Weather Data Source: havadurumuuzun.com

Başqalarında nəyə qıcıqlanırsan? Cavab sənin içində gizlidir

Başqalarında nəyə qıcıqlanırsan? Cavab sənin içində gizlidir

Dayan və bir anlıq düşün: Başqalarında səni ən çox qıcıqlandıran şey nədir? Tənbəllik? Yalançılıq? Yaltaqlıq? Həddindən artıq yemək? Bəlkə də arıq olmaq?
Qəribədir ki, hər insanda qıcıq yaradan xüsusiyyətlər fərqli olur.
Xatırlayıram ki, tələbəlik illərimdə bəzi tələbələrə qıcıqlanırdım. Onlar mütəmadi gecikirdilər, dərsi o qədər də əhəmiyyətli hesab etmirdilər. O vaxt düşünürdüm ki, bu, normal reaksiyadır. İnsan məsuliyyətli olmalıdır. Ağlımdan belə keçmirdi ki, mənim reaksiyamın bu qədər kəskin olması normal deyil.
Bəs niyə məhz mən bu qədər qıcıqlanırdım? Kiminsə məsuliyyətsiz olmasının mənə nə aidiyyəti var idi?
Bunun fərqində deyildim və üzərində düşünmürdüm. Ta ki, K. Q. Yunqun “kölgə” anlayışı ilə tanış olana qədər.
Karl Yunq deyirdi: “Başqasında sizi ən çox qıcıqlandıran şey, sizin öz kölgəniz ola bilər.”
Bəs kölgə nədir?
Yunqa görə kölgə insanın özündə görmək istəmədiyi, inkar etdiyi, utandığı və ya qorxduğu bütün xüsusiyyətlərin toplusudur. Bunlar yox olmur, sadəcə şüurun dərinliklərinə basdırılır.
Qısacası, hər insanda xəsislik, ədalətsizlik, yalançılıq, məsuliyyətsizlik, aqressiya və buna bənzər xüsusiyyətlər var. Sadəcə, biz uşaqlıqdan etibarən bəzi tərəflərimizi qəbul etməməyi öyrənirik. Onlar isə yox olmur, sadəcə fərqli formalarda üzə çıxırlar.
Yunqun ən maraqlı fikirlərindən biri də budur ki, kölgə yalnız mənfi xüsusiyyətlərdən ibarət deyil.
Qaranlıq kölgə
Bunlar cəmiyyətin qəbul etmədiyi hisslər və davranışlardır: qəzəb, qısqanclıq, tamah, eqoizm, nəzarət istəyi, aqressivlik, bəzi cinsi istəklər və s.
Qızıl kölgə
Bu isə daha az danışılan, amma çox vacib olan anlayışdır. Bəzən insan müsbət xüsusiyyətlərini də basdırır:
“Mən istedadlı ola bilmərəm.”
“Lider olmaq mənə yaraşmaz.”
“Bu qədər sevinmək düzgün deyil.”
Kölgə haqqında araşdırdıqdan sonra başa düşdüm ki, əslində məsuliyyətsizlik mənim özümdə qəbul etmədiyim tərəfdir. Uşaqlıqdan “sən məsuliyyətlisən”, “tənbəllik sənə yaraşmaz”, “hər şeyi vaxtında etməlisən” kimi cümlələri eşidərək daxilimdəki məsuliyyətsiz tərəfi susdurmuşam.
Başqalarında həmin xüsusiyyəti görəndə isə bu, mənə özümü xatırladır. Mən onu qəbul etmədiyim üçün əsəbiləşirəm. Psixologiyada bu mexanizm proyeksiya adlanır.
Həddindən artıq nəzarətçi biri başqalarını “özbaşına” olduqları üçün tənqid edir. Öz eqoizmini görməyən biri hər kəsi “xudbin” adlandırır. Dərinliyində qaydaları pozmaq istəyən biri isə qaydaları pozanları ən sərt şəkildə mühakimə edir.
Kölgə yalnız qəzəbdə deyil, heyranlıqda da yaşayır.
Bir film izləyirsən və oradakı qəhrəmanın cəsarətinə heyran qalırsan: “O nə qədər cəsurdur. Mən heç vaxt belə ola bilmərəm.”Yunqa görə bu hiss qızıl kölgənin səsidir, yəni basdırılmış potensialın.
Deməli, nəyə heyransansa, onun bir parçası sənin daxilində də mövcuddur.Bəzən isə birinə paxıllıq edirsən. Paxıllıq etdiyin şey çox vaxt sənin həyata keçirmədiyin potensialını göstərir.
Məsələn, birinin gözəl təqdimat bacarığı var. Onu izləyirsən, ürəyin döyünür, daxilən narahat olursan və hətta ona qarşı qıcıq hiss edirsən. Əslində isə bu, sənin öz təqdimat bacarığına sahib olmaq istəyən tərəfinin səsidir.
Kölgəni kəşf etmək üçün özünə bu sualları ver:

  • Başqalarında məni ən çox qıcıqlandıran üç xüsusiyyət hansılardır?
  • Bu xüsusiyyətlər həyatımda heç bir rol oynamayıbmı?
  • Əgər bu xüsusiyyəti özümdə görsəydim, nə hiss edərdim?
  • Həyatımda hansı mövzular dönə-dönə təkrarlanır?
  • Hansı tənqidlər məni daha çox yaralayır və niyə?
  • Özümdə görməkdən ən çox çəkindiyim nədir?
    Bu suallar üzərində dərindən düşün.
    Çoxları kölgə anlayışını öyrənəndə ilk sualı belə olur: “Bunu necə aradan qaldırım?”
    Yunq deyirdi ki, bu mümkün deyil və buna cəhd etmək təhlükəlidir.
    Basdırılmış kölgə daha güclü şəkildə geri qayıdır. Tarixdə ən böyük şiddət hadisələrinin bəziləri ən çox “əxlaqlı” görünməyə çalışan insanlar tərəfindən törədilib. Çünki inkar etdiyin kölgə yox olmur. O, toplanır, sıxılır və bir gün nəzarətsiz şəkildə partlayır.
    Həll yolu inkar etmək deyil, tanımaq, qəbul etmək və inteqrasiya etməkdir.
    İnteqrasiya o deməkdir ki: “Bu hisslər məndə var. Mən onları görürəm, qəbul edirəm və şüurlu şəkildə idarə edirəm.”
    Qəzəbini inkar etmirsən, onun səbəbini anlamağa çalışırsan. Tənbəllik istəyini basdırmırsan, sadəcə nə vaxt istirahətə ehtiyacın olduğunu eşidirsən.
    Kölgəni bir otaq kimi təsəvvür edirəm. O otağa işıq salmaq qorxulu görünə bilər. Amma içəri girdikdə çox vaxt görürsən ki, orada gizlənmiş bir xəzinə var. Sən sadəcə onu kəşf edirsən.
    Kölgəndən qaçdıqca o böyüyür, üzləşdikcə isə sən böyüyürsən.
    Sevgi ilə qalın…

Aytac Ələkbərova,
klinik psixoloq, təlimçi

Aytac Ələkbərovanın yazıları

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top