Arzumu günəşin telinə sardım…

- Arzumu günəşin telinə sardım…
Uşaq olanda yadımdadır ki, hər səhər pəncərədən boylanan günəşin üfüqlərinin sığalı ilə oyanardıq. Günəş öz oyanışı ilə yer üzünə, evlərə, ocaqlara nurunu ələyər, sanki hər evin qapısını döyərək ruzini, sevgini, sevinci, bərəkəti və hüzuru paylayardı. O zaman pəncərələr yalnız evlərin divarında açılan bir boşluq deyildi. Onlar insan ruhunun göylə danışdığı, ümidin evə daxil olduğu müqəddəs keçid idi.
O səhərlər daha fərqli idi… İnsanlar günəşlə birlikdə oyanar, torpağa salam verər, ağacların yarpaqlarındakı şeh damcılarında həyatın möcüzəsini görərdilər. Çörəyin ətri, samovarın buxarı, quşların səsi və günəşin ilıq nəfəsi bir-birini tamamlayardı. O vaxt xoşbəxtlik böyük sərvətlərdə deyil, pəncərədən içəri süzülən bir ovuc işıqda gizlənirdi.
Bəs nə dəyişdi?
Nədən indi insanlar əvvəlcə pəncərələrin qarşısına hündür divarlar çəkdilər, sonra isə öz qəlblərinin qarşısına? Nədən günəşin qarşısını yalnız beton binalar deyil, kin, tamah, laqeydlik və tükənməyən ehtiraslar da kəsməyə başladı?
Əslində günəş hələ də hər səhər doğur. O, heç vaxt nurunu əsirgəmir. Dəyişən günəş deyil, onu qarşılayan insanın baxışıdır. Bir vaxtlar nur axtaran gözlər indi ekranların işığında yorulur. Bir vaxtlar üfüqə baxan insanlar indi yalnız divarlara baxırlar. Pəncərələr böyüsə də, baxışlarımız kiçilib.
Tarix boyu sivilizasiyalar günəşi həyatın, ədalətin və dirçəlişin rəmzi saymışlar. Əkinçi onun doğuşuna görə toxum səpər, səyyah onun işığı ilə yol tapar, şair isə ilhamını onun şəfəqlərində axtarardı. Günəş heç vaxt yalnız bir göy cismi olmayıb. O, insan vicdanının da simvolu idi. Vicdan işıq saçanda cəmiyyət də nurlanırdı.
Bu gün isə pəncərələrin önünü yalnız binalar tutmur. İnsan ruhunu bürüyən mənəvi qaranlıqlar da günəşin yolunu kəsir. Paxıllıq sevginin, nifrət mərhəmətin, tamah isə bərəkətin qarşısında divara çevrilir. Ən təhlükəli qaranlıq isə gecənin qaranlığı deyil, işığın içində yaşayıb nuru görə bilməyən insanın qaranlığıdır.
Bəlkə də bu gün yenidən günəşi deyil, özümüzü axtarmağın vaxtıdır. Çünki pəncərələrin qarşısındakı divarları memarlar tikir, qəlblərin qarşısındakı divarları isə biz öz əllərimizlə hörürük. O divarlar sökülmədikcə, ən parlaq günəş belə evlərimizi isidə bilməyəcək.
Kaş yenə uşaqlığımızdakı kimi bir səhər açılaydı… Pəncərələri deyil, qəlbləri açaydıq. Günəş yenə evlərimizə deyil, əvvəlcə vicdanımıza doğaydı. Onda bəlkə də insanlar bir-birinin üzünə daha çox təbəssüm edər, bir-birinin yükünü yüngülləşdirər, dünyanı dəyişməyə öz qəlbindən başlayardı.
Çünki günəş heç vaxt bizdən üz döndərməyib. Bəlkə də üzümüzü işıqdan çevirən biz olmuşuq.
(Davamı var)
Müəllif hüquqları qorunur.
Pərvanə Salmanqızı
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının rəhbəri, “Zəfər Yolu “İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi.Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü.


