GÖRKƏMLİ ŞAİRİN XATİRƏSİNƏ EHTİRAM

GÖRKƏMLİ ŞAİRİN XATİRƏSİNƏ EHTİRAM
Azərbaycan Respublikasının Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görkəmli şair, tərcüməçi, ssenarist, həkim, ictimai xadim polkovnik Ramiz Duyğunun (Ramiz Məmməd oğlu Məlikov -10.02.1938 – 19.06.2025) anım mərasimi və yeni çapdan çıxmış “Duyğunlu duyğular” kitabının təqdimat mərasimi keçirildi.
Hərbçilərin, qələm adamlarının, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı. Kitabın tərtibçisi tanınmış jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, Qarabağ müharibəsi veteranı, polkovnik Mahir Cavadlı Ramiz Duyğunun alovlu vətənpərvər şair olmaqla bərabər Azərbaycan Televiziyasında “Hünər” verilişinin aparıcısı kimi İkinci Dünya savaşında minlərlə itkin düşmüş həmvətənimizin məzarının tapılmasında böyük hünər göstərdiyindən söz açmış, müstəqillik dövründə iki güc strukturunun mətbuat xidmətini rəhbəri, “Xalq Ordusu” və “Sərhəd” qəzetlərinin baş redaktoru vəzifəsində Vətənə, dövlətə sədaqətli xidmətindən bəhs etdi.
Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov yeni yaranmış milli Sərhəd Qoşunlarında Ramiz Duyğunun bir hərbçi və şair kimi böyük nüfuz sahib olduğunu bildirmiş, ən çətin zamanlarda birgə xidmətin nümunəvi cəhətlərindən danışmışdır.
Polkovnik Ramiz Məlikovla 1956-cı ildən dostluq edən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, əməkdar dövlət və elm xadimi Südeyf İmamverdiyev onun mənəvi insani keyfiyyətlərini yüksək dəyərləndirərək, vətənpərvər şair, tərcüməçi, ictimai xadim, həkim kimi fəaliyyətini dövlətçiliyin inkişafında və milli ruhun formalaşmasında müsbət rol oynadığını vurğuladı.
Ramiz Duyğun haqqında məqalələrin, şeirlərin və düşüncələrin toplandığı “Duyğunlu duyğular” kitabının mərhum şairin anım gününə əziz xatirə olduğunu vurğulayan AMEA Seymsoloji Xidmət Mərkəzinin Baş direktor müavini əməkdar mühəndis Ramiz İsgəndərli hələ sovet ordusu sıralarında xidmət edərkən gənc kapitan Ramiz Məlikovun azərbaycanlı əsgərlərə qayğı ilə yanaşdığını, onları ordudakı mənfi hallardan qoruduğunu bildirdi.
Vaxtilə mərhum şairlə birgə çalışmış kitabın redaktorları SQ və DTX veteranı polkovnik Elşad Qoca və tanınmış jurnalist Ellada Umudlu ustad şairin xarakterinin açılmasına, dövrün keşməkeşli hadisələrinin təhlilinə imkan verən qəzet məqalələrinin və xatirə yazıların məcmusunun kitab şəklində nəşr olunmasını gənc nəslin təlim-tərbiyəsində müsbət amil kimi dəyərləndirdilər.
DSX-nın sabiq komandan müavini polkovnik Sucəddin Abdullayev, veteran həkim polkovnik Füzuli Kərimov, tarix elmləri doktoru polkovnik Mehman Süleymanov, tanınmış hərbi jurnalist Üzeyir Cəfərov, “Zəngilanın səsi” qəzetinin təsisçisi və baş redaktoru Salam Cavadlı, sabiq sərhədçi Neftçala rayon Ağsaqqallar Şurasının sədri Mustafa Əliyev, Sabirabad rayon sakini mədəniyət işçisi Mahir Əbilov çıxış edərək şair Ramzi Duyğunla bağlı xatirələrini bölüşdülər. Akademik Milli Dram Teatrının aktyoru xalq artisti Məleykə Əsədovanın çıxışı və Ramiz Duyğunun vətənpərvər şeirlərini səsləndirməsi tədbirə xüsusi rəng qatdı.
Tədbirdə istedadlı qələm sahibləri Qardaşxan Əzizxanlı, Zaur Ustac, Əli Bəy Azəri, Rəşid Faxralı, Zəhra Səfəralıqızı, Ötərxan Eltac, geniş ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Ailə adından çıxış edən Dilbər Məlikova kitabın nəşrndə əməyi keçən və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.



Sabirə Ələkbərova,
Azad Musayev


