Təranə Dəmir yazır

Çox özündənrazı,kibrli,eqoist yeni nəsil formalaşıb(yaxşılardan iraq).İnternet duyğularının əsiri olan bu gənclər durmadan keçmişə daş atır,lazım oldu,olmadı kökü baltalamağa cəhd edirlər.İçlərindəki və ruhlarındakı boşluğu və yetərsizliyi sanki bununla ovundurmağa çalışan bu gənclər(təkrar edirəm,yaxşılardan iraq)yaşlı və orta nəsildən nə istəyir? Bəlkə də özləri də nə istədiklərini bilmir.Günlərinin çoxunu klaviatura arxasında keçirən bu gənclər kitablarla ünsiyyət qurmaqdan çəkinir,dünyadan,ətraf mühitdən zövq almır.Onlarda hər şeydə və hər kəsdə qüsur axtarmaq vərdişi formalaşıb.İddiaları istedadlarından və Sözündən böyük olan bu gənclər bəlkə də bununla cəmiyyətdən qisas almağa çalışır.Bəlkə də bu da bir özünüreklamdı? Amma hər nədisə,onların bu yanaşmasında yaxşı heç nə yoxdu.Özünü qüsursuz və ideal saymaq,bunu təkrar-təkrar cəmiyyətin gözünə soxmaq onların psixoloji durumlarının sıfırdan aşağı olduğundan xəbər verir.Keçmişə od püskürmək,yeri gəldi,gəlmədi mənasız atmacalar atmaq sadəcə öz uğursuzluğunu qəbul etməməkdi və ya edə bilməməkdi.Əlbəttə tənqid də olar,hadisələrə və yazılanlara vətəndaş mövqeyi də lazımdı.Ancaq bunu qərəz və təhqir səviyyəsində ifadə etmək tərbiyəsizlikdən başqa bir şey deyil.Son vaxtlar gənclər arasında,əsasən də adını ədəbiyyatçı qoyanlar arasında belə hallara tez-tez rast gəlirik.Yerindən duran təhlilçidi.Amma ibtidai sinif səviyyəsindən yuxarı qalxmayan bu təhlillər yalnız ürək bulandırır .Axı savadlı oxucu bu yazıların nə qədər bəsit və qərəz xarakterli olduğunu çox gözəl anlayır.Özlərini çoxbilmiş hesab edənlər əslində,heç nə bilmir.Bu qərəzin arxasında dayanan amillərdən birincisi və ən əsası məhz elə heç nə bilməməkdi əslində.Modern adı ilə baş-ayaq cümlələri cəmiyyətə ədəbi nümunə adıyla sırımağın sonu peşmançılıqdı.Bu yazıların ciddi ədəbiyyatla heç bur əlaqəsi yoxdu,bu yazıların heç biri ədəbiyyat faktoru deyil və hamısı ölü doğulub.Gələcəkdə bu yazıların izi-tozu da qalmayacaq.Yaxşı olar ki,gənclər qərəzli mövqe sərgiləməkdənsə,kitab oxusunlar və hər şeyə işıqlı tərəfdən baxsınlar.Öyrənmək və islah olmaqsa heç vaxt gec deyil.


