Mənəvi ağrının vizit kartı

Mənəvi ağrının vizit kartı
( Sənədli hekayə )
Mirzə müəllim ömrünü elmə, kitablara və tələbələrə həsr etmiş bir insan idi. Saçlarına dən düşmüş, alnındakı qırışlar illərin gərgin axtarışlarından xəbər verən bu tanınmış alim, cəmiyyətdə hamının böyük hörmət bəslədiyi bir ziyalı idi. Onun üçün ən böyük zənginlik mənəviyyat, ən böyük qazanc isə elm idi. Lakin dövran elə gətirmişdi ki, dolanışıq çətinliyi hər qapını döydüyü kimi, onun da evindən yan keçməmişdi. Gözəl bir yaz səhəri idi. Xalası Mirzə müəllimə yaxınlaşıb, bir az çəkinə-çəkinə, bir az da çarəsizlikdən dilləndi:– Mirzə, evdə xeyli şorumuz var. Bilirsən ki, maddi vəziyyətimiz bu aralar bir az sıxıntılıdır. Apar bu şoru Saratovka bazarında sat, evə bir-iki lazımlı şey alarsan. Mirzə müəllim duruxdu. Ömründə bircə dəfə də olsun ticarətlə məşğul olmamışdı. Auditoriyalarda mühazirə oxuyan, beynəlxalq konfranslarda çıxış edən bir alim üçün bazarda şor satmaq xəyalına belə gətirmədiyi bir iş idi. Lakin həyatın reallıqları qarşısında boyun əyməkdən başqa əlacı yox idi. O, ağır bir sükutla başını salladı, heç nə demədi. Səhər tezdən durub, ağ torbalara bükülmüş şor bağlamalarını götürdü və ağır addımlarla kəndin mərkəzinə tərəf yollandı.Kənd mərkəzində hələ heç kim yox idi. Səhərin mehi insanın üzünə toxunurdu. Mirzə müəllim əlindəki şor torbaları ilə yol kənarında dayanıb birtəhər gözləməyə başladı. İçində böyük bir xəcalət hissi var idi; – tanış-bilişin onu bu vəziyyətdə görməsindən çəkinirdi.Bu dəm uzaqdan bir maşın göründü. Yaxınlaşan maşın dayandı və qapısı açıldı. Sükan arxasında əyləşən şəxs kənd məktəbinin direktoru idi. O, dolanışığını təmin etmək üçün altı-bazar günləri öz köhnə maşını ilə taksiçilik edirdi. Direktor pəncərəni endirib hörmətlə dilləndi:– Sabahınız xeyir, Mirzə müəllim ! Bazaramı gedirsiniz? Mirzə müəllim utana-utana, birtəhər başı ilə “hə” işarəsi etdi. Direktor dərhal maşından düşüb baqajı açdı, alimin əlindəki şor torbalarını ehtiyatla oraya yerləşdirdi. Mirzə müəllim də ağır addımlarla maşına əyləşdi. Yol boyu hər iki ziyalı sükuta qərq olmuşdu. Hər ikisi bir-birinin vəziyyətini gözəl anlayır, lakin bu barədə danışmağa xəcalət çəkirdilər. Biri elmlər namizədi, digəri isə gələcək nəsli yetişdirən bir pedaqoq idi. Amma bu gün taleyin gərdişi onları fərqli bir nöqtədə birləşdirmişdi.Nəhayət, Saratovka bazarına çatdılar. Maşın dayandı. Mirzə müəllim əlini cibinə atıb 2 manat çıxardı və ön oturacağın üstünə qoydu. Sonra maşından düşmək istədi.Məktəb direktoru pulu görən kimi diksindi və dərhal etiraz etdi:– Mirzə müəllim, aybdır, vallah aybdır! Sizdən pul götürə bilmərəm. Xahiş edirəm, pulunuzu geri götürün. Mən sizə sadəcə hörmət əlaməti olaraq yolüstü kömək etdim.Mirzə müəllim dayandı. Dönüb direktorun yorğun, amma qürurlu gözlərinə baxdı. Ürəyindəki bütün o ağrı, cəmiyyətin gəldiyi bu nöqtəyə olan təəssüf hissi bir anda dilinə köçdü. O, pulu geri götürmədi, dərindən bir ah çəkərək acı bir təbəssümlə dedi:– Yox, həmkarım, nə ayıb? Pulu mütləq götür. Bu, sənin haqqındır. Amma bir şeyi unutma… Bir millətin ki, məktəb direktoru taksiçi, alimi isə bazarda şor satandırsa, vay bu ölkənin halına! Mirzə müəllim torbalarını götürüb bazarın hay-küylü kütləsinə doğru irəlilədi. Məktəb direktoru isə əlindəki 2 manata baxa-baxa, maşının sükanına söykənib uzun-uzun xəyala daldı. Bu iki manat sadəcə bir yol pulu deyil, bir dövrün, bir cəmiyyətin ziyalısının çəkdiyi mənəvi ağrının vizit kartı idi.
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.


