Weather Data Source: havadurumuuzun.com

Xudafərində Ucalan Ruh: Türkman Məmmədovun İgidlik Salnaməsi

Xudafərində Ucalan Ruh:
Türkman Məmmədovun İgidlik Salnaməsi
Azərbaycanın hər bir qarış torpağı şəhid qanı ilə suvarılıb, hər şəhid qanından bir igid boy göstərib. Hər şəhər, hər rayon ,hər kənd öz qəhrəman oğulları ilə öyünür, fəxredir. Bəli, Gədəbəyin uca dağları qədər məğrur bir gənc də Türkman Məmmədov da məhz bu torpaqda boya-başa çatmışdı. Gədəbəy yurdu da Türkman kimi cəsur oğulları ilə qürur duyur. Gədəbəy rayonunun Hacılar kəndində dünyaya göz açan, dağ havası ilə böyüyən bu gəncin ürəyi hələ uşaq yaşlarından vətən eşqi ilə döyünürdü.
Türkman Məmmədov 2005-ci ildə Sabunçu rayonunda yerləşən Cəbrayıl rayonu 22 saylı tam orta məktəbin birinci sinfinə qədəm qoyur. Məktəbin direktoru Mustafa Qəhrəmanov onu çox ağıllı, tərbiyəli və vətənpərvər bir şagird kimi xatırlayır. İbtidai sinif müəllimi Rüxsarə müəllimədən “Ana” və “Vətən” sözlərini yazmağı öyrənən Türkman, illər sonra bu müqəddəs anlayışlar uğrunda canını fəda edəcəkdi.
2019-cu ildə həqiqi hərbi xidmətə çağırılanda o, bu vəzifəni müqəddəs bir borc kimi qəbul etdi. “N” saylı hərbi hissədə, Hava Hücumundan Müdafiə Qoşunlarında atıcı-zenitçi kimi xidmətə başladı. O, bir əsgər kimi öhdəsinə düşən məsuliyyət hissini ürəyində fəxrlə daşıyırdı. Komandirlərinin etimadı Türkman xidmət etdiyi ilk gündən intizamlı və mehribanlığı ilə seçilirdi. Batareya komandiri, kapitan Elman Mirzəyev onu belə xatırlayır: “Türkman işdən qorxmayan, bacarıqlı bir hərbçi idi. Nə çətinliyi olsa, çəkinmədən mənə və ya baş çavuş Salman Səmədova deyərdi. Amma hər sözünün sonunda bir inam vardı: ‘Komandir, narahat olmayın, bu işin də öhdəsindən layiqincə gələcəyik’.”
2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri və General Polad Həşimovun şəhadəti Türkmana çox ağır təsir edir. Korpus komandiri Seymur Şükürovun dediyinə görə, Türkman generalın ölümündən sonra özünə yer tapa bilmir və daxilindəki qisas hissi ilə işğal altındakı torpaqlarımızın azad olunacağı günü gözləyir.
“27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Türkman Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən ən ağır döyüşlərdə iştirak etdi. Manqa komandiri Xanoğlan Cəfərovun yaddaşına həkk olunan bir hadisə Türkmanın daxili dünyasını tam şəkildə ifadə edir:
“Cəbrayıl istiqamətində Araz çayı boyunca təmizləmə əməliyyatı aparırdıq. Qəfil qarşımızda əzəmətli Xudafərin körpüsü göründü. Türkmanın gözləri parladı. O, dərhal kapitan Elman Mirzəyevə yaxınlaşıb xahiş etdi: ‘Komandir, icazə verin, bu bayrağı körpünün bizə aid olan hissəsinə mən asım!’ Kapitan ona ehtiyatlı olmağı, ərazinin minalı ola biləcəyini tapşırsa da, Türkmanı saxlamaq mümkün deyildi. O, sanki quş olub uçurdu. Türkman körpüyə doğru qaçıb bayrağımızı ucaldanda, çayın o tayındakı cənublu qardaş-bacılarımız bu tarixi anı çəkir, var gücləri ilə ‘Yaşa Azərbaycan!’, ‘Qarabağ Azərbaycandır!’ deyə hayqırırdılar.”
Vətən müharibəsi Türkman üçün torpaqlarımızı düşməndən təmizləmək və arzularına çatmaq üçün bir zəfər yolu idi. O, döyüşlərdə böyük şücaət göstərərək irəliləyir. Şəhadətə ucaldığı an gözlərini səmaya dikməsi sanki onun mənəvi ucalığının göstəricisi idi. Komandiri həmin anı belə təsvir edir: “Mən onda dedim ki, Polad Həşimovun ruhu ilə sənin ruhun artıq görüşüb. O, sənə ‘şəhadətə tam layiqsən’ deyəcək.”
Lakin müharibənin amansız üzü Türkmanı sevənlərindən ayırdı. 2020-ci ilin oktyabrın 27-də Xocavəndin Zoğalbulaq və Şəxri kəndləri uğrunda gedən şiddətli döyüşlərdə Türkman qəhrəmancasına şəhid oldu. Manqa komandiri Xanoğlan Cəfərov o ağır dəqiqələri ürək ağrısı ilə xatırlayır:”Türkman mənim gözlərim önündə şəhid oldu. O mənzərəni, onun o son anındakı məğrurluğunu heç cür unuda bilmirəm. Onu heç vaxt unuda bilməyəcəm…”
Bu gün Türkman təkcə valideynlərinin deyil, bütün Azərbaycan xalqının fəxr etdiyi şəhid oğludur. Valideynləri öz vəsaitləri hesabına yaşadıqları evin bir otağını onun xatirə muzeyinə çeviriblər. Sabunçu rayonunda yerləşən bu muzeydə qəhrəmanın şəxsi əşyaları, hərbi hissədən verilən fəxri fərmanlar və foto şəkilləri nümayiş olunur.
Muzey mütəmadi olaraq məktəblilər tərəfindən ziyarət edilir. Türkmanın valideynləri gələn şagirdlərə onun döyüş yolu və vətənpərvərliyi haqqında məlumat verərək, şəhidimizin adını və amallarını gələcək nəsillərin yaddaşına həkk edirlər.
Millətin Qəlbində Yaşayan Qəhrəman Göstərdiyi rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Türkman Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları və Fəxri fərmanlarla təltif olundu.Bu gün Türkman Məmmədovun adı Gədəbəyin dağlarından Xudafərin körpüsünə qədər hər yerdə ehtiramla yad edilir. O, ucaltdığı bayraq kimi xalqımızın başı üzərində əbədi dalğalanacaq.
Ruhu şad olsun! Yox , Türkman ölməyib onun Xudafərində ucalan ruhu Bütöv Azərbaycanı, eləcə də Turan dünyasını gəzib- dolaçır. Onun haqqında çox və nə qədər ki, Azərbaycan var, yenədə yazılacaq. Qələm dostum Vaqif İsaqoğlunun igid və unudulmaz Türkmana yazmış olduğu dörd yarpaq şerlə vətənin qəhrəman oğlunu bir daha yad edir, müqəddəs ruhu qarşısında baş əyirəm.
Vətən göylərdə ruhun dolaşır,
Ruhunla vətənə keşik çəkirsən.
Məzarın dönübdü ziyarətgaha,
Daha and yerisən , ocaqsan, pirsən.
***
Müqəddəs qanınla tarix yazmısan,
Bu tarix hər zaman oxunacaqdı.
Mən indi bildim ki, şəhid qardaşım,
Bu dünya yalandı, o dünya haqdı.
***
Hər gecə bir mələk göydən enərək,
Məzarın önündə diz çöküb gedir.
Yatdığın torpağa sığal çəkərək,
Göz yaşı axıdıb, oh çəkib gedir.
****
Şəhid balasıyla öyünür Vətən,
Vətənə ən yaxşı oğuldu Türkman.
Vətənin yolunda şəhid olaraq,
Günəş tək yenidən doğuldu Türkman.

 

 

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.

Top