“Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəsinin bağlanış tədbiri yüksək səviyyədə keçirilib

“Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəsinin bağlanış tədbiri yüksək səviyyədə keçirilib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəsinin bağlanış tədbiri uğurla təşkil olunub. Tədbir Şəki şəhər 14 nömrəli tam orta məktəbin akt zalında keçirilib və rayonun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən 60-dan artıq təhsil işçisini bir araya gətirib.
Layihənin əsas məqsədi Azərbaycan və Türkiyə müəllimləri arasında peşəkar əməkdaşlığın genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və Türkiyə təhsil sistemində uğurla tətbiq olunan müasir yanaşmaların Şəki təhsil mühitinə inteqrasiyasına dəstək vermək olub. Bu baxımdan layihə yalnız təcrübə mübadiləsi platforması kimi deyil, həm də müəllimlərin peşəkar inkişafına xidmət edən mühüm təşəbbüs kimi qiymətləndirilib.
Bağlanış tədbiri hesabat xarakteri daşımaqla yanaşı, geniş müzakirə və fikir mübadiləsi şəraitində keçirilib. Tədbir zamanı layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və gələcək perspektivlər iştirakçıların diqqətinə çatdırılıb. Layihənin icrası müddətində qazanılmış təcrübələr, formalaşan əməkdaşlıq əlaqələri və təhsil sahəsində yaradılan yeni imkanlar xüsusi vurğulanıb.
Çıxış edən müəllimlər layihənin region təhsilinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək belə təşəbbüslərin davamlılığının vacibliyini qeyd ediblər. Onlar layihə rəhbəri Ümmü müəllimin fədakarlığını, təşəbbüskarlığını, yüksək təşkilatçılıq bacarığını və təhsilin inkişafı naminə göstərdiyi əzmkar fəaliyyəti xüsusi vurğulayıblar. Bildirilib ki, layihənin uğurlu icrasında onun peşəkarlığı, məsuliyyətli yanaşması və zəhmətsevərliyi mühüm rol oynayıb.
İştirakçılar tərəfindən layihənin nəticələri yüksək dəyərləndirilib, əldə olunan nailiyyətlərin gələcəkdə yeni beynəlxalq əməkdaşlıqların qurulmasına və region müəllimlərinin peşəkar inkişafına əhəmiyyətli töhfələr verəcəyi bildirilib. Qeyd olunub ki, bu cür layihələr müasir təhsil çağırışlarına cavab verən innovativ yanaşmaların tətbiqinə, müəllimlərin beynəlxalq təcrübədən faydalanmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Sonda tədbir iştirakçıları “Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəsini nümunəvi və uğurlu təşəbbüs kimi qiymətləndirərək, layihənin qarşıya qoyduğu məqsədlərə tam şəkildə nail olduğunu vurğulayıblar. Layihə həm iştirakçılar, həm də təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb və müsbət nəticələri ilə yadda qalıb.



