Weather Data Source: havadurumuuzun.com

ANA DİLİNİ ANA KİMİ SEVƏN ŞAİR ANA DİLİ GÜNÜNDƏ ƏBƏDİYYƏTƏ QOVUŞDU…

ANA DİLİNİ ANA KİMİ SEVƏN ŞAİR ANA DİLİ GÜNÜNDƏ ƏBƏDİYYƏTƏ QOVUŞDU…

Bəzən elə insanlar olur ki, onların yoxluğu təkcə bir ailənin, bir dost çevrəsinin deyil, bütöv bir xalqın ürəyində boşluq yaradır. Bu gün Azərbaycan ədəbiyyatı belə bir itkini yaşayır. Xalq şairi Nəriman Həsənzadənin vəfat xəbəri məni dərindən sarsıtdı. Elə bil ömrümün işıqlı bir səhifəsi səssizcə qapandı…
Nəriman müəllimlə ilk tanışlığım 1997-ci ildə nəşriyyatda olmuşdu. İlk görüşdən onun sadəliyi, təvazökarlığı, sakit danışığı, insanlara sonsuz hörmət və məhəbbətlə yanaşması məni valeh etmişdi. O, böyük şair olmaqdan əvvəl böyük insan idi. Onun yanında heç kim özünü yad hiss etmirdi. Hər kəsə diqqətlə qulaq asar, hər kəsin sözünə dəyər verərdi.
Yaradıcılığıma göstərdiyi qayğını ömrüm boyu minnətdarlıqla xatırlayacağam. “Ürəyin sevgi işığı”, “Qar altındakı xatirələr” və “İşıqlı arzular toplusu” kitablarıma böyük sevgi ilə ön söz yazdı. Onun qələmi ilə yazılmış həmin sətirlər mənim üçün sadəcə ön söz deyil, bir ustadın xeyir-duası, yaradıcılığıma verilən ən qiymətli qiymət idi.
Ömrümün unudulmaz hadisələrindən biri də 60 illik yubileyim münasibətilə SOCAR tərəfindən mənə həsr olunmuş kitabın hazırlanması oldu. Həmin kitab üçün Nəriman müəllimdən də müsahibə alınmışdı. O, “Çağdaş nəsrin bədii imkanları” başlıqlı yazısında yaradıcılığıma verdiyi dəyərli fikirləri ilə mənə böyük mənəvi dəstək olmuşdu. Böyük sənətkarın səmimi sözləri mənim üçün hər zaman ən qiymətli mükafatlardan biri olaraq qalacaq.
Son görüşümüz isə ürəyimdə silinməz iz buraxdı. Bir gün Ağa ilə birlikdə onu ziyarət etdik. Artıq xəstə idi. Amma yenə də çöhrəsində nur, baxışlarında müdriklik vardı. Söhbət edirdi, dinləyirdi… Lakin gözlərinin dərinliyində qəribə bir sükut hiss olunurdu. Elə bil ruhu bu fani dünyadan asta-asta ayrılmağa hazırlaşırdı. O görüşdən ayrılarkən ürəyim sıxılmışdı. Daxilimdə izah edə bilmədiyim bir hiss vardı. Bu gün anlayıram ki, həmin hiss böyük bir ayrılığın xəbərçisi imiş.

Tale də qəribə yazılır… Ömrünü Azərbaycan sözünə, ana dilimizin saflığına, zənginliyinə və milli ruhunun yaşamasına həsr etmiş böyük söz ustadının məhz 1 Avqust Azərbaycan Əlifbası və Ana Dili Günündə Haqqın rəhmətinə qovuşması insanı daha da kövrəldir. Bu, sanki ilahi bir rəmzdir. Ana dilinin keşiyində ömür sürən bir şair elə Ana Dili Günündə əbədiyyətə qovuşdu. Bundan sonra 1 Avqust mənim üçün təkcə Ana Dili Günü deyil, həm də böyük ustad Nəriman Həsənzadəni hüznlə xatırlayacağım bir tarix olacaq.
Nəriman Həsənzadə Azərbaycan poeziyasının uca zirvələrindən biri idi. O, sözə sədaqəti, Vətən sevgisi, insanlıq duyğusu və mənəvi bütövlüyü ilə bütöv bir məktəb yaratdı. Onun misraları neçə-neçə nəslin yaddaşına hopdu, qəlbinə yol tapdı.
Bu gün ustadın cismani yoxluğu hamımızı kədərləndirir. Amma belə insanlar əslində dünyadan getmirlər. Onlar yazdıqları əsərlərdə, yetişdirdikləri qələm sahiblərində, toxunduqları ürəklərdə yaşamağa davam edirlər.

Əziz Nəriman müəllim…

Sizin nəcibliyiniz, xeyirxahlığınız, mənə göstərdiyiniz diqqət və qayğı heç vaxt unudulmayacaq. Mən bu gün yalnız böyük bir şairlə deyil, həm də mənəvi dayaq olmuş gözəl bir insanla vidalaşıram.
Allah sizə rəhmət eləsin. Məkanınız cənnət, ruhunuz şad olsun.
Sözünüz yaşayacaq…
Adınız yaşayacaq…
Sizi tanıyanların qəlbində isə xatirəniz əbədi yaşayacaq.
Dərin hüznlə və ehtiramla:

Sona Abbasəliqızı İsmayılova
Tarixi roman yazarı

Top