Antisanitar şəraitdə fəaliyyət göstərən ət satışı mağazasının fəaliyyəti məhdudlaşdırılıb

AQTA-dan zəfərnews.az-averilən məlumata görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən Əsgərov Marif Salman oğluna məxsus ət satışı mağazasında yoxlama keçirilib. Baxış zamanı mağazanın qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, həmçinin avtonom havalandırma sisteminin quraşdırılmadığı, təmizlik işlərinin aparılmadığı, kanalizasiya-drenaj sisteminin və ağzı kip zibil qabılarının mövcud olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib. Mağazanın fəaliyyəti məhdudlaşdırılıb və fiziki şəxsi barəsində inzibati protokol tərtib edilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Zəfərnews.az
Aygün Məmmədova