Weather Data Source: havadurumuuzun.com

Sevirəm yurdumun hər nemətini, nər igidlərini, xatun qızını…

Sevirəm yurdumun hər nemətini, nər igidlərini, xatun qızını…

Vətən yalnız üzərində yaşadığımız torpaq deyil. Vətən insanın nəfəsində, qəlbində, yaddaşında, dilində, adət-ənənəsində yaşayan müqəddəs bir varlıqdır. Onun hər qarışı tarix danışır, hər daşı bir qəhrəmanın ayaq izini qoruyur, hər bulağı saf niyyətlərin aynasına çevrilir. Bu torpağın yetirdiyi hər nemət Allahın xalqımıza bəxş etdiyi ilahi bir lütfdür.

Sevirəm yurdumun hər nemətini…

Çünki bu nemətlər təkcə süfrəmizi bərəkətlə doldurmur, həm də ruhumuzu zənginləşdirir. Dağlarının əzəməti bizə məğrurluğu, çaylarının axarı həyatın davamlılığını, meşələrinin pıçıltısı isə təbiətlə insan arasındakı əbədi vəhdəti öyrədir. Azərbaycanın hər bölgəsi öz rəngi, öz nəfəsi, öz gözəlliyi ilə bütöv bir Vətən tablosunun ayrılmaz parçasıdır.

Sevirəm yurdumun nər igidlərini…

Çünki bu torpaq əsrlər boyu mərd, qorxmaz, Vətən sevgisini canından üstün tutan oğullar yetişdirib. Onlar yalnız silahla deyil, vicdanları, mərdlikləri və ləyaqətləri ilə tarix yazıblar. Şəhidlərimizin müqəddəs qanı bu torpağı daha da əziz edib, qazilərimizin şücaəti isə gələcək nəsillərə əbədi örnək olub. Onların hər biri Azərbaycan adını ucaldan canlı dastandır.

Sevirəm yurdumun xatun qızını…

Çünki Azərbaycan qadını ailənin nuru, cəmiyyətin vicdanı, millətin mənəvi dayağıdır. O, həm ana laylasında Vətən sevgisini övladının ruhuna hopdurur, həm müəllim kimi elm öyrədir, həm də lazım gəldikdə Vətən yolunda fədakarlığın ən ali nümunəsini göstərir. Onun isməti, mərifəti, zəkası və mərhəməti xalqımızın mənəvi sərvətidir.

Bu xalqın gücü yalnız keçmişinin şanlı səhifələrində deyil, bu gün də öz kökünə, milli-mənəvi dəyərlərinə sahib çıxan insanlarında yaşayır. Bir milləti yaşadan sərvət təkcə yeraltı və yerüstü nemətlər deyil; onu yaşadan birlik, mərdlik, xeyirxahlıq, elm və Vətən sevgisidir.

Bizə miras qalan bu müqəddəs yurdu qorumaq, onu daha da inkişaf etdirmək hər birimizin mənəvi borcudur. Çünki gələcək nəsillər bizdən yalnız abad şəhərlər deyil, həm də bütöv tarix, zəngin mədəniyyət və sarsılmaz Vətən sevgisi miras almalıdır.

Vətən sevgisi dillə deyil, əməllə sübut olunur. Yurdunu sevən insan onun daşını da əziz bilir, insanını da, bayrağını da, şəhidini də, gələcəyini də. Elə buna görə də ürəyim hər zaman eyni duyğunu pıçıldayır:

Sevirəm yurdumun hər nemətini, nər igidlərini, xatun qızını… Çünki bu sevgi ömür boyu sönməyən bir ocaq, nəsildən-nəslə ötürülən müqəddəs bir əmanətdir.

Davamı var.

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist

Top