Weather Data Source: havadurumuuzun.com

Təranə Məmməd – 70

Rəsm kimi xanım…

Təranə Məmməd – 70

Onunla heç vaxt üz-üzə gəlməmişik, amma “Facebook” sosial şəbəkəsindəki paylaşdığı yazılarından xarakterini müəyyən qədər öyrənə bilmişəm. Bir də ki, şəkillərindəki sifət cizgilərindən, o cümlədən gözlərindən təxmini kim olduğunu anlamışam. Və hər dəfə şəkli qarşıma çıxanda necə gözəl olduğundan zövq alıram. Sanki o, Allahın öz fırçası ilə yaratdığı gözəl bir rəsm əsəridir. Söhbət şair-yazıçı Təranə Məmməddən gedir. Gəlin əvvəlcə onun daşıdığı adı barəsində qısa məlumat verim. Təranə sözü fars mənşəli olub, Azərbaycan dilində əsasən “mahnı”, “nəğmə”, “şərqi” və “ahəng” mənalarını ifadə edir. Ədəbiyyatda isə bu kəlmə daha çox musiqili səs, təbiət səsləri məsələn, quşların nəğməsi kimi obrazlı mənalarda da işlədilir…

Əliyeva Təranə Məmməd qızı 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. Bir neçə şeir və nəsr kitablarının müəllifidir…
Yazıçı Meyxoş Abdullah onun barəsində yazır:

“Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.”

Gözəl həmsöhbətdir. Elə buna görə də istənilən adamı özünə cəlb edə bilir. Həm də həmsöhbətini diqqətlə dinləməyi bacarır və onun problemlərinə marağla yanaşır. Vəziyyəti düzgün təhlil etmək, əsl səbəbləri tapmaq, doğru məsləhət vermək qabiliyyəti var. İnsanlarla asanlıqla dostlaşa bilir, lakin bir qayda olaraq azadlığına xələl gətirəcək dostluqda maraqlı deyil. Çalışır ki, dostları xoşbəxt olsun. Bütün dostları üçün mehriban və səmimidir, bəzən onların arasında bunu haqq etmiyənlər də olur. Kimsə onun vaxtını çox alanda və üzərinə öz problemlərini yükləyəndə xoşu gəlmir, narazı qalır. O, mühakimələrindən daha çox öz refleksinə bel bağlayır. Eyni bir işlə uzun müddət məşğul olanda tez yorulur. Onu yenilik daha çox cəlb edir. Onun yüksək intellektinə söykənmək olar, çünki onu idrakı idarə edir. Azad ruhu var, onun azadlığını məhdudlaşdırmağa çalışmaq axmaqlıqdır…

Zaur Ustac daha sonra qeyd edir: “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür…”

İyunun 1-i bu gözəl xanımın yubileyidir, 70 yşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzulayıram…

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top