PƏNCƏRƏDƏKİ KÖLGƏLƏR

PƏNCƏRƏDƏKİ KÖLGƏLƏR
Məktəbin kölgəli həyətində dayanan Dilarənin baxışları qeyri-ixtiyari yuxarıya zilləndi. İkinci mərtəbənin pəncərəsində iki qız kölgəsi bir anlıq görünüb yox oldu. Günəş şüaları şüşəyə düşsə də, o kölgələrin təlaşlı hərəkəti Dilarənin daxilindəki narahatlığı bir az da qatılaşdırdı. Sanki o pəncərənin arxasında bir fırtına qopmaq üzrə idi…
Əslində gözəl bir yaz səhəri idi. Dilarə hər zamankı kimi qızlarını məktəbə ötürürdü. Böyük qızı Əsma bütün gecəni coğrafiya dərsi üçün hazırladığı təqdimata həsr etmişdi. Böyük ölçülü vərəqdə divar qəzeti hazırlayarkən çox yorulmuşdu, amma nəticə möhtəşəm idi. Kiçik qızı Nəsrin isə bacısından cəmi bir yaş kiçik olsa da, dərsləri daha tez bitirdi. Evləri məktəbə yaxın olsa da, Dilarə uşaqları özü aparıb-gətirirdi.
Həmin gün Nəsrin dərsdən tez çıxmalı idi. Dilarə nədənsə evdən 30 dəqiqə tez çıxdı; sanki ana ürəyini nə isə narahat edirdi. Həyətdə gözləyərkən yuxarı baxanda Əsmagilin sinif pəncərəsində nümayəndə Məleykəni və sakitliyi ilə seçilən Aytəni gördü. Əllərində nə isə tutmuşdular. Dilarəni həyətdə görən kimi hər ikisi diksindi və cəld pəncərədən uzaqlaşdılar.
Zəng çalındı, Nəsrin gəldi. Amma Əsmanın hələ bir dərsi — coğrafiyası qalmışdı. Şagirdlər idman dərsindən çıxıb sonuncu dərsə girməli idilər. Dilarə uzaqlaşmaq istəyəndə, birdən məktəbin qapısında Əsmanı gördü. O, sinif yoldaşları ilə birlikdə hönkürtü ilə ağlayaraq həyətə qaçırdı. Valideynlər çaşqınlıq içində idi.
Dilarə cəld qızına tərəf qaçdı:— Əsma, sakitləş, qızım! Nə olub?— Ana… idmandan qayıdanda gördük ki, bütün sinfin hazırladığı divar qəzetlərini tikə-tikə edib yerə töküblər. Mənim zəhmətim… hər şey məhv oldu! — deyə Əsma hıçqırdı.
Dilarə soruşdu:— Bəs idmana gedəndə qapını niyə bağlamamısınız?— Aytənlə Məleykə özlərini pis hiss edirdilər deyə müəllimdən icazə alıb sinifdə qalmışdılar. Qayıdanda gördük ki, artıq hadisə baş verib. Onlar da çox pis haldaydılar…
Həmin an Aytən hönkürtü ilə ağlayaraq qaçıb Əsmanı möhkəm qucaqladı. O qədər səmimi ağlayırdı ki, heç kimin ağlına da gəlməzdi ki, bu qızın kədəri saxtadır. Amma Dilarə pəncərədə gördüyü o gizli hərəkətləri unutmamışdı.
Tezliklə sinif rəhbəri gəldi. Səs-küy içində valideynlər hadisəni başqa siniflərin üstünə atırdılar. Aytənin anası isə “bir parça kağıza görə uşaqların danlanmasına” əsəbləşirdi. Dilarə isə sakitcə müəlliməyə yaxınlaşdı:— Hadisəni Aytənlə Məleykə törədib. Onları dindirib deyin ki, “Əsmanın anası hər şeyi görüb”.
Kameralar yoxlanıldı, sinfə kənar şəxsin girmədiyi təsdiqləndi. Məleykə daxili qorxusuna tab gətirməyib hər şeyi etiraf etdi:”Səhər hamı Əsmanın işini bəyənəndə, Aytən qısqandı. Dedi ki, tək Əsmanın qəzetini cırsaq, bizdən şübhələnərlər, gəlin hamısını məhv edək ki, iz itsin. Hətta pəncərədən gül dibçəyini də həyətə atıb günahı başqasının üstünə yıxacaqdıq, amma Əsmanın anası bizi pəncərədən gördü deyə planımız pozuldu…”
Hadisədən sonra Məleykənin ailəsi regiona köçməli oldu. Aytən məktəbdə qalsa da, artıq heç kim onunla dostluq etmirdi; o, tənha şəkildə “oxumağa” davam etdi. Əsma isə bütün bu çətinliklərə baxmayaraq, zəhmətinin bəhrəsini gördü — imtahan verib nüfuzlu bir liseyə qəbul oldu. Dilarə isə qızını yeni məktəbinə yola salarkən anladı: Həqiqət pəncərənin o tərəfində gizlənsə də, ana ürəyindən qaça bilməz.Dilarə qızını yeni məktəbinə yola salarkən pəncərədən süzülən işığa baxıb gülümsədi. O anladı ki, həqiqət bəzən pəncərənin o tərəfində, kölgələrin arasında gizlənsə də, ana ürəyinin nurundan heç vaxt qaça bilməz.
19.04.2018
Müəllif: D.Mirzə
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


