Weather Data Source: havadurumuuzun.com

MİLLİ RUHDAN TURAN MƏFKURƏSİNƏ: NİCAT ƏRTÜRK YARADICILIĞI HÜSEYN CAVİD ƏNƏNƏLƏRİ KONTEKSTİNDƏ

MİLLİ RUHDAN TURAN MƏFKURƏSİNƏ: NİCAT ƏRTÜRK YARADICILIĞI HÜSEYN CAVİD ƏNƏNƏLƏRİ KONTEKSTİNDƏ

Bu yaxınlarda internet resurslarında “Səsləyir Zəngəzur, Qarabağ bizi” (Bakı: “Elm və təhsil” nəşriyyatı, 2016), “Zirvələrin fatehi” (Bakı: “Elm və təhsil” nəşriyyatı, 2018), “Ana həsrəti” (Bakı: “Elm və təhsil” nəşriyyatı, 2026) kitablarının müəllifi Nicat Ərtürkün (Qasımzadənin) Turan Yazarlar Birliyi tərəfindən “Hüseyn Cavid” mükafatına layiq görüldüyü barədə məlumat yayıldı.
Turan Yazarlar Birliyinin sədri Niftalı Göyçəli (Niftalı Yusifov) özünün Facebook səhifəsində bu münasibətlə belə bir paylaşım etmişdir: “Bədii yaradıcılığında Hüseyn Cavid yolunu davam etdirən istedadlı şair… Nicat Ərtürk… Uğurlar!”
İlk baxışda qısa görünən bu fikir əslində çox dərin məna daşıyır. Çünki “Bədii yaradıcılığında Hüseyn Cavid yolunu davam etdirən istedadlı şair…” ifadəsi təkcə bir təbrik deyil, həm də böyük ədəbi məsuliyyət və yüksək yaradıcılıq meyarının ifadəsidir. Bu cür qiymətləndirmə müəllifin bədii-estetik düşüncəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və sənət idealının Hüseyn Cavid irsi ilə səsləşdiyini göstərən əhəmiyyətli bir dəyərləndirmədir.
Hər bir oxucuya yaxşı məlumdur ki, Hüseyn Cavid Azərbaycan məktəb və pedaqoji fikir tarixinin və eləcə də ictimai-fəlsəfi fikir tarixinin ən görkəmli simalarından biridir. O, zəngin bədii irsi, yüksək humanist idealları, milli-mənəvi dəyərlərə sədaqəti və bütöv şəxsiyyəti ilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, eləcə də pedaqoji fikir tarixində silinməz iz qoymuşdur.
Ulu öndər Heydər Əliyev Hüseyn Cavid irsini yüksək qiymətləndirərək demişdir: Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur.
Nicat Ərtürkün bədii yaradıcılığına nəzər saldıqda aydın olur ki, o da qələmi əlinə aldığı ilk gündən Azərbaycan xalqının milli azadlıq ideyalarını, müstəqillik ruhunu və Vətən sevgisini tərənnüm etmişdir. Bunun bariz nümunələrindən biri də “Səsləyir Zəngəzur, Qarabağ bizi” adlı kitabıdır. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının təxminən 20 faizinin üzdəniraq erməni işğalçıları tərəfindən işğal edilməsi, doğma yurdlarından didərgin salınan insanların faciəsi və Qarabağ həsrəti gənc şairin yaradıcılığında (“Azərbaycanım”, “Sədərək”, “Sədərəyim”, “Oyan türküm”, “Bütöv Azərbaycan”, “Təbrizim” və sair şeirlərdə) sağalmaz bir yara kimi öz dərin bədii ifadəsini tapmışdır. Onun şeirlərində bu ağrı yalnız kədər və nisgil kimi deyil, həm də turançılığa bağlılığın, milli həmrəyliyin və tarixi ədalətə inamın poetik ifadəsi kimi təqdim olunur.
Vaxtilə pedaqoq və maarifçi şair Hüseyn Cavid “Qoca bir türkün vəsiyyəti” adlı şeirində yazırdı:
Yavrularım! Ey ömrümü şənləndirən, güldürən,
Alnı açıq oğullarım, gözəl, yosma qızlarım,
Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən,
Ömrüm vəfa etməz bana, bəlkə pək az yaşarım.

Artıq bana dar gəliyor həp şu əngin üfüqlər,
Sanki ruhum qanatlanıb şimdi pərran olacaq.
Qarşımızda yanğın kibi görünən al şəfəqlər,
Ehtimal ki, yarınki gün bəni sönmüş bulacaq.

Əcəl güclü, bən gücsüzüm, kimsə ondan qurtulmaz,
Toplaşınız, vardır sizə bir qaç sözüm, dinləyin.
Getməliyim, vəsiyyətsiz ölsəm ruhum şad olmaz,
Qulaq verin sözlərimə, birər-birər bəlləyin.

İlk istəyim: hiç bir zaman sevgidən əl çəkməyin,
İnsan oğlu sevgi için yaratılmış, doğmuşdur.
Yer yüzünü qardaş bilin, insan qanı dökməyin,
Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur.

Kimsəyə kin bağlamıyın, yigit olun, mərd olun,
Vicdanınız elmas kibi nur saçaraq parlasın.
Qonum-qomşu, yaqın-uzaq hər kəslə həmdərd olun,
Qırıq gönülləri yapın, bıraqmıyın sızlasın.

Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın,
Tanrı haqdır, haqqı sevər, ədalətdən xoşlanır.
Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın,
Öz haqqını bilməyənlər ən sonunda daşlanır.

Arslan kibi cəsur olun, fəqət haqsız çıqmayın,
Haqsızlığa qarşı qoyun, bıraqmayın şımarsın.
Zalımları, cəlladları çeynəyin, hiç qorqmayın,
Türk milləti, görülməmiş, boyun büksün, yalvarsın.

Baq! Şu yanda gülümsüyən yeni doğmuş ay nədir?
Şəfəqlərin doğurduğu bir qızdır ki, hər yerdə
Türk adını еlan için bir səmavi aynədir,
İştə! Bizim tariximiz… həm yerdə, həm göylərdə.

Ey sevgili quzularım! Sizdən bən ayrılırkən,
Bəndən sizə son vəsiyyət: hərgiz məhzun olmayın.
Vicdanımla, namusumla yaşar, haqqı bilirkən,
Güclükmü var himmətinə qavuşmaqda Tanrının!?

Namus, vicdan insanlarda iki böyük qanatdır,
Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.
Namus, vicdan bizlər için daimi bir həyatdır,
Türk eli həp o hiss için doğmuş, onunla yaşar.

Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tarixiniz baş ucundan hərgiz əskik olmasın.
“Altay” dağı, “Makan” çölü, həm də “Yasın” ovası”
Birər aydın səhifədir, hər türk gərək anlasın.

Südü təmiz, əsil oğul bilməzmi ki, əcdadı
Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər.
Bilməli ki, tez məhv edər zaman nankor evladı,
Öz nəslini unutanlar çoqdan sönüb getmişlər.

Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz.
Baqın, görün tarixiniz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.

Mərd atalar yigitlikdə nam almamış yalınız,
Ta əskidən onlarda var elm, hikmət həvəsi.
Günəş kibi tarixləri parlatıyor, baqsanız,
Səmərqəndin darülfünunları, rəsədxanəsi.

Əvət, arslan yavrularım! Türk eli həp şanlıdır,
Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın.
Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır…
Arş iləri!
Qomşular yol aldı, geri qalmayın!
Hüseyn Cavid yaradıcılığında insanı, vətəni, azadlığı və milli-mənəvi dəyərləri daim ön plana çəkmişdir. Onun “Qoca bir türkün vəsiyyəti” şeiri ideya-bədii xüsusiyyətlərinə görə yalnız poetik əsər deyil, həm də gələcək nəsillərə ünvanlanmış mənəvi və fəlsəfi bir vəsiyyətnamə təsiri bağışlayır. Əsərdə müəllif ömrünün son məqamlarını yaşayan müdrik bir türk obrazı vasitəsilə xalqının gələcəyini düşündürən ən mühüm məsələləri bədii dillə ifadə etmişdir.
Şeirin əsas ideya xəttini insanpərvərlik, milli kimlik, vətən sevgisi, haqq-ədalət və elmə bağlılıq təşkil edir. Müəllif vəsiyyətinə sevgidən başlayır və insanın yaradılış qayəsini məhz sevgidə görür:
“İlk istəyim: hiç bir zaman sevgidən əl çəkməyin,İnsan oğlu sevgi için yaratılmış, doğmuşdur”.
Bu misralar Hüseyn Cavid yaradıcılığı üçün səciyyəvi olan humanist dünyagörüşünün parlaq ifadəsidir. Cavidə görə, insanı ucaldan əsas keyfiyyət nifrət deyil, sevgidir. O, xalqları düşmənçiliyə deyil, qardaşlığa və qarşılıqlı anlaşmaya çağırır. “Yer üzünü qardaş bilin, insan qanı tökməyin” çağırışı şairin ümumbəşəri ideallarının poetik ifadəsidir.
Şeirin digər mühüm istiqaməti haqq, vicdan və ədalət məsələləridir. Hüseyn Cavid vicdanı və namusu insanın mənəvi ucalığını təmin edən iki müqəddəs dəyər kimi təqdim edir. Şair yazır ki, insanı yüksəldən fiziki güc deyil, vicdan və mənəvi saflıqdır. Bu baxımdan “Namus, vicdan insanlarda iki böyük qanatdır” misrası Cavid fəlsəfəsinin əsas tezislərindən biri hesab oluna bilər. O, eyni zamanda yaltaqlığı, təkəbbürü və zülmü qətiyyətlə rədd edir, insanları həmişə haqqın yanında olmağa səsləyir.
Əsərdə milli şüurun formalaşdırılması xüsusi yer tutur. Hüseyn Cavid hesab edir ki, öz tarixini bilməyən xalq gələcəyini də qura bilməz. Buna görə də o, gəncləri türk tarixini, qədim yurd yerlərini, ata-babalarının qəhrəmanlığını öyrənməyə çağırır. Altay, Makan və Yasın kimi tarixi-coğrafi məkanların xatırlanması türk dünyasının ortaq yaddaşına işarədir. Şair göstərir ki, milli köklərə bağlılıq tərəqqinin əsas şərtlərindən biridir. Onun “Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir, köksüz ağac çabuq qurur…” fikri milli özünüdərkin poetik düsturuna çevrilmişdir.
Diqqətəlayiq cəhətlərdən biri də Hüseyn Cavidin türk tarixini yalnız hərbi qəhrəmanlıqlarla məhdudlaşdırmamasıdır. O, Səmərqənd darülfünunlarını və rəsədxanasını xatırladaraq türk xalqlarının elmə, hikmətə və mədəniyyətə verdiyi töhfələri ön plana çəkir. Beləliklə, müəllif göstərir ki, millətin böyüklüyü yalnız döyüş meydanlarında deyil, elm və mədəniyyət sahəsində qazandığı nailiyyətlərlə də ölçülür.
Şeirin sonunda müəllif gələcək nəsillərə müasir dünyanın tələblərinə uyğun inkişaf etməyi tövsiyə edir. “Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır… Arş iləri! Qomşular yol aldı, geri qalmayın!” misraları Cavidin gələcəyə yönəlmiş baxışlarını əks etdirir. Burada müəllif gəncləri milli-mənəvi dəyərlərə sadiq qalmaqla yanaşı, elmə, tərəqqiyə və yeniliyə açıq olmağa səsləyir. Bu çağırış bu gün də öz aktuallığını qorumaqdadır.
Beləliklə, “Qoca bir türkün vəsiyyəti” Hüseyn Cavidin milli və ümumbəşəri ideallarını özündə birləşdirən mühüm poetik nümunələrdən biridir. Şair bu əsərdə yalnız bir nəslə deyil, bütün zamanlara səslənərək sevgi, vicdan, ədalət, vətənpərvərlik, milli yaddaş və elmə bağlılıq kimi ali dəyərləri gələcək nəsillərə mənəvi vəsiyyət kimi təqdim etmişdir. Məhz buna görə də şeir bu gün də öz bədii-estetik və ideya-fəlsəfi əhəmiyyətini qoruyub saxlayır.
Göründüyü kimi Hüseyn Cavid yaradıcılığı yalnız milli ədəbiyyatımızın deyil, bütövlükdə türk dünyasının mənəvi-fəlsəfi fikir tarixinin mühüm hadisələrindən biridir. Onun əsərlərində milli kimlik, türk birliyi, vətən sevgisi, azadlıq, humanizm, elm və mənəvi kamillik ideyaları xüsusi yer tutur. Bu ideyalar XXI əsr Azərbaycan poeziyasında yaşamaqda davam edərək Nicat Ərtürkün yaradıcılığında da diqqəti cəlb edir.
Yuxarıda qeyd etdiyimiz kimi Turan Yazarlar Birliyinin sədri Niftalı Göyçəlinin Nicat Ərtürk haqqında söylədiyi “Bədii yaradıcılığında Hüseyn Cavid yolunu davam etdirən istedadlı şair…” fikri təsadüfi qiymətləndirmə deyildir. Şairin ayrı-ayrı əsərlərinə nəzər saldıqda bu fikrin müəyyən elmi əsaslara söykəndiyi aydın görünür.
Hüseyn Cavidin “Qoca bir türkün vəsiyyəti” şeiri onun milli-fəlsəfi dünyagörüşünün poetik manifesti təsiri bağışlayır. Əsərdə müəllif gələcək nəsillərə yalnız mənəvi nəsihətlər vermir, eyni zamanda türk xalqının tarixi taleyi, milli birliyi, elmə bağlılığı və gələcək inkişaf istiqamətləri haqqında öz düşüncələrini ifadə edir. Şair türk gənclərini vicdanlı, namuslu, ədalətli olmağa çağırmaqla yanaşı, onların milli köklərini unutmamalarını da mühüm vəzifə kimi qarşıya qoyur. “Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir” fikri Cavid yaradıcılığında milli özünüdərkin əsas poetik düsturlarından biri hesab edilə bilər.
Nicat Ərtürkün “Salam olsun…” şeirində də eyni ideya istiqamətinin yeni tarixi mərhələdə davam etdirildiyini görmək mümkündür. Şeirin kompozisiyası əvvəldən axıra qədər türk dünyasının mənəvi bütövlüyü ideyası üzərində qurulmuşdur. Müəllif Başqırdıstan, Yakutiya, Çuvaşıstan, Uyğur eli, Kabarda, Tatarıstan, Qumuq yurdu, Borçalı, Dərbənd, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Mosul və digər türk yurdlarını eyni poetik nəfəsdə salamlayaraq ortaq milli yaddaşın coğrafiyasını yaradır. Bu, sadəcə coğrafi adların sadalanması deyil, bütöv türk dünyasının mənəvi xəritəsinin bədii təsviridir.
Əgər Hüseyn Cavid “Qoca bir türkün vəsiyyəti”ndə Altay, Makan və Yasın kimi qədim türk yurdlarını xatırladaraq türk tarixinin dərin köklərinə işarə edirdisə, Nicat Ərtürk həmin ideyanı müasir siyasi və mədəni reallıqlar fonunda davam etdirir. Onun şeirində artıq tarixi yaddaş müasir türk xalqlarının taleyi ilə qovuşur. Xüsusilə “Salam olsun vətən yolu, eşq yolunu gedənlərə, Zəngəzurun, İrəvanın həsrətini çəkənlərə” misralarında müəllif ümumtürk həmrəyliyi ideyasını Azərbaycanın milli ağrıları ilə əlaqələndirərək daha konkret ictimai məzmun qazandırır.
Hər iki şeirdə türk birliyi ideyası aparıcı yer tutur. Lakin bu ideya müxtəlif bədii formalarda təqdim edilir. Hüseyn Cavid türk dünyasının gələcəyini elmə, mənəviyyata, milli köklərə bağlılıqda görür. O, türk gənclərinə “Qonşular yol aldı, geri qalmayın!” deyərək tərəqqi və inkişaf yolunu göstərir. Nicat Ərtürk isə eyni ideyanı “Böyük Turan birliyinə” çağırışı ilə ifadə edir. Burada Turan anlayışı siyasi şüardan daha çox ortaq tarix, ortaq mədəniyyət və ortaq mənəvi dəyərlərin simvolu kimi çıxış edir.
Diqqət çəkən digər cəhət isə hər iki şairdə Vətən anlayışının yalnız coğrafi məkan kimi deyil, milli-mənəvi dəyər kimi təqdim edilməsidir. Hüseyn Cavid üçün Vətən tarix, dil, vicdan və milli yaddaşdır. Nicat Ərtürk üçün isə Vətən həm də Qarabağ, Zəngəzur, İrəvan, Təbriz və Dərbənd kimi milli yaddaşımızın ayrılmaz hissəsinə çevrilmiş tarixi məkanlardır. Bu baxımdan Nicat Ərtürk Cavidin milli-fəlsəfi düşüncəsini müasir Azərbaycanın tarixi reallıqları ilə zənginləşdirərək yeni poetik çalarlar qazandırır.
Bununla yanaşı, hər iki müəllifdə humanizm və mənəvi kamillik ideyaları da ortaq xətt təşkil edir. Hüseyn Cavid insanı vicdana, ədalətə, sevgiyə səsləyir, zülmü və haqsızlığı qətiyyətlə rədd edir. Nicat Ərtürk də türk xalqlarının birliyini nifrət üzərində deyil, qardaşlıq, həmrəylik və ortaq milli dəyərlər üzərində qurmağa çalışır. Bu cəhət onların yaradıcılığında ideya yaxınlığını daha aydın göstərir.
Beləliklə, aparılan müqayisə göstərir ki, Nicat Ərtürk Hüseyn Cavid poetikasını forma baxımından təkrarlamır, əksinə, onun milli-fəlsəfi ideallarını müasir dövrün ictimai-siyasi gerçəklikləri fonunda yeni bədii məzmunla inkişaf etdirir. Türk dünyasının birliyi, milli yaddaşa bağlılıq, Vətən sevgisi, tarixi ədalətə inam və gələcək nəsillərin milli ruhda tərbiyəsi kimi ideyalar hər iki sənətkarın yaradıcılığını birləşdirən əsas ortaq cəhətlərdir. Məhz bu xüsusiyyətlər Turan Yazarlar Birliyinin sədri Niftalı Göyçəlinin Nicat Ərtürkü “Hüseyn Cavid yolunu davam etdirən istedadlı şair” kimi dəyərləndirməsinin müəyyən elmi əsaslara söykəndiyini söyləməyə imkan verir.
“Salam olsun” adlı şeirdə oxuyuruq:
Salam olsun türk adıyla,
Bu torpaqda gəzənlərə.
Salam olsun yurdumdakı
O qəhrəman ərənlərə.

Salam olsun Başqırlara,
Yakutlara, Çuvaşlara,
Vətənində zülüm görən,
Aciz, məzlum Uyğurlara.

Salam olsun Kabardinə,
Salam olsun Tatar sənə,
Kımıklara,Saltuklara,
Qədim türklər ölkəsinə

Salam olsun ürəyində,
Vətən eşqi çağlayana,
Turan üçün ümidini,
Sabahlara bağlayana.

Salam olsun vətən yolu,
Eşq yolunu gedənlərə,
Zəngəzurun, İrəvanın,
Həsrətini çəkənlərə.

Salam olsun Ərdəbilə,
Həmədana,Təbrizimə,
Zəncanıma,Urmiyama,
Mosuluma, Mərəndimə.

Salam olsun Borçalıma,
Dəmir qapı Dərbəndimə.
Qardaş türklər ölkəsinə,
Böyük Turan birliyinə.
Hörmətli Nicat Ərtürk!
Sizi Turan Yazarlar Birliyi tərəfindən “Hüseyn Cavid” mükafatına layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edirik!
Bu mükafat təkcə yaradıcılığınıza verilən yüksək qiymət deyil, həm də Hüseyn Cavid yaradıcılığının əsas ideya istiqamətlərindən olan milli ruhun, türk birliyi düşüncəsinin, Vətən sevgisinin, haqqın, ədalətin və yüksək mənəvi dəyərlərin poeziyanızda yaşadılmasına, yaltaqlığın, təkəbbürün və zülmün qətiyyətlə rədd edilməsinə göstərilən yüksək etimadın ifadəsidir.
Əminik ki, qələminiz bundan sonra da Hüseyn Cavidin təbliğ etdiyi humanizmə, azadlıq məfkurəsinə, türk birliyi ideyasına və milli-mənəvi dəyərlərə xidmət edəcək, yeni-yeni bədii uğurlarla oxucularını sevindirəcəkdir.
Sizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq ilhamı, yeni əsərlər və yeni uğurlar arzulayırıq.
“Hüseyn Cavid” mükafatı Sizə uğur gətirsin, yaradıcılıq yolunuz daim işıqlı və bərəkətli olsun!
Türk dünyasının ortaq mənəvi dəyərlərinə xidmət edən bütün qələm adamları adından Sizə ən xoş arzularımızı çatdırır, qazandığınız bu nüfuzlu mükafat münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirik!
Eşq olsun Türkün qələminə, eşq olsun Türkün sözünə, eşq olsun Böyük Turan idealına!

Müəllif: Yusif Səfərov

Filologiya üzrə fəlsəfə doktoru, professor

Professor Yusif Səfəroun digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Top