsi Qələbəmizin ikinci ilində keçirilir. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu, Qalib Lider, Prezident İlham Əliyev «Dəmir yumruq» siyasəti ilə güclü ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə “Şuşasız işimiz yarımçıq qalar” deyərək yerinə yetirdi. Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” deyərək bu məsələnin nidasını qoydu və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Beləliklə də, Prezident İlham Əliyev “ata vəsiyyətini” yerinə yetirərək bütün Azərbaycan xalqını xoşbəxt etdi. Bəli, bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir. Ulu Öndərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.

Və xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, Ulu Öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır! Dövlət başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Zəfərnews.az

Aygün Məmmədova 

Top