Weather Data Source: havadurumuuzun.com

KƏRİM ŞÜKÜRLÜNÜN HEKAYƏSİ

 

İNTİHAR
(hekayə)

Yenə gözünə yuxu getmirdi. Beləcə, neçə gün idi ki, yata bilmirdi. Gecəni sübhə kimi o tərəf-bu tərəfə aşır, səhəri dirigözlü açırdı. Neçə vaxt idi ki, fikirləşməkdən üzülüb əldən düşmüşdü. Sevgisinə, sevdiyi qızdan – Səriyyədən müsbət cavab ala bilmirdi. Küçələrin xəlvəti yerində, Kürün sahilində, qız səhənglə su gətirməyə gedərkən saxlayır, dil tökür, eşqini min bir dillə izhar edir, qız isə daş atıb başını tutur, israrla onu sevmədiyini, sevə bilmədiyini, sevməyəcəyini açıqca bəyan edirdi.
Bütün bunlar xəyalında dolaşdıqca, Səriyyənin siması, ideallarında axtardığı qız obrazı canlandıqca başına sanki hava gəlir, gözlərinə mil çəkilir, yata bilmirdi.
Qəfil qorxunc bir fikir Yadigarın fikrini çulğadı: intihar etmək. Gedib özünü Kürə atıb bu sevdadan canını qurtarmaq qərarını verdi. Kəndləri çayın kənarında olduğundan uzun yol getməyəcəkdi.
Yerindən səssizcə durdu, geyinib otaqdan astaca çıxdı.
Ata-anasının, bacı-qardaşının eşitməməsi (kiçik qardaşı onunla bir otaqda yatırdı) üçün barmaqlarının ucu ilə yeriyirdi. Ayaqqabılarını geyinib səssizcə həyətə düşdü, taxta darvazanı açıb küçəyə çıxdı. Evlərindən sağa dönən kimi dar küçə düz Kürün sahilindəki bəndə sarı uzanırdı. Sağ və solda geniş həyətlər (aran rayonlarında həyətlər böyük olur) yerləşirdi. Gecə yarı olduğundan hamı yatmış, səs-səmir gəlmirdi. Arabir həyətlərdə itlər hürür, onlar da Yadigar səsini çıxarmadığı üçün səslərini tez kəsirdilər. İtlər səssiz rəqibdən (ələlxüsus gecə) qorxurlar. İtlərinin səsini arabir, yataqlarında da olsa eşidən sahibləri gecənin bu vədəsində çaqqala, tülküyə hürdüklərini zənn edib narahat olmurdular.
Həyətlərin yanından keçib kəndin kənarı ilə axan arxa (kanala) çatdı. Kiçik körpünün üstündən keçən kimi yol bəndin üstünə çıxırdı. Bu bəndi vaxtilə ata-babaları, nənələri-anaları min bir əziyyətlə kürəklərində torpaq daşıyıb qurmuşdular ki, çay daşanda kəndi yuyub aparmasın.
Yadigar körpünü keçib bəndin üstünə çıxdı. Ordan Kürün sahilindəki qayanın üstünə otuz-qırx addımlıq yol idi. Bənddən aşağı düşüb yulğun ağaclarının arası ilə gedən cığırla qayalığa yaxınlaşdı. Özünü bu qayalıqdan Kürə atacağına qərar vermişdi.
Gecə doğmuş ayın şüası Kürün lacivərd sularına düşüb qırçın ləpələrin üzərində bərq vururdu. Çayın o biri tayında uzanıb gedən Tuğay meşələrində oxuyan quşların səsi bu gözəlliyə gözəllik qatırdı. Arabir ulaşan canavarın, çaqqalın, tülkünün səsi insanda yaşamaq hissini qaynadırdı. Yay fəsli olduğundan suyun üstünə tullanıb ordan şappıltı ilə suya düşən balıqlar intihar etmək üçün qayanın kənarına yaxınlaşıb ordan suya tullanmaq qərarına gələn Yadigarın həyat eşqini bir daha artırdı. Bir anlıq dayanıb fikirləşməyə məcbur oldu. Axı, özünə qəsd etsə bir gözəl qızın, sevdiyinin naminə bütün bu gözəlliklərdən məhrum olacaqdı?! Bir də ki, Səriyyə onu sevmir, indi Yadigar burda intihar həddində olarkən o yatağında mışıl-mışıl yatır. Axı, bütün sevənlər qoşa yaranıb? Leyli və Məcnun, Əsli və Kərəm, Fərhad və Şirin, Bahadur və Sona, Romeo və Cülyetta və həyatda gördüyü, tanıdığı, görüb-tanımadığı milyonlarla sevənlər…
“Məni sevməyənin sevgisini mən ürəyimdə “qətlə” yetirməliyəm. Özünəqəsd Allah tərəfindən də qəbul olunmur” – düşündü.
Bütün bunları fikirləşən Yadigarın qəlbində, sanki bir təbəddülat baş verdi, ürəyində bir yüngüllük yarandı. Qayadan geri çəkildi. Ordan cüma-cuma çayın qumlarla dolu yastı sahilinə endi. Paltarını qumların üstündə soyunub ayın parlaq işığında insanda yaşamaq, bu həyatdan zövq almaq eşqini gücləndirən suya baş vurdu. Bir xeyli o tərəf-bu tərəfə üzdü. Canına yayılan sərinlik düşüncələrini bir qədər də aydınlaşdırdı, onu sadəlövh düşüncələrdən, mənasız yerə bu gözəl dünyadan ayrılmaq fikrindən tamamilə daşındırdı.
Mənası olmayan sevgini bu sulara qərq etdiyi qərarına gəldi.
Sudan çıxıb paltarını geyindi, endiyi cığırla qayanın üstünə qalxdı.
Yadigar gəldiyi yolla evlərinə qayıtdı. İndi daha ehtiyat etmədən gedirdi. Evdəkilər duyuq düşüb hardan gəldiyini soruşsaydılar havasını dəyişmək üçün bəndin üstünə çıxdığını deyəcəkdi.
Yataq otağına girdi. Ağ mələfəni üstünə çəkdi. Mənəvi cəhətdən çox rahatlandığından və neçə gündür yata bilmədiyindən dərhal dərin yuxuya getdi.

Top