Weather Data Source: havadurumuuzun.com

MÜSFİQLİ GÜNLƏR

MÜSFİQLİ GÜNLƏR
İlahi,yenə də Muşfiq ətirli,
Məhəbbət qoxulu o bağ olaydı.
Dilbərin saçını öpəydi dəniz,
Sahillər titrəyən dodaq olaydı.

Nakam bir şairin ətrini duyub,
Çətin, müsfiq-müsfiq gülə dalğalar.
Zamanın amansız xəcalətindən,
Dönübdü “Nargin”də külə dalğalar.

Sözün ürəyinə,ruhuna hopub,
Müşfiqli duyğunun gözəl qoxusu.
Dənizin içində çoxdan boğulub,
Müşfiq misrasının ölüm qorxusu.

Yenə sahil boyu qumların üstə,
Dilbər-Müşfiq adı qoşalaşaydı.
Sevgi çiçəkləyən iki sinədə,
Qəlblər misra-misra qucaqlaşaydı.

Ellər sevgi ilə öpüb oxşayır,
Hər bir misrasını,hər bir bəndini.
Həzin nəğmə kimi Müsfiqin ruhu,
Hər il salamlayır Xızı kəndini.

“Mən hər il bu günü Müşfiqi ziyarət edirəm…
Bu il yenə onun yanında, olmayan susqun məzarının başındayam.
Bu gün yenə dua etdim, içimdən keçənləri söylədim ona.
Çünki o mənim üçün sadəcə bir şair deyil,
nakam taleyin özüdür…
Yarısı yazılmış bir həyatın, yarımçıq qalmış bir şeirin səsi kimi…”
Bəzən bir səs olur, zamana sığmır. Bir nəfəs olur, əsrlərlə yaşayır. Bir qələm olur, susanda belə danışır. Mikayıl Müşfiq Azərbaycan poeziyasının öz içindən doğulan, külək kimi nazlı, amma tufan kimi qüdrətli bir səs idi. O, təkcə şeir yazmırdı sevirdi, yanırdı, nəfəs alırdı misralarda. Və biz bu gün onun səsi ilə yox, onun səsi ilə bizi danışdıran sözlərlə baş-başayıq.
1911-ci ildə Bakı torpağında göz açan bu narın, kövrək şair elə ilk misralarından xalqının duyğularını qəlbinin dərin qatlarından çəkib çıxararaq sətrə, sətirdən sözə, sözdən nəğməyə çevirdi. Müşfiqin şeirləri yazılmadı yaşandı. O, sözün musiqisini tapdı, sevgini ahəngə çevirdi, azadlığı isə ürək kimi döyündü poeziyada.
Hər il nakam şairimizi ziyarət edirəm,danışıram onunla.
Müşfiq deyəndə ilk yadıma düşən “Yenə o bağ olaydı” şeiri olur. O bağ keçmişin saflığı, bir ömrün təravəti, hələ toxunulmamış ümidlərin, solmamış gülüşlərin, qırılmamış arzuların məkanıdır. O misralar təkcə xatirə deyil, bir ruhun yalvarışıdır.

“Yenə o bağ olaydı,
Gül açaydı, yar güləydi…”

Bu misralarda bir millətin çırpınışı yatır. Təbiətlə insan arasındakı ruh bağı, bir insanın yaşamaq ehtiyacı qədər səmimi olan sevmək haqqı, azad olmaq arzusu Müşfiq bunların hamısını bir neçə sözlə dilə gətirə bilirdi. Çünki o, sözü danışdırmırdı söz onunla özü danışırdı.
Poeziya ilə nəfəs alan bir ürək idi Müşfiq.
Onun qələmi səmimi idi. Misralarında nə təmtəraq, nə süni pafos, nə də söz oyunu vardı yalnız həqiqət vardı. Sevginin həqiqəti, ayrılığın, azadlığın həsrəti… Müşfiq az danışırdı, amma çox şey deyirdi. Bir bənzətmə ilə bir taleyi, bir metafora ilə bir xalqın tarixini…
Qadın obrazı onun poeziyasında təravət kimi gəlir. O, qadını ilhamın özü kimi görürdü. Ana isə onun üçün müqəddəs idi:

“Ana! Qəlbimdə sənə bir ocaq var
Sönməz, sönsə də külü müqəddəsdir…”

Repressiyanın susdurduğu, tarixin danışdırdığı səs idi O.
1937-nin qara qışı onun taleyini də dondurdu. Amma öldürə bilmədi. Onu susdurdular, amma sözünü xalqın hafizəsindən silə bilmədilər. Çünki həqiqət susmaz. Şeirə çevrilmiş həqiqət isə heç zaman ölməz.
Mikayıl Müşfiq susdurulmuş sözün hayqırtısıdır. Onun qırılan qələmini biz davam etdirməliyik.
Sonda Qayıdan bir səs bu günlərdi.
Bu gün 5 iyundur Şairlər Günü. Və Mikayıl Müşfiq yenidən bizimlədir. Onun səsi küləkdə əsir, adı dodaqlarda pıçıldanır, ruhu yazı masalarında, məktəb partalarında dolaşır. O, bu xalqın tənha ürəyi idi. İndi isə xalqın qürurlu yaddaşıdır.
Şairlər ölə bilər. Amma söz ölmür. Müşfiqin sözü isə yalnız yaşamır yaşadır. Hər bir oxucu onu qəlbində yenidən doğurur.
Mikayıl Müşfiq sən sözə nəfəs verdin.
İndi söz sənlə nəfəs alır…
Prezident mükafatçısı
AYB-AJB-nin üzvü Yazıçı
Sona Abbasəliqızı İsmayılova

Top