İlham Zeynallı – 60

“SÖZÜN QOHUMU” –
İlham Zeynallı – 60
Nə bəxtiyardır o kəslər ki, öz qohumlarından savayı söz qohumları da var.Nə məsuddur o insanlar ki, bir süfrənin, bir masanın ətrafına məhz sözün qohum-əqrabası kimi yığışırlar.Eli elindən ayrı, yolu yolundan fərqli oğulları söz rüzgarının ifçin əsintiləri bir ortama yığa bilirsə, deməli, qohumluq da əbədidir, dostluq da.Yaşı altmışa dayanan, fəqət yetmişinə yetməyi hədəfləyən, səksənindən əsla səksənməyən, həyatı dolu-dolu yaşamağa layiq biridir İlham Zeynallı.İlham Zeynallı AzTV-nin sağlam jurnalistlərindəndir.Mailə Muradxanlı, İbrahim Göyçaylı məktəbinin yetirməsidir.Yeniyetməliyinin cır səsi ilə bizi haylayan şeirləri də var, sətirləri qəzet və dərgilərdən qanrılıb baxan məqalələri, oçerkləri də.Azərbaycan Radiosunda 1992-ci ildən silsilə verilişlər də hazırlayıb, televiziyanın “Ədəbi-dram verilişləri” redaksiyasında “Məhək daşı” kimi proqramlar da.Fərqli redaksiyalarda, fərqli janrlarda özünü ifadə etsə də, hərdaim sözün hizmətində dayanıb yubilyarımız.Səsli-küylü, təmtəraqlı şəkildə özünü göstərməklə işi yoxdur Zeynallının.
“Gündəlik işini vicdanla, bəzək-düzəksiz yerinə yetir, bəsimizdir.” Pafosdan, patetikadan uzaq, amalı bu qədər sadədir İlham müəllimin.İlham Zeynallı sırf jurnalistdir, yaxşı yazıçı da ola bilərdi, lakin ustad şairimiz rəhmətlik Məmməd İsmayıl demiş:
“Dönər budaqlara ömrün illəri,
Asılar çiynindən oğul-uşaqlar”
Yəni ailə qayğıları sənə pərvazlanıb uçmağa rüsxət verməz, elə hey deyər:
“Hara gedirsən, məni dünyaya gətirmisən, yaşatmalısan”
Dünyaya gəlmək məsələsində bir hovur dayanaq:
Zeynallının bu cahana təşrif buyurduğu ulu Şirvan torpağıdır, qədim yurd yerimiz Şamaxıdır və Şamaxının bir addımlığında lövbər salan Əngəxaran kəndidir.1966-cı ilin 12 iyunu təvəllüd tarixidir.60 illik yolun cığırları Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsindən də keçəcəkdi, uzaq Çelyabinsk şəhərində 2 illik əsgər həyatından da.İlham müəllimin gəncliyi dünyanın əminamanlıq çağına yox, məhz aranın qarışdığı, məzhəbin itdiyi vaxtlara tuş gələcəkdi.
“Keçid dövrü”- deyibən bəzən körpsünü keçə bilmədiyimiz ərzin dolanbaclarını aşmaq vardı.Ömür ağacından “qayğı” adlı meyvəni döşürəcək, “zülm” adlı bəhəri də dərəcəkdi.
Amma Müstəqilliyimizin bərpası illərinə də, Zəfər savaşımıza tanıqlıq da yazılıb Zeynallının 60 illik ömür hekayətinə.
Onu deyirdim axı…
Folkloruna, ədəbiyyatına, söz-sovuna heyranlıq duyduğumuz bir elin yetirməsidir.Tərəkəmə “Padar” tayfasının zillətli yaylaq-qışlaq günlərini görən, əməkçi Usub kişinin nəvəsi, Adil atanın oğlu kimi atıldı bu həyata.Ruzi-pədəri hər zaman İlham Zeynallıya halal şəkildə ötürüldüyündən, özü də belə dövran sürməyə adət elədi.
Görünür,
-“Mən çoxlu var gəzməmişəm,
Bircə tikə bəsim olub” – deyən şair Sücaətin haqq misralarını da yaxşıca əzbərləyibmiş.Ona görə də hər gördüyündən göz kirəsi istəməz, “az” ı əsla az bilməz, həmişə “pis odur ki, olmasın” deyimini savunar.
Ancaq bütün bu məziyyətləri ilə İlham müəllim heç də üzüyola, naçar təsiri bağışlamamalıdır.Yeri gələndə, haqqını tələb etməyi də bacarar, nənəm demiş: “Bildiyini kimsəyə verməz”.Yəni
“bu iş belədir, mən belə bilirəm vəssəlam!” söyləməyi də var. Bu barışmaz mövqeyi ilə bəzən kiməsə diş də qıcayar, lap uşaq kimi cırnayar da. Amma beşcə dəqiqə sonra boynunu bir qədər yana bükər, çöhrəsinə təbəssüm qonar, humanist damarı tutar və bu zaman söhbətləri yumordan, zarafatdan xali olmaz.”Efirqabağı nəzarət şöbəsi” nin rəisi kimi hansısa verilişdə hansısa nöqsanı aşkarlayanda
“Qadası, bəlkə bu kadrı çıxarasan, qadası bəlkə bu sözü verməyəsən” – deyə fikrini də bildirər.Ancaq o yerdəki sən haqlısan ikiəlli səninlə razılaşmağa həmişə amadədir.İlham Zeynallı bütün insanların fikrinə sayğı ilə yanaşar.Mənimlə söhbət əsnasında
“Bu Əli yolu haqqı” – deməyi bir Şirvanlı balasının bir həmşəri övladına qucaq açmağı kimi yozulmalıdır.Buna bizim tərəflərdə “ərdəmli insan” da deyirlər.Alicənablığın miqyası məhz belə nüanslarla ölçülmürmü?!
İlham müəllim fərqli mülahizələrə də açıq insandır.Onunla dil məsələsində dəfələrlə fikir ayrılığımız da olub, ancaq fundamental məqamlarda türkün şərəfli mazisi, uca məqamı, mübarək xisləti, nəcib niyyəti məsələlərində yalnız yek hədəfə vurmuşuq.
İlham Zeynallı məqsədlərinə çatmayanda gileylənən, narahat olan adamdır.Narazılığı da bəs qədərdir ki, bu da təbiidir.Narazı adam o insandır ki, nəinsə, kiminsə təəssübünü çəksin.Bu narazılıq ən kiçik məişət məsələsindən ən ülvi mətləblərə qədər uzana bilər.Ancaq istənilən halda, hər bəhsi ancaq xeyirə xidmət edir.
-Pisdirsə, düzəlsin, yaxşıdırsa, daha yaxşı olsun!
Bəlkə saçının büsbütün ağarmasında da həmin qayğıların “payı” kifayət qədərdir.
Onu da deyim ki, mən İlham müəllimi tanıyanda hələ saçının bəyazları saçının siyahına yenicə “hücuma keçirdi”.Mən “Səhər” də İlham müəllim “Xəbərlər” dən Dilçilik İnstitutuna kitab təqdimatına getmişdik.Üstündən 15 il ötüb.Bu gün Zeynalının saçları tamamən ağarıb, bir cüt əkiz qız nəvəsinin bir yaşlarını da görmək nəsibi olub.Ailəsi bir qədər də böyüyüb, qohumları biraz da çoxalıb.Yazımın əvvəlindəki “qohum” sözünün diktəsi yenə öz işini görür.Mənə sövq-təbii olaraq yenə söz qohumluğundan yazdırmağa başlayır.Xub!
Bu, Zeynallının sözə olan qohumluğunun kəraməti, televiziyaya bəslədiyi münasibətin şərafəti deyilmi?!
İlham Zeynallı, peşəsinin peşəkarı, ömrün 60-da Sizi xoş gördük, ay Sözün qohumu!

-“Xoş bulduq!” deməyə canınızın həmişə sağlam, ruhunuzun hərdaim hüzurlu olması diləyi ilə…
Turan Uğur
AYB-nin üzvü
09 iyun 2026-cı il,
Bakı


