Günay Əliyeva – Bağ

BAĞ
(hekayə)
Ucqar bir kənd… Kəndin dar küçələrində bir-birindən aralı, taxta hasarlarla əhatələnmiş evlər vardı. Bu evlərin birində Kərim baba ilə körpəlikdən ata-ana nəvazişi görməyən, onları vaxtsız itirən nəvəsi Rövşən yaşayırdı. Bu həyət digər həyətlərdən çox fərqlənirdi. Çünki həyəti ilan kimi burulub yuxarı qalxan, dəmirdən düzəldilmiş çardağa dolaşan üzüm tingləri əhatəyə almışdı. Yaşıl, kənarları dişli yarpaqlar arasından üzüm gilələri görünürdü. Bağın lap kənarında yenicə torpağa basdırılmış üzüm tinginin yaxınlığında nar ağacı əkilmişdi. Həmin üzümün budaqları nar ağacına dolaşmışdı. Ancaq bir neçə müddət əvvəl əkilməsinə baxmayaraq, hələ bar verməmişdi. Digər üzüm ağaclarının qulluğunda duran Kərim baba bu üzüm tinginə o qədər də qayğı göstərmirdi. Bu səbəbdən də tingin bar verməsini gözləmirdi.
Kərim baba həmişə dəmir çardağın altına qoyulmuş nərdivana çıxar və yetişmiş üzüm salxımlarını dərərdi. Bal kimi şirin olan üzüm salxımlarını evin arxasındakı kiçik arxda yuyar, kənarda qoyulmuş taxta stulun üstündə oturar və bağda bel ilə işləyən nəvəsi Rövşəni səsləyərdi:
– Ay bala, gəl, bir-iki gilə üzüm ye!
Rövşən bəzən gələr, bəzən də öz işi ilə məşğul olardı. Artıq Rövşənin sadiq dostuna çevrilmiş ana quş və balaları üzüm çardağının yaxınlığındakı ağacın üstündə yuva qurmuşdular. Hər səhər Rövşən bağa işləməyə gedəndə bu rəngarəng və gözəl quşların cəh-cəhi onda xoş əhvali-ruhiyyə yaradırdı.
Rövşən beli əlindən yerə qoyub babasına tərəf gələndə gördüyü mənzərədən heyrətə gəldi. Ana quş və balaları qatar kimi stolun üstündəki üzümün ətrafına düzülüb dimdikləyirdilər. Arada quşlar üzüm gilələrini didişdirirdilər və onların səsi ətrafda xoş bir ahəng yaradırdı. Bu mənzərəni görən Rövşən donub yerindəcə qaldı. O, irəliyə bir-iki addım atıb quşları oradan uzaqlaşdırmaq istədi. Ancaq bacarmadı. Çünki quş balalarının məsum baxışları və xoş ahəngli səsləri onu irəli addımlamağa qoymadı. Rövşən bir az aralıda – yaşıl çəmənin üstündə oturub əlləri ilə dizlərini qucaqlayaraq quşlara baxırdı.
Birdən ana quş arxaya dönüb oğlana baxdı. Quş cəld dimdiyində üzüm giləsi tutaraq budaqdan-budağa qondu və yuvasına doğru uçdu. Onu yuvada gözləyən digər balalar anasının dimdiyindəki üzüm giləsini didişdirib yeməyə başladılar. Sonra ana quş qanadlarını açaraq yuvanın qarşısını tutdu. Sanki balalarını qorumaq üçün yuvanın qarşısına bir çəpər çəkdi. Balalar başlarını onun sinəsinə qoyaraq sakitcə dayanmışdılar. Ana quş xırda, qığılcımlı gözləri ilə yuvadan boylanaraq yaşıl çəməndə oturan oğlana baxırdı.
Bu baxışlar Rövşənə çox şey deyirdi. Ana quşun balalarına olan məhəbbəti Rövşəni çox təsirləndirirdi. Axı o, valideynlərini tez itirdiyi üçün bu isti məhəbbətdən uzaq düşmüşdü…
Bir neçə gün keçdi… Rövşən quşların cəh-cəhini eşitmədikdə bağda onların yuvaları olan istiqamətə getdi və gördüyü mənzərədən dəhşətə gəldi. Yuva dağılmışdı. Rövşən cəld evə qayıtdı, əhvalatı babasına danışdı. Kərim baba Rövşənə təskinlik verərək dedi:
– Narahat olma, bala, quşlar harda olsalar da, geri dönüb bizim sehrli bağa gələcəklər…
Günlər keçdi, quşlar qayıtmadı… Kərim baba xəstə olduğu üçün bağda çox görünmürdü. Rövşən babasının çarpayısının yanında əyləşib ona qayğı göstərirdi.
– Rövşən, mənə bir stəkan su ver, – Kərim baba dili tutular-tutulmaz dedi.
Rövşən cəld çarpayının yanındakı taxta stolun üstündə qoyulmuş içərisi su ilə dolu fincanı babasına uzatdı. Kərim baba titrək əlləri ilə fincanı tutdu, su ilə dodaqlarını yaşladı və yuxuya getdi.
Rövşən bağa getdi, sınmış və yerə tökülmüş quş yuvasının hissələrini topladı və gətirib evin pəncərəsinin qarşısına qoydu. Bir müddət sonra quşlar geri qayıtdı. Onlar pəncərənin qarşısında qatar kimi düzülərək içəri boylanırdılar.
Sonra Rövşən günlərlə çalışaraq quşlar üçün geniş bir qəfəs düzəltdi. Quşların qayıtması Rövşəni çox sevindirdi. Çünki bu bağda babasından sonra onun yaxın dostları quşlar idi. Rövşən onlara nəvaziş göstərməkdən zövq alırdı.
Kərim baba isə o gündən bəri bərk xəstələnmişdi və hələ də çarpayıda uzanırdı. O, quşların səsini eşidib çox sevindi və özündə güc tapıb pəncərəyə yaxınlaşdı. Quşların məsum baxışları Kərim babaya dikilmişdi. O həm çardağın üzərində sallanaraq göz oxşayan üzüm salxımlarına, həm də cəh-cəh vuran quşlara baxaraq dərindən bir ah çəkdi. Gözlərindən bir-iki damla yaş süzülüb yanağında donub qaldı.
Bu an Rövşən də pəncərəyə yaxınlaşdı və quşları böyük sevgi ilə yeni hazırladığı qəfəsə qoyub küçəyə çıxdı…
…Bu gündən quşlar qəfəsdən, Kərim baba isə həyatdan ayrıldı.
Həyatın hər çətinliyinə mətanətlə sinə gərən Rövşən isə ömrünü bu sehrli bağda keçirdi.
Müəllif: Günay ƏLİYEVA
GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru