Weather Data Source: havadurumuuzun.com

Şəhid XTQ Aslan İsmayılovun Mövlud Günü Yüksək Səviyyədə Qeyd Olundu

Şəhid XTQ Aslan İsmayılovun Mövlud Günü Yüksək Səviyyədə Qeyd Olundu

1 iyun tarixində Salyan rayonunun Sarvan kəndində Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti Aslan Əvəz oğlu İsmayılovun mövlud günü böyük ehtiram və qürur hissi ilə qeyd olundu. Tədbirdə iştirak etmək mənim üçün həm mənəvi borc, həm də böyük qürur mənbəyi oldu.
Əvvəlcə şəhidimizin məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Daha sonra tədbir İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta ümumtəhsil məktəbinin akt zalında davam etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qənbər Qəzənfər oğlu Həsənov, Salyan Rayon İcra Hakimiyyəti başçısının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Rasət Hidayət oğlu Bağırov, şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Məktəbin 7 “A” sinif şagirdləri vətənpərvərlik ruhunda hazırlanmış çıxışlar təqdim etdilər. Şəhid XTQ Aslan İsmayılovun adını daşıyan sinfin şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlərlə çıxış etdilər. Xüsusilə şəhidimizin anası Gülbəniz ana ilə Aslan İsmayılov arasında qurulmuş dialoq əsasında hazırlanmış səhnəcik tədbir iştirakçılarına dərin təsir bağışladı.
Tədbirin ən yaddaqalan məqamlarından biri Azərbaycanın sevilən ifaçılarından Zəminə Duyğunun ifasında səslənən, sözləri və musiqidi şairə və yazıçı Sevda İbrahimliyə məxsus olan “Əbədiyyət Üfüqündə Parlayan Zərrə” mahnısı oldu. Mahnı iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı.
Tədbirdə Bakı şəhərindən gəlmiş tanınmış jurnalist, filoloq, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Vətən Fatehləri” layihəsinin rəhbəri, Kanal F5-in təsisçisi və direktoru Fərqanə Məhyəddin qızı, Kanal F5-in xüsusi müxbiri Hicran Həsənova Məmməd qızı, Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi İctimai Birliyinin səlahiyyətli nümayəndəsi, tanınmış bloqer Nuranə Gözəlova və digər qonaqlar iştirak edirdilər.
Neftçala rayon Samit İmanov adına məktəbin və TELAN tədris mərkəzinin müəllimi Xəyalə xanımın hazırladığı Azərbaycanın üçrəngli, 16 metrlik Dövlət Bayrağı məktəbin həyətində nümayiş etdirildi. Bayraq “Əbədiyyət Üfüqündə Parlayan Zərrə” mahnısının sədaları altında dalğalanaraq tədbirə xüsusi ruh verdi.
Tədbir çərçivəsində şairə və yazıçı Sevda İbrahimli İbrahim qızının müəllifi olduğu “Əbədiyyət Üfüqündə Parlayan Zərrə” kitabı təqdim edildi. Kitabın redaktoru və dizayneri kimi bu dəyərli əsərin ərsəyə gəlməsində iştirak etmək mənim üçün böyük məsuliyyət və şərəf olmuşdur. Kitab şəhid XTQ Aslan İsmayılovun həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Sevda xanıma bu möhtəşəm kitab üçün ayrıca təşəkkürümüzü bildiririk.
Daha sonra şəhidimizin ev muzeyi ziyarət edildi. Tədbirin sonunda şəhidimizin doğulub boya-başa çatdığı ocaqda valideynləri Əvəz İsmayılov və Gülbəniz ana tərəfindən təşkil olunan ehsan süfrəsində iştirakçılar bir araya gələrək şəhidimizin əziz xatirəsini ehtiramla yad etdilər.
Bu nümunəvi tədbirin ərsəyə gəlməsində əməyi olan İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Nazənin Vaqif qızı İsmayılovaya, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Pərvanə Cahangir qızı Mehdiyevaya, Aslan İsmayılov adına 7 “A” sinfinin rəhbəri Vəfa Şahəddin qızı Əzizovaya, tədbirin aparıcısı Zəhra Həsənliyə, Sarvan kənd icra nümayəndəliyinə, kənd axunduna və bütün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.
Şəhid XTQ Aslan İsmayılovun adı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Fotolar:


Gülnarə Cəbiyeva
Pedaqoq, TELANGROUP MMC-nin təsisçisi və direktoru
“Əbədiyyət Üfüqündə Parlayan Zərrə” kitabının, redaktoru

Top