Weather Data Source: havadurumuuzun.com

22 İyul Milli Mətbuat Günü Bəyannamə və Təşəkkür Məktubu

22 İyul Milli Mətbuat Günü
Bəyannamə və Təşəkkür Məktubu

Əziz dostlar, dəyərli həmkarlar və sözün keşiyində dayanan mətbuat fədailəri!
1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. “Əkinçi” təkcə bir qəzet deyil, xalqımızın milli oyanışının, maariflənməsinin, azad düşüncəsinin və həqiqətə aparan yolunun ilk işığı idi.
Bu gün böyük qürur hissi ilə Azərbaycan milli mətbuatının 151-ci ildönümünü qeyd edirik. Bir əsrdən artıq davam edən bu şərəfli yol, sözə sədaqətin, həqiqət uğrunda mübarizənin, Vətənə və xalqa xidmətin parlaq salnaməsidir.
Mən də uzun illərdir ki, qələmimi xalqımızın milli-mənəvi dəyərlərinin, tariximizin, mədəniyyətimizin və Türk dünyasının birliyinin təbliğinə həsr etmişəm. Mənim üçün jurnalistika sadəcə peşə deyil, vicdanın, məsuliyyətin və Vətən sevgisinin ifadəsidir.
Fəaliyyətim ərzində
“Kaya Haber” Agentliyinin Azərbaycan nümayəndəsi kimi Türk dünyasının ortaq sözünü və həqiqətlərini dünyaya çatdırmağa,
Türkiyə, İraq Türkman və Dərbənd Jurnalistlər Birliklərinin fəal üzvü olaraq ölkələrimiz arasında informasiya və mədəniyyət körpülərinin möhkəmlənməsinə,
Milli və beynəlxalq media platformalarında Azərbaycanın haqq səsinin ucaldılmasına və milli mətbuatımızın nüfuzunun artırılmasına xidmət etməyə çalışmışam.
Uzun illər çox sayda qəzetlərdə baş redaktor vəzifəsində çalışmışam. Azərbaycan milli mətbuatının 151-ci ildönümü ərəfəsində uzunillik fəaliyyətimin Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Fəxri Diplomla təltif olunması mənim üçün böyük şərəf, qürur və eyni zamanda daha böyük məsuliyyətdir.
Bu yüksək qiymətə və göstərilən etimada görə Azərbaycan Jurnalistlər Birliyinin sədri, hörmətli Elçin Şıxlıya dərin minnətdarlığımı bildirirəm.
Bu mükafatı yalnız özümə deyil, ömrünü sözə, qələmə və həqiqətə həsr etmiş bütün jurnalistlərin əməyinə verilən dəyərin ifadəsi kimi qəbul edirəm.
İnanıram ki, “Əkinçi”dən başlanan müqəddəs yol bundan sonra da milli mətbuatımızı daha böyük uğurlara aparacaq. Qələmimiz daim haqqın, həqiqətin, dövlətimizin, xalqımızın və Türk dünyasının birliyinin keşiyində dayanacaq!
22 İyul Milli Mətbuat Günü münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni nailiyyətlər və qələminizin daim həqiqətin işığında yazmasını arzulayıram.
Yaşasın Azərbaycan milli mətbuatı! Yaşasın sözün gücü və həqiqətin səsi!

Hörmətlə:
Sona Abbasəliqızı İsmayılova
Prezident mükafatçısı
Yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Kaya Haber” Agentliyinin Azərbaycan nümayəndəsi

Top