TƏLƏBƏLƏRDƏ GENDER BƏRABƏRLİYİ DƏYƏRLƏRİNİN FORMALAŞMASI

TƏLƏBƏLƏRDƏ GENDER BƏRABƏRLİYİ DƏYƏRLƏRİNİN FORMALAŞMASI
Müasir Azərbaycan təhsilinin qarşısında duran başlıca vəzifə yüksək intellektual hazırlığa, hərtərəfli inkişaf etmiş dünyagörüşə, ümumbəşəri və milli keyfiyyətlərə malik, əsil vətəndaşın – insanın yetişdirilməsindən ibarətdir. Gələcəkdə Avropa təhsil məkanında öz yerini tapacaq, Vətənimizi layiqincə təmsil edə biləcək yeni insanın formalaşması müasir təhsil sistemimizin başlıca strategiyalarından biridir. Hər bir cəmiyyətin əxlaqi-mənəvi mənzərəsini təsəvvür etmək üçün orada qadına olan münasibəti öyrənmək kifayətdir. Əgər bir cəmiyyət daxilində qadın hüquqları hər hansı bir şəkildə pozulursa, qadın hər addımbaşı alçaldılıb təhqir edilirsə, dövlət əhəmiyyətli qanunların qəbul edilməsində onlara ikinci dərəcəli cins kimi baxılırsa həmin cəmiyyətin yüksək tərbiyəlilik səviyyəsindən danışmağa dəyməz. Böyüməkdə olan nəslə gender bərabərliyi dəyərlərinin tərbiyəsinin özülü ailədə qoyulmalıdır. Çünki ailə daxilində kişi və qadının malik olduqları rollara, tutduqları mövqeyə, qazandıqları nüfuza ciddi riayət edilən ənənəvi ailə quruluşu Azərbaycan cəmiyyətinin tənzimlənməsində əsaslı rola malikdir. Belə ailələrdə tərbiyə olunan övladlar da öz davranışları və fəaliyyətlərində ənənəvi ailə kodeksinin yazılmamış qanunlarını əsas götürürlər. Azərbaycan ailəsində kişinin yeri daha çox liderlik, başçı, ailənin maddi cəhətdən təminatcısı mövqeyi ilə ölçülürsə, qadının rolu çox vaxt məişət qayğılarının öhdəsindən gəlməsilə məhdudlaşır. Bu gün gender bərabərliyi dəyərlərinin tərbiyə edilməsində əsas məsələ kişi və ya qadın hökmranlığının dəyişdirilməsindən ibarət deyil. Burada əsas diqqət hər iki tərəfin bir-birinə münasibətlərində gender bərabərliyinə əsaslanan əxlaqi dəyərləri əsas götürmələri və hər iki cinsin köhnə stereotiplərdən azad olmasıdır. Məhz buna görə bu gün cəmiyyətimiz ümumiləşdirilmiş əxlaq nümunələrinə, davranış normalarına ehtiyac duyur. Bu aspektdən gender-cinsi münasibətlər, cinslər arasında sosial bərabərlik, əxlaqın mühüm tərkib hissəsini təşkil edir. Genderə dair müxtəlif elmi istiqamətlərdə tədqiqatlar çoxdur. Gender bərabərliyi dəyərlərini pedaqoji-psixoloji və etik cəhətdən düzgün qiymətləndirə bilməyən qadın və qızlar onu qadın sərbəstliyi, çox vaxt isə özbaşnalıq kimi qəbul edirlər. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, hər iki cinsin arasındakı münasibətdə hansısa birinin hökmranlığı itdikdə onların yerini igidlik (kişi) və zəriflik(qadın) tutur. Gender üstünlüyündən imtina etmə zərurətinin dərk edildiyi zaman cinslərin qarşılıqlı münasibətlərinə dair mədəniyyət ön plana keçir. Qadınların daha çox “kişi” peşələrinə meyil etməsi, bizneslə məşğul olmaları, maddı cəhətdən kişidən asılı olmaması, əksinə bəzi vaxtlarda kişinin qadından maliyyə asılılığı, qadının sükan arxasında oturması bu gün Azərbaycan üçün real bir haldır. İnkar etmək olmaz ki, bu cür dəyişən münasibətlər fonunda həm qadın, həm də kişi əxlaq və davranışda başqa dəyərlərə və normalara ehtiyac duyur. Əks halda cinslərarası ziddiyyətlər anlaşmanı çətinləşdirir. Azadlığın özbaşnalıq kimi deyil, əxlaqi normalara əsaslanan məsuliyyət kimi qəbul edilməsi üçün cinsindən asılı olmayaraq hər bir insanın öz davranışında əxlaqi çərçivəni saxlamağa daxili motiv olmalıdır. Gender tərbiyəsinin bir qütbündə bərabərhüquqluluq, mənəvi azadlıq durursa, digər qütbündə isə məsuliyyət, mənəvi azadlığın həqiqi dərk edilməsi durur. Müasir Azərbaycan təhsilinin qarşısında duran başlıca vəzifə yüksək intellektual hazırlığa, hərtərəfli inkişaf etmiş dünyagörüşə, ümumbəşəri və milli keyfiyyətlərə malik, əsil vətəndaşın – insanın yetişdirilməsindən ibarətdir. Vətənimizi layiqincə təmsil edə biləcək yeni insanın formalaşması müasir təhsil sistemimizin başlıca strategiyalarından biridir. Bu vəzifənin öhdəsindən gəlmək üçün təlimin tərbiyəedici və inkişafetdiriçi funksiyalarından geniş istifadə etmək lazımdır.
Təlim prosesi yetişən gənc nəslin mənəvi tərbiyəsində mühüm rola malikdir. Təlimdə yalnız tələbələrin intellektual inkişafı deyil, eyni zamanda tərbiyəsi və şəxsiyyətinin inkişafı da həyata keçirilir. Pedaqoqlar haqlı olaraq qeyd edirlər ki, təlimin hər hansı hissəsi deyil, bütün təlim prosesi tərbiyə edir. İdrak prosesinə əsaslanan təlimin gedişində dərsin yaradıcı xarakterinin, tələbələri fəal düşünməyə, elmi biliklərin aydın dərk olunmasına, onların tərbiyə edilməsinə yönəldən şəraitin olması böyük əhəmiyyətə malikdir. Dərsin gedişində belə münbit şəraitin yaradılmasında müəllimin rolu danılmazdır. “Təlim tərbiyənin olduqca qüdrətli üzvüdür və bu üzvdən məhrum olan müəllim uşaqlar üzərində ən başlıca və ən gerçək təsir vasitəsini itirmiş olur”.
Tələbələrə gender bərabərliyi dəyərlərinin mənəvi və psixoloji cəhətdən aşılanması işini də təlim prosesində həyata keçirmək olar. Gənc nəslin insan hüquqlarının həm qadın, həm də kişi üçün bərabərliyini əsas götürən cəmiyyətdə yaşaması böyüyən uşaqların tərbiyəsi ilə sıx bağlıdır. Çünki gələcək nəsilləri indiki tələbələr ata – ana kimi tərbiyə edəcəklər. Uşaqları tərbiyə etmək həyatımızın mühüm sahəsidir. Bizim uşaqlar ölkəmizin və dünyanın gələcək vətəndaşlarıdır. Bizim uşaqlar gələcək ata və analardır – onlar özləri də öz uşaqlarını tərbiyə edəcəklər. Bizim uşaqlar böyüyüb gözəl vətəndaş, yaxşı ata və ana olmalıdırlar. Müasir dövrdə aparılan gender tədqiqatlarının vacib problemlərindən biri təhsil sistemində gender bərabərliyinə nail olmaqdır. Cünki təhsil cinsindən asılı olmayaraq insanların ictimai həyatın bütün sahələrində iştirakına imkan yaradır. Bu mənada təhsil cəmiyyətdə gender bərabərliyinə nail olmaq vasitələrindən ən əsasıdır. Təhsildə gender bərabərliyinə nail olan cəmiyyət gələcəkdə özünün demokratik dəyərlərə əsaslanan davamlı inkişafını təmin etmiş olar. Ayrı-ayrı fənlər üzrə müvafiq mövzuların tərbiyəvi cəhətlərinin nəzərə alınması orta ümumtəhsil müəssisələrində şagirdləri, ali məktəbdə isə tələbələri gender bərabərliyi – qadın və kişi arasında sosial bərabərlik, bu bərabərliyin elmi-psixoloji və mənəvi əsasları ilə bağlı zəruri biliklərlə silahlandıra bilər. Müasir dövrdə ölkəmizdə gender bərabərliyinin həllindəki lənglik, qadınların cəmiyyətin həyatında daha fəal mövqe tutmaq işinə cəlb edilməsi mexanizminin olmaması və s. digər problemlərin həlli tələb edir ki, ali təhsil müəssisələri yeni nəsillərin gender bərabərliyi əsasında tərbiyə olunması işinə daha diqqətli və məsuliyyətli yanaşsın. Tələbələrə gender dəyərlərinin aşılanması zamanı bir məsələni xüsusilə diqqət mərkəzində saxlamaq lazımdır: Azərbaycanda gender siyasətinin həyata keçirilməsində yerli milli adət-ənənələrin, xüsusiyyətlərin, milli mentalitetin, milli düşüncə tərzinin, cəmiyyətimizdə hələ də patriarxal qayda-qanunların mövcüd olmasının nəzərə alınması vacib şərtlərdən biri kimi qəbul olunmalıdır. İnsanın öz mənəvi dəyərini dərk edib özünün özünə qiymət verməsində özünü biruzə verən ləyaqət hissinə malik olan həm qadın, həm də kişi cinslərin gender bərabərliyi şəraitində öz hərəkətlərini cəmiyyətin dəyər və normalarına uyğunlaşdırır. Bu ali hissə malik olan fərd cinsindən asılı olmayaraq başqalarına qarşı münasibətdə intizamlı, məsuliyyətli, namuslu olur və cəmiyyətin ona verdiyi müsbət qiymət zəruri tələbat kimi meydana çıxır. Ləyaqət hissinin özündə mövcud olan bir sıra işıqlı fəzilətlərdən namusluluq, abır, həya, sadəlik, nəciblik, ismət gender bərabərliyi fonunda Azərbaycan qadını üçün ən önəmli əxlaqi keyfiyyətlərə çevrilir. Müasir dövrdə gender probleminin qadınlar tərəfindən hərəkətlərdə tam sərbəstlik və açıq-saçıqlıq kimi qəbul edilməsində özünü biruzə verən yanlışlıq bu istiqamətdə tərbiyə işlərinin aparılmasını zəruri edir. Çünki müasir dövrdə mütərəqqi xarakterli milli adət-ənənələrimizdən uzaqlaşıb daha çox qərbə meyl edən, qərbin gender bərabərliyini milli xüsusiyyətləri nəzərə almadan öz ailəsində tətbiq edən qadın və qızlarımızdan bu gün ən çox umulan abırlı geyim və davranışdır. Öz hərəkət və əməllərinə görə məsuliyyət daşıyan həm qadında, həm də kişidə əxlaqi məsuliyyət hissi onun davranışını tənzimləyir, onda özünənəzarət hissini gücləndirir. Daxili mədəniyyətin göstəricisi olan nəzakətlilik hissinə malik qadın və kişi bütün hərəkətlərini davranış mədəniyyətinə uyğunlaşdırır. Davranış mədəniyyəti gender bərabərliyi probleminin həllində hər iki cins üçün yerinə yetirilməsi zəruri olan əsas şərtlərdən biridir. Davranış mədəniyyəti cəmiyyətimizin ümumi davranış mədəniyyəti ilə sıx bağlıdır və ondan nəşət edir, onun tərkib hissəsidir. Bir-birinə əks olan cinslərin qarşılıqlı münasibətlərində mövcud olan hörmət, ehtiram və nəzakət həm qadın, həm də kişi tərəfindən nəzərə alınmalıdır.
Pedaqoji prosesdə gender bərabərliyi dəyərlərinin aşılanmasında gənclərdə əməyə müəyyən münasibətin yaradılması önəmli yer tutur. Belə ki, insan inkişafının əsas amillərindən biri olan əmək, gender dəyərlərinin tərbiyə edilməsində qadınların cəmiyyətdə özlərini kişilərlə bərabər hüquqa malik hiss etmələri ücün əsas zəruri şərtdir. Çünki məhz əmək fəaliyyəti ilə qadın cəmiyyətdə müəyyən mövqe tuta bilər və ya cəmiyyətə müəyyən xeyir verə bilər. Cəmiyyətə yalnız kişilərin daha çox mənfəət verməsi fikrinin hakim olduğu müasir dövrdə əmək fəaliyyəti qadının özünü təsdiq edəcəyi sahədir. Çünki bu əmək nəinki qadına öz qiymətini dərk etməsinə kömək edir, həm də onun inkişafını, əxlaqi cəhətdən təşəkkülünü tənzimləyir. Artıq ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması dövrü özünün çiçəklənmə mərhələsinə qədəm qoymuşdur. Azərbaycanda mövcud olan vəziyyət cəmiyyətin ailə dəyərləri ətrafında daha çox cəmlənməsilə səciyyələnir. İndi də əvvəllərdə olduğu kimi hər bir azərbaycanlı üçün ailə onun bütün mümkün vasitələrlə müdafiə etməyə hazır olduğu son istehkamıdır. Ailə Azərbaycanda cəmiyyətin mənəvi göstəricisini səciyyələndirən ilk və son özəkdir.
Saçlı Ağayeva
ADPU Cəlilabad filalının əməkdaşı