Weather Data Source: havadurumuuzun.com

Ömrünü Şərəfli Xidmətə və Milli Dəyərlərə Həsr Edən Ziyalı:

Ömrünü Şərəfli Xidmətə və Milli Dəyərlərə Həsr Edən Ziyalı:
Həyat yolu bəzən insanı doğulduğu torpaqlardan uzaqlara, fərqli coğrafiyalara aparır. Lakin qəlbində vətən sevgisi, ruhunda milli təəssübkeşlik daşıyanlar harada olurlarsa olsunlar, öz köklərinə sadiq qalırlar. Belə şərəfli və örnək hərbi-ictimai fəaliyyətlə zəngin ömür yollarından biri də milis polkovniki Fəxrət Süleymanova məxsusdur. Onun Qazaxıstandan başlayan, Azərbaycandan keçən və fərqli ölkələrə uzanan zəngin bioqrafiyası gənc nəsil üçün əsl fədakarlıq nünuməsidir.
Fəxrət Süleymanov 1953-cü ildə Qazaxıstan Respublikasının Çemkent şəhərində anadan olmuş və ilk gənclik illərini orada keçirmişdir. Orta təhsilini doğulduğu vilayətdə uğurla başa vurduqdan sonra, daxilindəki elm və təhsil işığı onu tarixi vətəni olan Azərbaycana gətirir. O, Bakı şəhərinə gələrək sənədlərini o zamankı Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırkı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı fakültəsinə təqdim edir. 1970–1975-ci illərdə burada ali təhsil alan Fəxrət müəllim, gənc bir mütəxəssis kimi rus dili və ədəbiyyatının incəliklərinə dərindən yiyələnir.Ali təhsilini bitirdikdən sonra, 1975-ci ildə dövlət təyinatı ilə Gədəbəy rayonunun ucqar Hacılar kənd orta məktəbinə rus dili müəllimi kimi göndərilir. 1975–1976-cı tədris ilində bu kənddə fəaliyyət göstərən gənc müəllim, qısa müddətdə şagirdlərin və yerli camaatın rəğbətini qazanır. Lakin o dövrün infrastruktur problemləri, yolların həddindən artıq dözülməz olması və qarşılaşdığı müəyyən məişət çətinlikləri onun buradakı fəaliyyətini uzun müddət davam etdirməsinə imkan vermir. Fəxrət müəllim ata-baba yurdu olan Qərbi Azərbaycanın Noyemberyan rayonun , Lənbəli kəndinə köçmək məcburiyyətində qalır. Bir müddət orada da pedaqoji fəaliyyətini devam etdirdikdən sonra, tale yolları onu yenidən doğulub boya-başa çatdığı Qazaxıstana, Çemkent vilayətinə qaytarır.
Çemkentə qayıtdıqdan sonra Fəxrət Süleymanovun həyatında tamamilə yeni və şərəfli bir mərhələ başlayır. Hərbi xidmətə çağırılan gənc ziyalı, xidmət müddətini zabit kimi – leytenant rütbəsində başa vurur. Orduda qazandığı nizam-intizam və idarəçilik bacarığı onun gələcək peşə seçimini müəyyənləşdirir. O, asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi çətin və məsuliyyətli bir sahəni seçərək Çemkent vilayətində milis leytenantı kimi xidmətə qəbul olunur. Daxili işlər sistemində peşəkarlığını artırmaq məqsədilə Milis kursunda xüsusi təhsil alır. Qanunun aliliyini qoruyan, xidmət etdiyi dövlətə və xalqa sadiqliyi ilə seçilən Fəxrət Süleymanov pillə-pillə yüksələrək milis polkovniki rütbəsinə qədər ucalır. İllərlə çiyinlərində daşıdığı bu rütbə onun rəşadətinin, dövlətçilik prinsiplərinə sadiqliyinin və gərgin əməyinin ən bariz sübutudur. Göstərdiyi bu qüsursuz xidmət, asayişin qorunmasındakı şücaət və fədakarlıqları dövlət tərəfindən çox yüksək qiymətləndirilmişdir. Milisdə işlədiyi illər ərzində o, qüsursuz xidmətə görə I, II və III dərəcəli medallarla təltif olunmuşdur. Bundan əlavə, onun zəngin xidmət yolu 10 illik yubiley medalı və xidmətdə keçən hər beş ildən bir təqdim olunan yubiley medalları, o cümlədən 30 illik yubiley medalı ilə mükafatlandırılmışdır. Bu təltiflər polkovnik Fəxrət Süleymanovun peşəkar fəaliyyətinin dövlət səviyyəsindəki təsdiqidir.
Fəxrət Süleymanov təkcə uğurlu xidmət yolu ilə deyil, həm də nümunəvi, möhkəm bünövrəli ailə başçısı kimi tanınır. Ömür-gün yoldaşı ilə birlikdə beş övlad böyütmüş və onlara gözəl gələcək bəxş etmişdir. Üç qız və iki oğlan atası olan Fəxrət müəllim, hər bir övladına yüksək səviyyəli ali təhsil vermiş, onları cəmiyyətə savadlı və xeyirli bir mütəxəssis kimi qazandırmışdır. Övladlarından biri insanların sağlamlığının keşiyində duran bir həkim, digəri cəmiyyətin güzgüsü sayılan bir jurnalistdir, oğlanlarından biri isə biznes sahəsində uğurla fəaliyyət göstərir.Həyatın coğrafiyası Fəxrət müəllimin ailəsini fərqli ölkələrə aparmışdır. Hazırda onun qızlarından ikisi Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində, digər bir qızı isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayır. Həyatın amansız qanunları Fəxrət müəllimi də böyük sınaqla üz-üzə qoymuş, onun uzun illər çiyin-çiyinə addımladığı, həyatın hər çətinliyinə birlikdə sinə gərdiyi sevimli həyat yoldaşı bir neçə il əvvəl haqq dünyasına qovuşmuşdur. Bu ağır itki ailəni dərindən sarsıtsa da, dünyanın dörd bir yanına yayılmış övladlarının sevgisi Fəxrət müəllimə bu çətin günləri dəf etməyə və ömür yolunu metanətlə davam etdirməyə güc verir. Hazırda Çemkent şəhərində yaşayan və təqaüddə olan polkovnikin bu gün ən böyük xoşbəxtliyi, mənəvi təsəllisi və zənginliyi onun 13 nəvəsidir. O, asudə vaxtını tamamilə nəvələrinin tərbiyəsinə, elmi və mənəvi inkişafına həsr edib. Vətəndən uzaqda, Qazaxıstanda yaşamasına baxmayaraq, o, nəvələrinə öz doğma ana dilini – Azərbaycan dilini mükəmməl şəkildə öyrədir, onlara zəngin Azərbaycan tarixini aşılayır. Xüsusilə Azərbaycanın qan yaddaşı, zəfər tarixi və iftixar mənbəyi olan Qarabağ haqqında nəvələrinə geniş, ətraflı məlumatlar verir. O, gənc nəslin qəlbində ulu əcdadlarının torpağına qarşı böyük bir sevgi və qürur hissi formalaşdırır. Fəxrət Süleymanovun bu fəaliyyəti sübut edir ki, vətənpərvərlik coğrafi sərhədlərlə ölçülmür; o, insanın ruhunda yaşayan, sərhədləri aşaraq nəsildən-nəslə ötürülən ən müqəddəs və ali duyğudur.


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.

Top