Weather Data Source: havadurumuuzun.com

NİCAT ƏRTÜRKÜN HƏYATI VƏ YARADICILIĞINA BİR BAXIŞ

NİCAT ƏRTÜRKÜN HƏYATI VƏ YARADICILIĞINA BİR BAXIŞ
Azərbaycan ədəbi mühitinin istedadlı və uğurlu gənc nümayəndələrindən biri də “Nicat Ərtürk” təxəllüsü ilə tanınan publisist-şair Nicat Ərrəhman oğlu Qasımzadədir. Bu təqdimat yazısında Nicat Ərtürkün həyat yolu və yaradıcılığı ilə tanış oluruq:

Qısa bioqrafik məlumat:
Qasımzadə Nicat Ərrəhman oğlu: 1982-ci ilin may ayının 31-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndində anadan olmuşdur.
Sədərək rayon 1 saylı orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Regionlararası Akademiyanın İstisad fakultəsinə daxil olmuş, oranın tam kursunu uğurla bitirmişdir. Ali təhsilli iqtisadçıdır.
Yeniyetmə yaşlarından etibarən ədəbiyyat sahəsinə həvəs göstərmişdir. Ədəbiyyat sahəsində “Nicat Ərtürk” kimi çıxış edən bu dəyərli şair Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvüdür.
Ədəbiyyatla bağlı uğurlu fəaliyyətinə görə, indiyədək bir çox fəxri fərman, diplom və ödüllərə layiq görülmüşdür. Bununla bağlı xüsusi olaraq “Qızıl Qələm” Media Mükafatı, “Ziyadar” Mükafatı, “Heydər Əliyev” Medalı, “Heydər Əliyev” Fəxri Media Mükafatı, “Xəlilrza Ulutürk” Diplomu, “Zəfər” Media Mükafatı və “Həsən Bəy Zərdabi” Fəxri Media Mükafatlarını, son olaraq isə “Ustad Niftalı Göyçəli”, “Həməşəra” Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi Ödüllərinə layiq görüldüyünü göstərmək olar.
Nicat Ərtürkün indiyədək aşağıda göstərilən üç kitabı işıq üzü görmüşdür:

  1. “Səsləyir Zəngəzur, Qarabağ bizi” (2015);
  2. “Zirvələrin fatehi” (2019);
  3. “Ana həsrəti” (2026)…
    Nicat Ərtürkün ədəbi dünyası təmiz, duyğulu və dərinmənalı, eyni halda sadə, səmimi və pozitivdır. Onun qələmə aldığı şeirləri nəzərdən keçirdikdə, orada vətən sevgisi, valideynə qarşı sayğı və sevgi, milli-mənəvi dəyərlər, haqq-ədalətin önəmi, xüsusilə də milli kimlik mövzusuna xüsusi yer verildiyini təsbit etmək olar. Ailəlidir, dörd övladı var.

Subyektiv baxışım:
Bir insanın qələm əhli olub, ədəbiyyat sahəsində yazıb-yaratması, müxtəlif və çoxsaylı şeir, poema, esse, hekayə, povest, ədəbi təhlil və tənqidlər ərsəyə gətirməsi heç şübhəsiz bir imtiyaz və bacarıq sayılır. Hətta, kimlərsə bu sahənin peşəkarı və ustadı da ola bilərlər. Lakin ədəbiyyat sahəsində bir şair və ya yazıçının bütün bunlarla yanaşı həm də həyatda ədəbli və etikalı bir insan olması bu bacarığı daha yüksək zirvəyə qaldırır, onun sahibini isə cəmiyyət və xalq arasında ziyalı bir şəxsiyyətə çevirir. Burada yazılanları düşünmək və əyani şəkildə dərk etmək üçün şairlər və yazıçılar arasında öz danışığı və davranışına hakim olan insanlara diqqət yetirmək kifayətdir. Çünki belələri ədəb, ərkan, etika və əxlaqdan gələn ədəbiyyat sahəsində ulduz xəstəliyi, kortəbii danışıq və davranış, mənəm-mənəmlik, təkəbbür, paxıllıq, ara vurmaq, qeybət, lovğalıq və digər bu kimi iyrənc xislətlərdən uzaqdır. Doğrudan da, etikasız ədəbiyyat və ədəbi bacarıq nəyə yarayır ki?! Əlbəttə, hər kəsin xüsusi və fərdi həyat tərzi var və kimsənin başqa bir insanın özəl həyatına müdaxilə etməsinə icazə verilmir. Burada əsas məqsəd, insanların cəmiyyət arasında sərgilədikləri ictimai davranışdan ibarətdir…
Çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrindən olan dəyərli qardaşım Nicat bəy Ərtürk sözün həqiqi mənasında ədəbiyyat sahəsində xüsusi istedadı və bacarığı ilə yanaşı, həm də gözəl əxlaq, etika sahibi olan dəyərli insan, öz şəxsiyyətinə sayğı ilə yanaşan aydın şəxsiyyətdir. Amma məsələ bununla bitmir. Çünki Nicat Ərtürk eyni halda öz milli kimliyinə sıx bağlı olan bir el şairi, vətəni və dövlətçiliyinə sadiq olan dəyərli bir vətəndaşdır. Bir insanın ədəbiyyat sahəsində xüsusi bacarığı ilə yanaşı, həm də həyatda gözəl əxlaq və etika sahibi olması, həmçinin, öz milli kimliyi, vətəni və dövlətçiliyinə sədaqətlə yanaşması isə onu çox gözəl bir simvola, əsil ədəbiyyat və insanlıq nümunəsinə çevirir. Bu günlərdə doğum gününü qeyd edəcək dəyərlimiz Nicat Ərtürk də belələrindəndir. Milli kimlik, vətən və dövlətçiliyə sədaqət isə əxlaq və etikanın tələblərindən olsa da, bunu ayrıca qeyd etmək xüsusi önəm daşıyır…

Arzu və diləklər:
Fürsətdən istifadə edib dəyərlimiz şair-publisist Nicat bəy Ərtürkü doğum günü ilə əlaqədar ürəkdən təbrik edir, Ulu Tanrıdan ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
28.05.2026

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Top