Weather Data Source: havadurumuuzun.com

Sönməyən ocaq

Sönməyən ocaq

(Sənədli hekayə)

Afurca kəndinin uca dağları bəyaz dumanla örtülmüşdü. Yazın gəlməyinə baxmayaraq, hələ havalar istiləşməmişdi. Sürünü, mal-qaranı yaylağa aparmaq olardımı? Heç kim cəsarət eyləmirdi. Bəzən elə olurdu ki, yayın ortalarında yaylaqda qar yağardı. Salman kişi son sözünü dedi:
— Hazırlaşın, yaylağa çıxmalıyıq. Heç bir qar, boran bizi qorxuda bilməz. Yağar, əriyib gedər. Gecikdirmək olmaz.
El-oba yığışdı, köçdü. Yaylaq həyatı başladı.
1858-ci ildə Afurca kəndində dünyaya göz açan Salman Abid oğlu kəndin dağ cüssəli bir igidi idi. O, bütün quberniyanın vicdanı, ədalət qoruyucusu, zəngin bir təsərrüfatın sahibi idi. Onun qoyun sürüləri, mal-qara naxırları Qilit yaylağındakı geniş otlaq sahələrində saxlanılırdı.
Salman kişi təsərrüfata başçılıq etməklə yanaşı, həm də Afurcanın və ətraf kəndlərin hakimi idi. O, bu işə dövlət tərəfindən təyin olunmuşdu. Kənddə bir haqsızlıq baş verəndə hamı onun qapısına qaçardı. Salman kişi həyətindəki qocaman palıd ağacının altında əyləşər, hər iki tərəfi təmkinlə dinləyərdi. Onun kəsdiyi hökmdən heç kim inciməzdi, çünki onun hakimliyi ilahi ədalətə və insan sevgisinə söykənirdi. Onun ədalət sorağı tezliklə doğma kəndinin sərhədlərini aşdı. Başqa kəndlərdə də işi çətinə düşən, çıxılmaz vəziyyətdə qalan, haqqı tapdalanan hər kəs çarəni Salman kişinin müdrikliyində tapardı. O, fərq qoymadan hər bir məzlumun imdadına çatar, müşkül işləri asanlıqla həll edərdi.
Salman kişinin həyatındakı ən böyük zənginlik onun evinin dirəyi, ömür-gün yoldaşı Mərziyə nənə idi. Mərziyə nənə təkcə Salman kişinin həyat yoldaşı deyil, həm də onun qəlbinin aynası, xeyirxahlıq missiyasının ən böyük ortaq tərəfi və kəndin mənəvi anası idi.
Salman kişinin evindən qonaq-qara əskik olmazdı. Uzaq kəndlərdən gələnləri Mərziyə nənə böyük bir təmkinlə, gülər üzlə qarşılayar, onlara süfrə açar və hər birinə ana şəfqəti göstərərdi.
Salman kişinin Afurcada uzun illərə dayanan, sadiq və özü kimi igid bir dostu var idi: Əbdülxalıq. Bu iki cəsur və mərd insanın dostluğu kənddə əsl qardaşlıq nümunəsi sayılardı. Kəndin xeyrinə və ya camaatın xeyir-şəri ilə bağlı bir iş görüləcəksə, Salman kişi ilə Əbdülxalıq mütləq bir-birilə məsləhətləşərdilər. Hər hansı çətin bir qərar qəbul olunmalı olduqda, bu iki dost hər bir işi incəliyinə qədər götür-qoy edib tamamlayardılar. Salman kişinin müdrikliyi sayəsində Afurcanın və ətraf kəndlərin hər bir problemi asanlıqla yoluna qoyulardı. Bu dostluq kəndin həm xeyir işlərində, həm də ağır günlərində ən möhkəm dayaq idi.
Salman kişi həm də darda qalanın arxası, köməyi, acın çörəyi idi. Elə bir il olurdu ki, quraqlıq və ya sərt qış ucbatından bütün ətraf kəndlərdə camaatın taxılı tamamilə qurtarırdı. Belə qıtlıq günlərində insanların taleyinə aclığın qorxunc kölgəsi düşəndə, Salman kişi dərhal hərəkətə keçərdi. O, ehtiyatda olan taxıl anbarlarının ağzını açdırar və car çəkdirərdi: “Kimin nə qədər ehtiyacı varsa, gəlsin, taxılını aparsın!”
Nəinki Afurcanın, hətta ətrafdakı bütün kəndlərin əhalisi də axın-axın onun həyətinə gələrdi. Salman kişi heç bir təmənna ummadan, heç kəsi qapısından əliboş qaytarmadan tonlarla taxılı insanlara paylayardı. Kəndin kimsəsizləri, xüsusən də başsız qalmış dul qadınları və yetimləri onun daimi himayəsində idi. Səhər açılanda uşaqların üzündəki aclıq qorxusunun yerini təbəssümün alması Salman kişinin ən böyük mükafatı idi. O, sanki bu dünyaya acları doyurmaq, sızlayan qəlblərə məlhəm olmaq üçün gəlmişdi.
Təqvimlər 1918-ci ili göstərəndə bu dinc dağ kəndlərinin üzərini qara buludlar aldı. Bakıda və Şamaxıda Şaumyanın göstərişi ilə Amazaspın erməni-bolşevik silahlı dəstələri qan tökür, kəndləri yandırır, günahsız insanları öldürürdülər. Çox keçmədən qorxunc xəbər Quba qəzasına da çatdı. Düşmən Şamaxını xarabalığa çevirdikdən sonra Qonaqkənd yolu ilə Quba şəhərinə gəlib keçəcəkdi.
Kəndlərə təşviş düşdü. Qadınların fəğanı, uşaqların qorxu dolu baxışları hamını lərzəyə gətirdi. Belə bir məqamda Salman kişinin polad iradəsi ön plana çıxdı. O, bir an belə tərəddüd etmədən ayağa qalxdı.
— “Qorxmayın!” — deyə onun gur səsi əks-səda verdi. — “Namusumuzu və torpağımızı bu qan içənlərə tapşırası deyilik!”
Salman kişi dərhal strateji plan qurdu. Kəndin qadınlarını, uşaqlarını və qocalarını toplayaraq, onları gur şəlalənin axdığı yerdə olan, sıldırım Qırmızı Qayanın gizli mağaralarına yerləşdirdi. Bu təhlükəli köç zamanı qadınların və uşaqların başında Mərziyə nənə dayanmışdı. O, öz sarsılmaz iradəsi, ana şücaəti və təmkinliyi ilə mağaralarda gizlənən hər bir kəsə mənəvi dayaq oldu, qorxunu onlardan uzaqlaşdırdı. Mərziyə nənə sığınacaqda saxladığı hər bir kəsi ana kimi qoruyaraq bu zəfərin mənəvi qəhrəmanı oldu. Onun bu şücaəti, sarsılmaz rəşadəti dillər əzbəri oldu, sorağı bütün Azərbaycana yayıldı.
Şəlalənin gurultusu uşaqların səsini boğur, düşmənin bu gizli sığınacağı tapmasını qeyri-mümkün edirdi.
Ailələri etibarlı yerə yerləşdirdikdən sonra Salman kişi və onun sadiq dostu Əbdülxalıq kəndin igidlərini, əlinə silah ala bilən hər bir kişisini səfərbər etdi. Düşmən Qonaqkənd yolundan keçib gələndə qarşısında heç nədən qorxmayan, Vətən naminə ölməyə hazır olan bir böyük dəstəni gördü.
Salman kişinin və Əbdülxalıqın rəhbərliyi ilə başlayan qəfil və amansız müqavimət düşməni sarsıtdı. Ağır toplarla, pulemyotlarla silahlanmış böyük bir orduya qarşı bu dəstə qəhrəmancasına vuruşurdu. Dağların hər qayası, hər cığırı düşmənə qarşı bir silaha çevrilmişdi. Bu qeyri-bərabər döyüşdə erməni-bolşevik dəstələri ağır itkilər verdilər. Onlar Təngə dərəsindən keçib Quba şəhərinə doğru irəliləməyə məcbur oldular.
Salman kişinin göstərdiyi bu qəhrəmanlıq, göstərdiyi bu müqavimət böyük bir fəlakətin qarşısını aldı. O, öz kəndinin və ətraf kəndlərin namusunu qorudu, yüzlərlə ananı və uşağı ölümdən xilas etdi. Onun bu şücaəti, sarsılmaz rəşadəti dillər əzbəri oldu, sorağı bütün Azərbaycana yayıldı.
İllər keçdi, zaman dəyişdi. Azərbaycanda sovet hakimiyyəti quruldu və amansız kolxozlaşma dövrü başladı. Bu dövr Salman kişinin həyatının ən ağır imtahanı oldu. Onun ömür boyu zəhmətlə topladığı, min bir əziyyətlə artırdığı bütün qoyun sürülərini, böyük mal naxırlarını, var-dövlətini əlindən aldılar. Ailə bir gecədə tamamilə müflis vəziyyətə salındı. Sovet hökuməti onun maddi gücünü qırmağa çalışırdı.
Bu sınaq günlərində Mərziyə nənə ərinin ən böyük sirdaşı, sarsılmaz qalası oldu. O: “Mal-mülk gəldi-gedərdi, təki baş ucalığı olsun, təki canımız sağ olsun” — deyərək Salman kişiyə güc verdi və ailənin başını hər zaman dik saxladı.
Lakin onlar bir şeyi unutmuşdular. Salman kişinin böyüklüyü onun var-dövlətində deyil, sarsılmaz ruhunda və polad xarakterində idi. Salman kişi bütün bu haqsızlıqlara, maddi itkilərə baxmayaraq özünü sındırmadı. Əsl bir kişi, dağ qədər vüqarlı bir el ağsaqqalı kimi hərəkət etdi. Malı-mülkü əlindən alınsa da, qəlbindəki insan sevgisini və mərdliyini heç kim ala bilmədi. O, yenə də kəndin mərkəzində dik dayandı, yenə də darda qalanın, çarəsiz qalanın köməyinə çatdı. Bu çətin günlərdə onun ən böyük mənəvi dayağı yenə də sadiq dostu Əbdülxalıq oldu.
Əbdülxalıq həm varlı, həm də müflis günündə Salman kişinin yanında qaldı, onun dərdinə şərik oldu. Bu iki igid insan ömürlərinin sonuna qədər dostluqlarını, bir-birinə olan hörmət və sədaqətlərini eyni səmimiyyətlə davam etdirdilər.
Salman kişi 1930-cu ilin sonunda dünyasını dəyişdi. O, bu dünyadan köçəndə onun heç bir malı-dövləti yox idi. Amma onun arxasında gözüyaşlı, ona minnətdar olan və onun mərdliyinə heyran qalan bütöv bir mahal var idi. Bir də onun müqəddəs xatirəsini göz bəbəyi kimi qoruyan Mərziyə nənə vardı.
Bu gün də Afurca kəndində şəlalənin səsi ucalanda, sanki o səs Salman kişinin qəhrəmanlığını pıçıldayır, Qırmızı Qayanın mağaraları isə onun ədalətinin, xeyirxahlığının və cəsarətinin şahidi kimi vüqarla dayanır.
Salman Abid oğlu və Mərziyə nənə öz şərəfli ömürləri və əyilməz qamətləri ilə hər bir Azərbaycanlının qəlbində əbədi bir abidə ucaltdılar.

Abid Şamil oğlu
Müəllim, Quba Afurca kəndi
30 may 2026-cı il

Top