Fridrix Şillerin “Məkr və məhəbbət” əsəri

Fridrix Şillerin “Məkr və məhəbbət” əsəri – Sevginin məğlubiyyəti, yoxsa cəmiyyətin?
Əsərin mərkəzində iki gənc – Ferdinand və Luiza dayanır. Onlar fərqli təbəqələrdən olsalar da, sevgilərində heç bir saxtalıq yoxdur. Lakin onların qarşısında görünməyən, amma çox güclü bir divar var – cəmiyyətin sərt qaydaları. Zadəgan ailəsinin varisi olan Ferdinandın kasıb musiqiçinin qızı ilə evlənməsi mümkün hesab edilmir. Şiller bununla göstərir ki, bəzən insanın taleyini öz hissləri yox, doğulduğu ailə müəyyən edir.
Əsərdə ən diqqətçəkən obrazlardan biri Prezident fon Valterdir. O, ata olsa da, oğlunun xoşbəxtliyini deyil, öz siyasi maraqlarını düşünür. Vurm isə rədd edilmiş sevgisini qisas hissinə çevirərək məkrin simvoluna çevrilir. Onların qurduğu hiylə Luizanı yalan danışmağa məcbur edir, Ferdinandı isə qısqanclığın əsirinə çevirir. Beləliklə, Şiller göstərir ki, bəzən bir yalan onlarla insanın həyatını məhv edə bilir.
Mənə görə, əsərin ən təsirli səhnəsi Luizanın ölüm anında həqiqəti deməsidir. Oxucu həmin anda anlayır ki, faciənin səbəbi xəyanət deyil, insanların bir-birinə inanmaması və başqalarının qurduğu oyuna aldanmasıdır. Ferdinand həqiqəti anlayanda artıq gec olur. Bu sonluq oxucunu düşündürür: əgər insanlar həqiqəti vaxtında danışa və dinləyə bilsəydilər, bəlkə də heç bir faciə baş verməzdi.
Şiller bu əsərlə yalnız iki gəncin sevgisini qələmə almır. O, yaşadığı dövrün ədalətsiz cəmiyyətini tənqid edir, insan ləyaqətini və azad seçimi müdafiə edir. Məhz buna görə “Məkr və məhəbbət” bu gün də aktuallığını itirməyən, oxucunu düşündürən və ona mühüm suallar verən klassik əsərlərdən biri olaraq qalır.
Müəllif: Dəniz Aslanlı
Dəniz Aslanlının digər yazıları
Oxuyun >> Gözündə tük var


