Weather Data Source: havadurumuuzun.com

Model və Tanqoçu Şəhla Babayeva ilə müsahibə

Model və Tanqoçu Şəhla BABAYEVA 

Model və Tanqoçu Şəhla Babayeva ilə müsahibə

Müsahibimiiz “Nefertiti.accessories” brendinin yaradıcısı Şəhla Babayevadır. Şəhla xanım artıq beş ildən artıqdır ki, qardaş Türkiyənin İstanbul şəhərində yaşayıb çalışır. Əczaçılıq üzrə təhsil alsa da, xüsusi bacarıq və qabiliyyətləri onu müxtəlif peşə istiqamətlərində də özünü sınamağa imkan verir. Müsahibimiz ilk dəfə cürbəcür rəngli muncuqlardan, parça və lentlərdən və s istifadə etməklə göz oxşayan, maraqlı qadın bəzək əşyaları, gəlin tac və fataları, saç aksesuarları  hazırlamaqla başladığı işi ilə “Nefertiti accessories” adlı brendini yaratmışdı. Bununla yetərincə tanınan bu işgüzar xanım, yeni işlərə də tükənməz həvəs və enerji ilə başlayır. Söz düşəndə də çoxumuzun eşitdiyi bir frazanı tərkar edib deyir ki, İstanbul bahalı şəhərdir, burda yaşayıb özünü və ailənin maddi tələbatını ödəmək üçün bəzən bir neçə işin qulpundan yapışmalı olursan…

Şəhla xanımın Bakıda olduğunu biləndə onunla söhbətləşmək, ilk görüşümüzdən bəri həyatında və işlərində hansı yeniliklrin olduğunu öyrənmək qərarına gəldik.

1. Şəhla xanım, vətəndə sizi yenidən xoş gördük. Necəsiniz, işləriniz necədir? Adətən hər insanın doğulduğu, böyüdüyü yer ona vətəndir, hara getsə yenə torpaq çəkir. Bəs sizə hazırda yaşadığınız şəhər qərib sayılırmı?

Hörmətli Zaur bəy, əvvəlcə sizi və kollektivinizi salamlayıram. Sizə müsahibə üçün təşəkkürümü bildirirəm. Mən yaxşıyam, işləyirəm, oğlum artıq beşinci sinifdə oxuyur. Düzdür onun xüsusi diqqət və qayğıya ehtiyacı olduğundan bəzən ardıcıl çalışa bilmirəm. Amma uzun müddətli fasilələrim olmur. Bilirsiniz ki, oğlum” Uşaq autizmi”ndən əziyyət çəkir, elə gəlişimin bir məqsədi də onun pensiya qeydiyyatının təzələnməsi ilə bağlıdır.

Qaldı ki, yaşadığım ölkənin və əsas da şəhərin doğma ya qərib olmasıyla bağlı sualınıza, deyim ki, əvvəllər çətin olur əlbəttə. Dilimiz nə qədər yaxın görünsə də fərqli tərəfləri də çoxdur. Odur ki, dili öyrənmək vacibdir, həm də başlanğıcda sanki komfort adlanan zonadan çıxırsan, hər gün adət etdiyin rahatlıq və eynilik artıq yoxdur. Darıxırsan, bəzən lap peşmanlıq da keçirirsən, elə adamlar tanıyıram, heç bir ay dözə bilməyib geri qayıdıb. Halbuki əlində daşdan keçən diplomu,  ehtiyac olan ixtisası vardı, dövlət işi də öz yerində… Mənim bu barədə bəxtim gətirib(gülümsəyir).

2. Məncə bacınız sizdən əvvəl köçüb İstanbula, onun işi necədi, yəqin ki, həyatınızın bu dönəmində onun da əməyi olub.

Bəli, bacım Vüsal artıq on ildir İstanbulda yaşayır, ingilis dili üzrə mütəxəssis, peşəkar tərcüməçidir. Magistr təhsilini İstanbul Aydın Universitetində alıb, uşaqlıq arzusu idi ingilis dili tərcüməçisi olmaq, niyyətin hara mənzilin ora deyiblər. İşləmək və yaşamaq üçün də seçimi İstanbul olub. İxtisasına sadiq qalıb və işini də bu istiqamətdə qurub. Allaha şükür, işləri qaydasındadır. Əlbəttə, yaşayış yerimizin dəyişməsində və elə indi də bacımın üstümüzdə böyük əməyi var və bu  danılmazdır. Ona təşəkkürlərim sonsuzdur, onsuz bəlkə də mən bu addımı ata bilməzdim. Dediyiniz kimi, qərib şəhər, fərqli insanlar…

3. Şəhla xanım, sənətiniz, işinizlə bağlı bəzi məqamları bilirik, amma insanın özünə də açılmayan möcüzəli tərəfləri var, bəzən heç gözləmədiyi zamanda güman etmədiyi hadisələr baş verir. Yenə əl işləri ilə məşğul olursunuzmu, ümumiyyətlə orada necədi, bu aksesuarlara nə dərəcədə təlabat var? Axı indi belə bəzək əşyalar satılan mağazalar da, elə bu işi görən adamlar da çoxdu?

Doğru deyirsiniz, mən bu işə başlayan ilklərdən idim. Təlabat da çox idi, çox işi internet üzərindən həll edirdim, xüsusən də satış məsələsini. Sonra digər sahələr kimi, burda da necə deyərlər “tünlük” yarandı. Məncə hər şeyin bir vaxtı olur, biri nəsə yaradır, çoxları bundan bəhrələnir və nəticədə rəqabət artır… Alternativ nəsə mütləq olmalıdı. O işi də davam etdirməklə yeni bir işə “bismillah” demişəm, inşallah yaxşı olar.  

4. Belə başa düşdüm ki, yeni bir sahədə çalışmağı planlayırsınız, bəri başdan uğurlar arzulayıram, və bilmək olarmı o nə işdir?

Niyə olmur, başlamaq istədiyim iş də geniş yayılmış bir işdir, elə Türkiyədə də, Azərbaycanda da işləyənlər kifayət qədərdi. Amma mən risk elədim, öyrənib sertifikat da aldım, indi qalır Allahın köməyilə başlamaq…

5. Sizin həmişə yeni, fərqli bir hobbinizin olduğunu bilirəm, sanki höbbi özü də bir hobbidir sizin üçün. İndi bilmədiyimiz hansı tərəfinizlə heyrətləndirəcəksiniz bizi?

(gülür), Zaur bəy, məndən asılı deyil, mən oğlaq bürcüyəm, daim axtarışdayam,  yeni nəsə tapanda və ya yaradanda sevinirəm. Başıma çoxlu ideya və fikirlər gəlir, bəzən onları reallaşdırmaq çətin olur təəssüf ki. Mənim əvvəldən rəqsə həvəsim vardı. Bu maraq məni tanqoçu etdi deyərdim. Artıq üç ildir Tanqo dərsləri alıram, buna sevgi rəqsi də deyirlər, tərəf müqabilin düşüncələrini hiss etmədən oynamaq çətindir. Rəqsin canı, ruhu ruhuma çox yaxındır, artıq bu sahədə demək olar ki, mütəxəssis dərəcəsindəyəm. Rəqsin adı latınca toxunmaq mənası verən “tangere” sözündən götürüldüyü ehtimal edilir. Tanqo Montevideo və Buenos Ayresin kasıb məhəllələrində yaranıb ilk dəfə və sonra dünya rəqs inciləri sırasına yüksəlib. İnsanlar bu rəqslə öz daxili hiss və yalnızlıqlarını, sözlə ifadə edə bilmədikləri sevgi və kədəri ifadə edirdilər.

Burda Tanqo rəqs gecələri təşkil olunur, deyəsən elə Bakıda da yaratmağa başlayıblar . Bu gün Tanqo mənim üçün vaz keçilməzə dönüb, çox sevirəm, bu rəqsin öz dili var… Gələcəkdə inşallah qismət olsa Tanqo məktəbi açmağı da düşünürəöm. Əlbəttə bu bir ideyadır, görək…

6. Şəhla xanım sonda sizə səmimi söhbət üçün təşəkkür edirik. Sizə möhkəm can sağlığı və başladığınız işləri uğurla davam etdirmək üçün ruh yüksəkliyi, səbir, təmkin və güclü iradə arzulayırıq.

Sizə minnətdaram, isti münasibət, diqqət və əhatəli suallarınız üçün təşəkkür edirəm. Mən də sizə can sağlığı və işlərinizdə uğurlar dilyirəm.

Şəhla BABAYEVA – “Nefertiti”ni təqdim edir.

-Biz təşəkkür edirik! YAZARLAR adından bolluca uğur arzulayırıq!

Söhbətləşdi: Zaur USTAC

ŞƏHLA BABAYEVA HAQQINDA

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top