Weather Data Source: havadurumuuzun.com

İKİ DAHİNİN GÖRÜŞÜ

İKİ DAHİNİN GÖRÜŞÜ

(esse)

Turizm məqsədilə bizim dağlara üz tutan iki nəfərlə tanış oldum. Bir qadın və onun həyat yoldaşı ilə xeyli söhbət etdim.
Qadın özü haqqında məlumat verdi:
– Mən Abbasqulu ağa Bakıxanovun qardaşı Cəfərqulu ağa Bakıxanovun kötükcəsiyəm. Abbasqulu ağa Bakıxanov mənim ulu ana babam olmuşdur. A. Bakıxanovun iki qızı olub: Ziba-Nisə bəyim və Tuğra xanım. Tuğra xanım şairə olub, Azərbaycan dilində şeirlər yazmışdır.
Abbasqulu ağa Bakıxanovun qızlarının hər ikisi qardaşı Cəfərqulu ağa Bakıxanovun oğulları ilə ailə gurmuşdur. Ziba-Nisə bəyim Həsən ağa Bakıxanovla, Tuğra xanım isə Əhməd ağa Bakıxanovla ailə qurmuşdur. Tuğra xanım mənim ulu nənəmdir.
Qadın bütün Bakı xanlarının nəsli haqqında söhbət açdı. Bakının Xilə kəndi, Qubanın Əmsar kəndi haqqında çox böyük sevinclə danışdı.
Əfsuslar olsun ki, mən qadının ad və soyadını soruşmadım.
Böyük alim və sənətkarımıza qarşı məndə bir daha böyük hörmət və məhəbbət yarandı. Uzun müddət onun kitablarını vərəqlədim, oxudum.
Onun haqqında bu yazını yazmaq qərarına gəldim.

Abbasqulu ağa Bakıxanov

1840-cı ilin payız səhəri idi. Quba şəhərinin yaxınlığında yerləşən Əmsar kəndi qızılı rəngə boyanmışdı. Abbasqulu ağa Bakıxanovun uşaqlıq və gənclik illərini keçirdiyi bu kənd onun üçün çox doğma idi. Bu kəndi atasının dayısı Fətəli xan bağışlamışdı. Abbasqulu ağa bu qədim mülkdə yaşayıb yaradıcılıqla məşğul olurdu.
Həyətdə qoyulmuş masanın üzərində Şərq fəlsəfəsindən araşdırmalar və indicə bitirdiyi “Kitabi-Əsgəriyyə” hekayəsinin vərəqləri səpələnmişdi. O, xalqın elmsizliyindən, xurafatın zəncirlərindən sızıldayan qəlbinə bu sakit kənddə məlhəm axtarırdı
Həyətin palıd taxtasından düzəlmiş qapısı döyüldü. Abbasqulu ağa gələn hörmətli qonağı qarşıladı. İçəri girən qonaq onun Tiflisdəki hərbi xidmət illərindən, Qafqaz Baş Hərbi İdarəsindən tanıdığı yaxın dostu, iş yoldaşı, gənc və coşqun fikirli Mirzə Fətəli Axundov idi. Axundov Tiflisin siyasi intriqalarından və məmurların soyuq rəsmiyyətindən uzaqlaşıb ustadından mənəvi dəstək almaq üçün sənətkarın Əmsar kəndindəki evinə üz tutmuşdu.
Abbasqulu ağa Bakıxanov gənc dostunu qucaqladı. İki böyük mütəfəkkir bağdakı köhnə çinarın altında əyləşdilər. Masa üzərinə təzə dəmlənmiş kənd çayı və Quba alması düzüldü. Axundov əlindəki dəftəri masaya qoyaraq həyəcanla dilləndi: “Abbasqulu ağa, Tiflisdə yazdığım şeirləri gətirmişəm. Amma yolda gələrkən bu kəndlərin, bu insanların halını gördüm. Cəhalət xalqımızın gözünə elə bir pərdə çəkib ki, onu yırtmaq üçün bizə sadəcə şeir bəs etmir. Bizə səhnə lazımdır, canlı söz lazımdır!”
Bakıxanov müdrik nəzərlərlə dostuna baxdı və dedi: “Doğru deyirsən, Mirzə Fətəli, amma yadda saxla, kökü dərində olmayan ağac ilk fırtınada yıxılar. Mən burada, bu sükunətdə “Gülüstani-İrəm” əsərini bitirirəm. Xalqa öncə öz kimliyini, keçmişini, tarixini xatırlatmalıyıq. Tarix elə bir danışmayan natiqdir ki, o, insanı gözəl əxlaqlı və bilikli edir.”

Mirzə Fətəli Axundоv

Axundov ayağa qalxıb həyətdə gəzişməyə başladı: “Sizin tarixlə qoyduğunuz təməlin üzərində mən yeni bir bina tikməliyəm, ağa! Elə bir bina ki, orada xalq öz eyiblərini görüb gülsün və təmizlənsin. Teatr açmalıyam, yeni əlifba yaratmalıyam!”
Bakıxanov gülümsəyərək gəncin bu coşqusunu alqışladı. O, Axundovun gözlərində gələcək Azərbaycan maarifçiliyinin rüşeymlərini görürdü.
Həmin günün axşamı Əmsardakı mülk daha da canlandı. Bakıxanovun Qubada yaratdığı məşhur “Gülüstan” elmi-ədəbi məclisinin digər üzvləri də görüşə təşrif buyurdular. Qubanın yerli şairləri, eləcə də Bakıxanovun yaxın dostları məclisə daxil oldular. Hətta Şamaxıdan və Bakıdan gələn qonaqlar da var idi.
Məclisin ortasında böyük bir şam yandırıldı. Bakıxanov “Qüdsi” təxəllüsü ilə yazdığı yeni bir qəzəlini oxudu:
“Hünərmi, ey Qüdsi, xalqa əziyyət?
Mərdsənsə, et xalqın dərdinə dərman.”
Bu misralar otaqdakı hər kəsi sükuta qərq etdi. M. F. Axundov heyranlıqla ustadını dinləyirdi.
Sonra gənc şairlər öz şeirlərini oxudular, Şərq və Avropa ədəbiyyatının müqayisəsi aparıldı. Bakıxanov qonaqlara Varşavada olarkən böyük polyak şairi Adam Mitskeviç ilə olan görüşlərindən, həmçinin rus şairi Aleksandr Puşkinlə Sankt-Peterburqdakı elmi-ədəbi söhbətlərindən danışdı. O, kənd otağında oturan bu insanlara nümayiş etdirirdi ki, Azərbaycan elmi və mədəniyyəti dünyanın elm və mədəniyyətinin bir parçasıdır və bəşəriyyətə inteqrasiya etməlidir.
Gecə yarıdan keçmiş qonaqlar dağılışdı. Evdə yalnız Bakıxanov və Axundov qaldı. Onlar eyvana çıxdılar. Payızın təmiz, ulduzlu göy üzü başlarının üstündə bərq vururdu. Bakıxanov özünün “Əsrarül-mələkut” (Göyün sirləri) əsərini yazarkən istifadə etdiyi kiçik teleskopu Axundova göstərdi: “Bax, Mirzə Fətəli, ulduzlar bizdən milyardlarla ağac uzaqdadır, amma işıqları bu qaranlıq Əmsar gecəsini aydınladır. Bizim də ömrümüz ötəri, mal-dövlətimiz puç olacaq. Amma yandırdığımız elm və ədəbiyyat işığı yüz il sonra da bu millətin yoluna nur saçacaq.”
Axundov ustadının əlini sıxdı. Bu görüş təkcə iki dostun yox, Azərbaycan klassik Şərq təfəkkürü ilə yeni, müasir Avropa tipli maarifçilik dalğasının görüşü idi.
Bakıxanov və Axundov eyvanda Şərq və Qərb mədəniyyətlərindən bəhs edərkən otağın sükutunu Ağ çayın qayalara çırpılan köpüklü səsi doldururdu. Payızın gəlişi ilə suları bir qədər azalan, lakin hələ də qürurunu itirməyən bu çay, sanki iki mütəfəkkirin tarixi görüşünü seyr edirdi. Axundov komediya ideyasını dilə gətirəndə Ağ çayın gurultusu sanki bu yeni ədəbi dalğanı alqışlayan canlı bir teatr tamaşaçısının əl çalmasını xatırladırdı.
Günün ikinci yarısında, Əmsar kəndinin üzərinə payız günəşinin sönük şəfəqləri yayılanda, A. Bakıxanov və M. F. Axundov mülkdən çıxıb aşağıya – vadidə coşqu ilə çağlayan Ağ çayın sahilinə tərəf endilər. Dağların uca zirvələrindəki bəyaz qarlardan süzülüb gələn bu çay köpüklü sularını hamar daşların üzərinə çırpırdı. Onlar Ağ çayın bitmək bilməyən səsinə və ətrafın mənzərəsinə baxıb bir anlıq dayandılar.
Bakıxanov əlindəki əsa ilə qayalardan birini göstərdi: “Bax, Mirzə Fətəli, bu Ağ çayın axarına diqqət yetir. O əsrlərdir ki, bu dağların qoynundan necə coşqu ilə axır. Yolunun üstünü kəsən nəhəng qayalar, sərt döngələr onu yolundan döndərə bilmir. Qayaya çırpılır, parçalanır, köpüklənir, amma yenə də mənzilə doğru irəliləyir. Bizim xalqımızın ruhu da bu çay kimidir – daxilində böyük bir enerji və saflıq var. Lakin cəhalət bu saf suyun qarşısını kəsən böyük bənddir. Bizim vəzifəmiz o bəndləri dağıtmaq, bu enerjini elm və sənət məcrasına yönəltməkdir.”
Axundov dilləndi: “Haqlısınız, ağa, mən bu Ağ çaya baxanda həm də zamanın amansız axınını görürəm. Zaman axır və biz bu axında sadəcə seyrçi ola bilmərik. Biz əgər bu gün hərəkətə keçməsək, köhnəlmiş ənənələrin arxasında qalıb quruyacağıq. Mən Tiflisə qayıdan kimi xalqın bu günü ilə səsləşən pyeslər yazmalıyam.”
Gün batmağa doğru gedərkən, Ağ çayın suları üzərinə düşən qızılı şəfəqlər sahili sehrli bir aləmə çevirirdi. İki böyük mütəfəkkir Azərbaycanın gələcək mədəniyyət tarixini elə bu sahildə, Ağ çayın şahidliyi ilə addım-addım cızdılar.
Onlar evə qayıtdılar, masa arxasında oturdular. Masanın üzərində qalın dəri cildli, yüzlərlə vərəqdən ibarət olan böyük bir əlyazma var idi. Bu, Azərbaycan və Dağıstan xalqlarının ilk elmi tarixini özündə əks etdirən “Gülüstani-İrəm” əsəri idi.
Axundov vərəqləri vərəqlədikcə gözlərində böyük bir heyranlıq yarandı. Bakıxanov əsərin yazılma prosesindəki tarixi detalları dostu ilə bölüşdü: “Bu əsərin canında xalqın canlı yaddaşı var. Mən Qubanın, Şamaxının, Dərbəndin və Bakının ən qədim kəndlərini qarış-qarış gəzdim. Qəbələdə qədim alban kilsəsinin divarlarındakı yazıları və rəsmləri kağıza köçürdüm. Şirvanşahlar saray binalarının kitabələrini, qəbirlərin üzərindəki ərəb və farsdilli yazıları oxudum.”
Bakıxanov əlini əlyazmanın coğrafi təsvirlər olan hissəsinə qoyaraq davam etdi: “Nuh tufanından başlayaraq 1813-cü ilin “Gülüstan” müqaviləsinə qədər olan bu dövrü yazarkən Herodotdan, Strabondan tutmuş, Təbəri, Məsudi və rəsmi rus mənbələrinə qədər hər bir faktı bir-biri ilə qarşılaşdırdım. Bu kitab təkcə hökmdarların saray intriqaları deyil, bu torpağın insanlarının etnoqrafiyası, dili və coğrafiyasıdır. Biz öz tariximizi başqalarının təhrif olunmuş vərəqlərindən yox, öz kökümüzdən öyrənməliyik.”
Axundov “Gülüstani-İrəm” əsərinin dərin məzmunundan və Bakıxanovun elmi fədakarlığından elə bir ruh yüksəkliyi aldı ki, qəlbində uzun müddətdir gəzdirdiyi ideya birdən-birə büllurlaşdı. O, ustadının kənddəki cəhaləti elmlə yox etmək çağırışını alqışladı.
Axundov dedi: “Ağa, sən tariximizin təməlini qoydun. Mən isə bu günümüzün güzgüsünü yaradacağam. Sənin mənə bəhs etdiyin o kimyagərlər, xalqın sadəlövhliyindən istifadə edən yalançılar tənqid hədəfinə çevriləcək. Mən onların hamısını səhnəyə gətirəcəyəm! İlk komediyamı yazacağam: “Hekayəti-Molla İbrahimxəlil Kimyagər!”
Bakıxanov maraqla gənc dostunun üzünə baxdı. Axundov fikrini daha da daxili atəşlə davam etdirirdi: “Yalançı Molla İbrahimxəlil əhalini aldadıb gümüşdən qızıl düzəldəcəyini vəd edəcək. Bu komediya ilə mən xalqın gözünü açacağam! Qoy insanlar öz nadanlıqlarına daxildən gülsünlər. Sənin tarixlə verdiyin elmi dərsi mən səhnədə gülüşlə xalqa aşılayacağam.”
Bakıxanov gülümsədi, Axundovun çiyinlərindən tutdu: “Mübarəkdir, Mirzə Fətəli! Qələmini qorxmadan işlət. Gülüş cəhalətin ən böyük düşmənidir. Sən bu xalqı güldürərək düşündürəcəksən. Bu komediya bizim ədəbiyyatımızda yeni bir dövrün – teatrın və dramaturgiyanın əsasını qoyacaq.”
Onlar gecəni uzun müddət yata bilmədilər. Xalqı bu cəhalətdən qurtarmaq, maarifləndirmək üçün yollar aradılar.
Səhər açıldı. M. F. Axundov dostundan icazə alıb yola hazırlaşdı. Bütün kənd camaatı onu yola salmağa gəlmişdi. O, camaatla sağollaşdı. Bakıxanov dostunu qucaqladı, ona müvəffəqiyyət arzuladı.
Axundov: “Yolçu yolda gərək”, – deyərək Tiflisə doğru hərəkət etməyə başladı.
Abbasqulu ağa dostunu yola saldıqdan sonra “Gülüstani-İrəm” əsəri üzərində işlədi, onu tamamladı.
İllər keçdi. 1846-cı il idi. Abbasqulu ağanın ürəyində qalan bir arzusu var idi. O, Həcc ziyarətinə hazırlaşırdı. Onun evində fərqli bir təlaş var idi. Otağın küncündə böyük səfər xurcunları, yol xəritələri və müqəddəs kitablar düzülmüşdü. Bu səfər onun üçün sadəcə dini bir ayin deyil, həm də Şərqin qədim elm mərkəzlərini, Məkkə, Mədinə və Qahirə kitabxanalarını ziyarət etmək, oradakı alimlərlə elmi mübadilə aparmaq üçün bənzərsiz bir səyahət idi.
Bakıxanov öz əli ilə “Gülüstani-İrəm” və “Əsrarül-mələkut” əsərlərinin nüsxələrini səfər sandığına yerləşdirdi. O, bu elmi töhfələri Şərq dünyasının böyük kitabxanalarına bağışlamağı hədəfləyirdi.
Həyətə çıxdı. Bütün Əmsar camaatı bura toplaşmışdı. Kənd ağsaqqalları, qadınlar, uşaqlar ağanı böyük bir ehtiram və göz yaşları ilə yola salmağa gəlmişdilər.
Bakıxanov atına mindi. O, Əmsar kəndinin çınarlarına və onu sevgiylə yola salan sadə insanlarına son dəfə baxdı. Müdrik ədib Əmsar kəndindən ayrılıb bəşəriyyətin böyük yollarına doğru irəliləyərkən arxasında gələcək Azərbaycan maarifçiliyinin silinməz təməllərini və böyük bir ədəbi intibahı qoyub gedirdi.
O, Əmsar kəndindən ayrılaraq Tiflis, Qara dəniz, İstanbul, Qahirə və Ciddə marşrutu ilə Hicaza (indiki Səudiyyə Ərəbistanı ərazisi) çatır.
Müqəddəs Məkkə şəhərində Həcc ziyarətini tamamladıqdan sonra Bakıxanov Peyğəmbərin məzarını ziyarət etmək üçün Mədinə şəhərinə doğru yola düşür.
Həmin dövrdə Hicaz bölgəsində çox şiddətli vəba epidemiyası yayılmışdı. Səfər əsnasında Bakıxanov bu ölümcül xəstəliyə yoluxur. Məkkə ilə Mədinə arasında yerləşən Vadi-Fatimə dərəsində vəziyyəti ağırlaşır və 53 yaşında ikən vəfat edir. O, böyük ehtiramla vəfat etdiyi Vadi-Fatimə məzarlığında dəfn edilir.
Onun ölümü barədə xəbər Azərbaycana və Tiflis elmi mühitinə xeyli sonra çatır. Dostu M. F. Axundov və digər ziyalılar bu böyük itkidən dərindən sarsılırlar. Bakıxanovun vəfatına dövrün şairləri, yaxınları bir sıra mərsiyələr, hüznlü yazılar həsr edirlər.
Axundov “Böyük Ustadın və Ruhun Mövlanasının Əbədiyyətinə Vida” əsərində yazırdı: “Həmd olsun Allaha ki, hər bir can ölümü dadacaqdır. Amma elə canlar var ki, onların gedişi bir millətin, bir elmin sönməsi deməkdir. Vadi-Fatimədən gələn o kədərli, o amansız xəbər Tiflisə çatanda mən dondum, qələmim əlimdən düşdü, qəlbim parça-parça oldu. Şərqin ən parlaq ulduzu, Qafqazın fəxri, mənim mənəvi atam və yolgöstərənim Abbasqulu ağa Bakıxanovun müqəddəs Mədinə yolunda vəba bəlasına düçar olaraq əbədiyyətə qovuşduğunu eşitmək bu fani dünyada mənə verilən ən ağır dağ oldu. Qəbrin nurla dolsun, ruhun şad olsun. Vadi-Fatimənin qumları sənin kimi bir müdriki ağuşuna aldığı üçün müqəddəsdir. Səni heç vaxt unutmayacaq bədbəxt dostun və sadiq şagirdin…”
Mirzə Fətəli Axundov
Tiflis, 1847-ci il

Müəllif: Abid Şamiloğlu

Quba, Afurca kəndi, müəllim

Abid Şamiloğlunun yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top