Torpaq ona səcdə edən varsa –Vətəndir!

Torpaq ona səcdə edən varsa –Vətəndir!
Və ya Vətən adam-sənə səcdə edirəm!..
Sosial şəbəkədə qarşıma çıxan bir videonun təsirindən günlərdir çıxa bilmirəm. Sevimli müəllimim, Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin erməni işğalından azad olunmuş doğma kəndi Novruzluya ilk gedişini əks etdirən videosüjetdən danışıram. Bu kiçik videomaterial vətənpərvərlik mövzusunda yazılan qalın-qalın kitablardan, çəkilən filmlərdən daha təsirli gəldi mənə. “Hardan başlanır Vətən? sualının cəcdəli cavabı kimi…
Cahangir Məmmədli 30 il erməni tapdağında qalan doğma kəndi Novruzlunun ziyarətində nə alim idi, nə müəllim, nə də ictimai xadim. Doğma yurd yeri üçün burnunun ucu göynəyən 84 yaşlı bir uşaq idi, üzünü vətən torpağına sürtüb hönkür-hönkür ağlayırdı, heç paltarlarının batması da eyninə deyildi, ötənlərini, doğmalarının ruhlarını haraylayaraq burda olduğunu bildirirdi. Cahangir müəllimin ilahi səcdədə möhürü də, təyəmmümü də Novruzlu torpağı idi, alnını ona dayamışdı, dəstəmazını bu torpaqla almışdı. Novruzlu torpağı müqəddəs qiblə idi, Kəbə idi, iki dünyanın iç-içə qovuşduğu, zaman-məkan vəhdətinin tarazlaşdığı ziyaratgah idi, ahıl çağında uca həqqin lütf edərək yaşatdığı xoşbəxtlik payı idi. Sevinirdi ki, bu gəlimli-gedimli, son ucu ölümlü dünyada, ömrünün ahıl çağında uca yaradan ona fürsət verib ata-baba yurdunu görməyə, havasını sinəsinə çəkməyə, torpağına səcdə etməyə, suyundan içməyə, xatirələrini təzələməyə.
…Sözlə nəzmə çəkə bilməyəcəyim ilahi bir mənzərə izlədim, ilahi duyğu yaşadım, səssiz, ürəkdən ağladım-özümdən ixtiyarsız. Vətənə qovuşmaq necə ilahi sehr, güc, həm də böyük xoşbəxtlik imiş! Cahangir müəllim uşaq olmuşdu, özünü, çəkiliş getdiyini, ətrafdakıları belə unutmuşdu, təkrar-təkrar kəndin ətrafına dövrə vururdu, daşları, ağacları sığallayırdı, məzar daşlarına toxunurdu, kəndliləri yanındaymış kimi onlarla danışırdı, haylayırdı, üzərində olan zəhmətə görə halallıq istəyirdi. Novruzlunu, doğma kəndi bundan artıq sevmək mümkünmü? Çətin! Hardasa oxumuşam ki, insan üçün ən əziz yer doğmalarını torpağa tapşırdığı məkandır. O məkandakı ruhlar insanı bütün ömrü boyu özünə çəkir, unutmağa qoymur. İnsan unutmaq istəsə də, ruhu axtarıb tapır, daşına, torpağına bağlanır, ora sığınır.
…Cahangir müəllimin Novruzluya qovuşmaq səadətini onunla bir bölüşən, yanında olan jurnalist həmkarım Mirşahin Ağayevə, bu görüntüləri lentə alan çəkiliş qrupuna həsəd apardım-bu ilahi görüşə şahid olduqlarına, sevinc paylarını aldıqlarına, ruhən, içən təmizləndiklərinə görə. O anlarda Mirşahin nə televizia rəhbəri idi, nə də bu xeyirxah görüşün təşkilatçısı, təşəbbüsçüsü. Cahangir müəllimin yüzlərlə tələbəsindən biri olduğunu da unutmuşdu Mirşahin. Bəlkə Cahangir müəllimin özünü də. Həmkarım öz ruh aləmində idi, gözlərini torpağa zilləmişdi, illərin həsrətlisi olan, yurdu üçün körpə kimi ağlayan insanın torpağı ilə görüşü onu da kövrətmişdi. Amma, həm də xoşbəxt etmişdi, çöhrəsindən bəlli idi. Amma bir şey mənə təəccüblü qaldı- nə üçün Mirşahin həmin anlarda Cahangir müəllimlə birgə cəcdəyə getmədi, torpağa əyilmədi? Həyəcandanmı unutdu? Axı o torpaq təkcə Novruzlu deyildi, Ağdam deyildi, bütöv Azərbaycan idi, Vətən idi, doğma yurd idi və ona cəcdəyə getmək ilahi bir BORC idi!
“Dünyada mənim üçün ən əziz torpaq olan Novruzlu kəndindəyəm. Novruzlu kəndi mənim üçün ideal bir məkandır, makro vətənimin makro bir nöqtəsidir. Burda mən özümü bu gün dünyanın ən xoşbəxt adamı hesab edirəm. Elə özümü dünyanın ən xoşbəxt insanı kimi də hiss edirəm”. Novruzluda, doğma kəndində ona olan sevgisini belə dilə gətirir Cahangir müəllim. “Bu kənd mənə çox şey verib” deyir. Dünyadan vaxtsız köçən anasının, cəhbədən qayıtmayan, üzünü heç vaxt görmədiyi atasının, əzizlərinin ruhu bu yurdun torpağına, havasına, suyuna qarışıb, hopub, daşına, qayasına həkk olunub. Cahangir müəllim üçün yurd yerinin yetimliyi valideyn yoxluğundan da ağır dərd imiş. Doğulduğu torpağın 30 ildən çox erməni tapdağında qalması yetimlik ağrısını da üstələyibmiş. “Dağ olsaydım əriyərdim, torpaq idim dayandım” deyimi sanki Novruzlu üçün deyilibmiş.
… Daşı daş üstə qalmayan, evləri viran edilən, məzarıstanı belə dağıdılan Novruzlu səcdəsinə qapanan övladına nə danışdı, uzun illərin ağrısını necə anlatdı, o da göz yaşı töküb ürəyini boşaltdımı?-bu sualların cavabını Cahangir müəllimdən elə soruşmaq istəyirəm ki. “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim”in səbəbini də…
Bu, bir yubiley yazısı deyil. Cahangir müəllimin elmi, bədii, pedaqoji fəaliyyəti haqqında o qədər yazılıb ki… Bu esse 30 ildən sonra torpağına səcdəyə gedən müəllimi haqqında keçmiş tələbəsinin duyğularının sözlə izharıdır-bu görüşün özü kimi kövrək, duyğulu.
Cahangir müəllim, “Novruzluda evlər tikilsə, ilk köçənlərdən biri mən olacağam” demisiniz. İnşallah! Qoy Novruzluda yeni evlər inşa olunsun, köç başlasın, sizə də təzə ev verilsin. Və təzə evinizdə sizi ziyarətə mən də gələcəyəm, əziz müəllimim.
Allah arzularımızı çin etsin! Amin!
Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru
Esmira İsmayılovanın digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


