Ürəklər daşa dönüb sevgilər kiçiləndə

***
Buludlar da toxtamır,küləklər də səngimir,
Bilmirsən nə istəyir Göy üzü Yer üzündən.
Yaman çoxalıb indi söz alıb söz satanlar,
Gör nələr çəkirik biz bu al,bu ver üzündən.
Ürəklər daşa dönüb sevgilər kiçiləndən,
Zamanla cəngə girib uduzanlar,udanlar.
Hamı dərd yolçusudu,yollar ələm daşıyır,
Səhərin öz sirri var,gecənin öz sirri var.
Biri şöhrət xəstəsi,biri alqış acıdı,
Biri də nağıl gəzir özünü ovutmağa.
Arzular da nigaran,xəyyallar da yarımçıq,
Ümid saman çöpüdü yıxılanda tutmağa.
Nə baharı bahardı,nə də qışı qış deyil,
Fəsillər də dəyişib,hamısı baş aldadır.
Şeytana atılan daş qayıdıb bizə dəyir,
Şeytan öz kefindədi,adamı daş aldadır.
***
Bir yuxu tuta səni,
Dəli-dolu bir yuxu.
Qata səni önünə
Bu möcüzə,sirr yuxu.
Yerdən,Göydən keçirə,
Səsdən,küydən keçirə.
Yaxandan elə tuta
Yaxan qala əlində.
Gedəsən uzaqlara
Bir yuxunun belində.
Unudasan hər şeyi,
Ayrılığı,həsrəti.
Qaranlığı,zülməti.
Çıxasan yaddaşından,
Doğmanın da,yadın da,
Çəkilə üzərindən
Sinsi-sinsi baxışlar.
Günlərin bir günündə
Bir məktub göndərələr
Sənə sənin adından:
“Getdim,məni bağışla”
Təzədən doğulasan,
Təzədən yeriyəsən,
Təzədən yıxılasan.
Təzədən ağlayasan,
Təzədən kiriyəsən.
Təzədən seviləsən,
Təzədən qırılasan,
Təzədən yaşayasan,
Təzədən yorulasan..
Bir yuxu tuta səni…
***
Bu adam kimə əl çalır?
Gəlib gedənə alçalır,
Başın sağ olsun,İlahi!
Bu qadın niyə yorulub?
Gözündə həya,yorulub,
Üzü ağ olsun,İlahi!
Bu çiçək niyə ağlayır?
Batıbdi suya,ağlayır,
Qoyma boğulsun,İlahi!
Bu ağac niyə quruyub?
Dırmaşıb göyə,quruyub,
Qoyma yıxılsın,İlahi!
Bu dünya niyə boşalıb?
Gedir ölümə,baş alıb,
Dəymə,dağılsın,İlahi!
***
Bu yolun əvvəlin bildik
Bəs bunun sonu hardadı?
Gecəni birtəhər keçdik,
Bəs bunun danı hardadı?
Bilmədik,girdik oyuna,
Baxmadıq adam sayına,
Düşdük həqiqət hayına,
Tapmadıq,hanı,hardadı?
Hər gün bir yalan doğuldu,
Şər-böhtan,filan,doğuldu,
İlandan ilan doğuldu,
Bu Qır qazanı hardadı?
Üstümüzə dərd uladı,
Oba köçdü,yurd uladı,
Çaqqallar meydan suladı,
Bunun aslanı hardadı?
Tez-teləsik yola çıxdıq,
Hardan gəldik,hara çıxdıq,
Bu nağıl da yarımçıqdı,
Bunun qalanı hardadı?
***
Gündüzkü istinin rütubəti vururdu adamı gecənin səssizliyində,
Səhər o qədər çırpınmışdı ki,külək də deyəsən yorğunluğunu çıxarırdı gecə-gecə,
Mürgü döyürdü göy üzündə səssizcə.
Pərdələr pəncərələri yelpikləmirdi,
Nəfəsi tıncıxırdı şəhərin,
Ağaclar utandığından yarpaq-yarpaq tər tökürdü.
Yuxusu qaçmış qadın da bu səssiz,havasız iyun gecəsini acgözlüklə ciyərinə çəkirdi.
Müəllif: Təranə DƏMİR,
AYB -nin və AJB-nin üzvü, şair -publisist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


