Weather Data Source: havadurumuuzun.com

İnsanın özünə qarşı apardığı səssiz mübarizə

İnsanın özünə qarşı apardığı səssiz mübarizə

Gün ərzində müəyyən işlərlə məşğul olursan. Bəlkə işə gedib-gəlirsən, şəxsi baxımına vaxt ayırır, gündəlik ehtiyaclarını qarşılayırsan. Bəzən gəzintiyə çıxır, bəzən isə monoton həyatın içində itib-batırsan. Axşam olanda isə üzərinə bir yük çökür. Bunun gün ərzində etdiyin işlərin yorğunluğu olduğunu düşünürsən. Amma keçmir. Zehnində bir qarışıqlıq, bədənində isə bir uyuşma var.

Bunları hiss etməmək üçün özünü məşğul edirsən. Telefonda qısa videolar izləyir, başqalarının “uğurlarını” göstərən paylaşımlara baxır, “vlogger” və “blogger”lərin səhifələrində saatlarla vaxt keçirirsən. Doğrusunu desək, zaman anlayışını itirirsən. Bir də ayılırsan ki, saatlar keçib gedib, amma daxilindəki narahatlıq hələ də qalır.

Düşünmək belə istəmirsən. Axı bu narahatlıq nədəndir? Çünki düşünmək üzləşmək deməkdir. Üzləşmək isə cəsarət tələb edir. O narahatlığın səbəbi daxilində gedən mübarizədir. Görünməyən və daimi olan bir mübarizə. Potensialını həyata keçirmək istəyi ilə məsuliyyətdən qaçmaq arzusu arasındakı mübarizə.

Çox vaxt tənbəllik adlandırdığımız xüsusiyyətin kökündə də məhz bu dayanır desəm, inanarsınızmı? Tənbəllik sadəcə heç nə etməmək deyil. Çox vaxt o, insanın daxili gərginliyindən qaçma formasıdır.

Müraciət edən danışanlarımdan biri tənbəl olmasından şikayət edirdi. Bu xüsusiyyətinə görə həm ətrafdakıların, həm də özünün qınaq obyektinə çevrilmişdi. Düşünə bilərsiniz ki, əgər insan özünü bu xüsusiyyətinə görə qınayırsa, deməli dəyişə bilər. Bəs niyə dəyişmir? Niyə bu xüsusiyyəti ilə yaşamağa davam edir?

Çünki bəzən tənbəlliklə qazandıqlarımızın həcmi itirdiklərimizdən daha çox olur. Belə olduqda insan tənbəlliyi “buraxa” bilmir. Tənbəllik onu məsuliyyətdən uzaqlaşdırır, zəhmətdən qoruyur, risk almaq məcburiyyətini azaldır.

Bu mövzu haqqında çox düşünmüşəm. Gəldiyim nəticə budur ki, hər insan müəyyən bir potensialla doğulur. Fikirlərini təqdir etdiyim amerikalı psixoloq Abraham Maslow öz ehtiyaclar iyerarxiyasında bu mövzuya toxunur. Maslow hesab edirdi ki, hər insanın daxilində öz potensialını həyata keçirmək, bacarıqlarını inkişaf etdirmək və həqiqi mənliyinə çevrilmək istəyi var. O, bu prosesi “özünü gerçəkləşdirmə” adlandırırdı.

İnsana öz potensialını gerçəkləşdirmək üçün resurs da verilir. Bu, sənin daxili enerjindir. Həmin resursu nəyə sərf etdiyin isə həyatını dəyişir. Məsələn, keçmişə bağlılıq, kin, nifrət, qeybət, paxıllıq, qəzəb, bitmiş münasibətlər, “boş” insanlarla mənasız söhbətlər və daha nələr, nələr…

Axı o resurs xərclənməlidir. Sən onu potensialını gerçəkləşdirməyə sərf etmədiyin halda, başqa istiqamətlərə yönələcək. Sadəcə həyatda qalmaq, “baş qatmaq” üçün nələrləsə məşğul olacaqsan.

“Bəs insan potensialını gerçəkləşdirməyə haradan başlamalıdır?” sualını versəniz, ilk olaraq bunu deyərdim: Enerjini yanlış yerlərə xərcləməməlidir.

Özünü kəşf yolunda addımlar atmaq bizi həm daha xoşbəxt edir, həm də potensialımıza yaxınlaşdırır. Başqalarının səhvləri, keçmiş hadisələr və ya gündəlik səs-küylə məşğul olmaqdan çıx. Öz qorxularına, arzularına və həqiqətlərinə baxmağa başla.

Məsuliyyətini qəbul et. Ekzistensial fəlsəfəyə görə azadlıq və məsuliyyət ayrılmaz anlayışlardır. Həyatının istiqamətini başqalarının deyil, öz seçimlərinin müəyyən etdiyini qəbul etmək inkişafın əsas şərtlərindən biridir.

Öz dəyərlərinə uyğun yaşa. Özündən soruş: “Mənim üçün həqiqətən vacib olan nədir?” Bir çox insanlar başqalarının onlar üçün təyin etdiyi qaydalara uyğun yaşayırlar. Öz dəyərlərinə uyğun olmayan həyat daxili boşluq yaradır. Dəyərlərinə uyğun həyat isə məna hissini gücləndirir və səni potensialına doğru aparır.

Və nəhayət, hərəkətdə ol. Nə qədər ki, axtarışdasan, bir o qədər çox məlumatlı olursan. Kitablar, mentor dəstəyi, psixoloji yardım, təlimlərdə iştirak və digər fəaliyyətlər öz yolunda addımlamağına kömək edən vasitələrdir.

Bəlkə də həyatın ən böyük yorğunluğu çox işləməkdən deyil, ola biləcəyin insandan uzaq yaşamaqdan yaranır…

Sevgi ilə qalın…

Aytac Ələkbərova,
klinik psixoloq, təlimçi

Aytac Ələkbərovanın yazıları

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top