Weather Data Source: havadurumuuzun.com

BU DÜNYADA BİR YAQUB ƏMİ VARDI

BU DÜNYADA BİR YAQUB ƏMİ VARDI

Kəndimizdə 41-45-ci illərdən dul qalan qadınlar vardı.Gözlərindən iztirab yağardı,amma ötkəmdilər,qürurluydular.Kişi görəndə yaşmaqlanardılar,uzun ətəkləri yer süpürərdi,saçlarını çalmanın altında gizləyərdilər.Aralarında ərləri müharibədən geri dönməyən,itkin düşən də var vardı,qara kağızı gələn də.Uşaqlıqda elə bilərdim ki,bu qadınlar hamısı bir-birinə bənzəyir.Duruşu,yerişi,baxışı eyniydi sanki bu qadınların.Hərəsinin ya bir,ya iki övladı vardı və üstlərində titrəyərdilər övladlarının.Çalışardılar ki,uşaqlar atasızlığı hiss etməsinlər.Amma övladlarının gözündən yetimlik yağardı sanki.Bu yetimlərin bəziləri evlənib,oğul-uşaq sahibi olsalar da gözlərindəki kədər getməmişdi.Hamısının gözü yoldaydı.Axıracan da belə oldu.Nə gözləri yollardan yığıldı,nə ürəklərindəki nisgil ovundu.Elə gözləri arxada da getdilər.
Bu savaşdan babam Dəmirov Şaxı Murtuza oğlu da 8 barmağını itirib dönmüşdü.Bədənindəki qəlpəyə görə də müharibədən sonra çox yaşamamışdı.60-cı illərin əvvəllərində elə həmin qəlpəylə də köç etmişdi bu dünyadan.Amma babamın qardaşı Dəmirov Yaqub Murtuza oğlundan heç bir soraq gəlməmişdi.Eləcə “itkin düşüb”- deyə kağız almışdı ailəsi,vəssalam.Onun da iki qızı qalmışdı və onlar da atasızlığın əzabından keçə-keçə böyümüşdülər.Yoldaşı Əzizofa xala namusuyla,qeyrətiylə böyütmüşdü bu qızları.Özü demiş atalarına layiq.Uşaq ağlımla həmişə onların bu əzablarını dərk edirdim.Görürdüm ki, gözlərindəki intizar nə qədər dərindi və əlimdən heç nə gəlmədiyi üçün bəzən özümü günahkar da hiss edirdim.Gözlərinin yaşı ovuclarındaydı,hər sözdən küsüb inciyərdilər,hər şey xətrlərinə dəyərdi,heç nə onların atasızlığını ovutmazdı.Yaxşı duyardım onları.Heç kim ürəyimdən keçəni bilməzdi,amma onlarla birgə mən də yol gözləyərdim.Bir gün bütün itkin düşən kişilərin geri dönəcəyinə inanardım uşaq ağlımla.Sonra böyüdüm,Əzizofa xala da köç etdi dünyadan.Amma nə yaxşı nəvələrinin toyunda iştirak etmək nəsib oldu bu qadına.Heç olmasa az da olsa ovundura bildi içindəki nisgili.Sonra qızları yaşlandı,nəvələr özləri də nənə-baba oldular.Sonra Yaqub əminin qızları da ürəklərində kədər,gözlərində intizar köç etdilər bu dünyadan.Beləcə yavaş-yavaş unudulmağa başladı savaşdan geri dönməyənlər.Bir gün mötəbər dostlardan biri(adını açıqlamamı istəmir) mənə hardasa itkin düşən yaxınımın olub olmadığını soruşdu.İlk ağlıma gələn Yaqub əmi oldu(atamın dilincə əmi deyirik) Məndə olan bütün məlumatları ona təqdim etdim..Çox da uzun çəkmədi və bir gün dostumuz mənə yazdı ki,əmini tapdım.Sən demə bizim Yaqub əmimiz itkin düşməyibmiş.Stalin rejiminin qurbanı olubmuş demə.Dostumuzun mənə göndərdiyi bütün məlumatlar məndə əmimiz haqda yetkin fikir formalaşdırdı,bütün qaranlıqlar işığa çıxdı,mənim də çiyinlərimdən yük götürüldü sanki.Düzdü xeyli kövrəldim,Yaqub əminin burdan Almaniyayadək,ordan da Sibirin qan donduran şaxtalı çöllərinədək keçdiyi bütün əzablarının qiyabi şahidi oldum və doyunca ağladım.Amma neçə illik intizarıma da son qoyulmuşdu deyə bir qədər sakitləşdim.Araşdırmalara və istinadlara əsasən öyrəndim ki,Yaqub əmi 416-cı Azərbaycan Atıcı diviziyanın 1373-cü Atıcı polkunun əsgəri olub. 1942-ci ildə əvvəlcə Salyan,Şamaxı Gəncə düşərgələrində 416-cı diviziyanın tərkibində təlim keçib və həmin ilin sentyabr ayında Xaçmaz stansiyasından hərbi qatarla(eşalonla) Şimali Qagqaz cəbhəsinə yola salınıb.
16-25 sentyabrda Mozdok rayonu,Terek çayının sol sahili,İşçerskaya stansiyası qumluqlarında müdafiə mövqeyi tutub.
Alay komandirinin rəsmi məruzəsinə əsasən,
1942-ci il 26 sentyabrda səhər saat 6 da alman ordusunun Üçüncü Tank Korpusu İşçerskaya qumluqlarında yerləşən 1373-cü polkun mövqelərinə şiddətli hücuma keçib və şiddətli artilleriya atəşi altında polkun cinahlarla rabitəsi tamamilə kəsilib və Yaqub Dəmirovun olduğu tabor qum dənələri arasında mühasirədə qalıb və xeyli sayda sovet əsgəri əsir götürülüb.Bizim Yaqub əmimiz də onların içində olub.Sonra əzablı əsirlik həyatı başlayıb.Kobud alman qanunları,dözülməz şəraitdə işləmək,vətəndın uzaqda qəriblik həyatı,sıxıntı,həyəcan,darıxmaq,aclıq,səfalət əlbəttə bütün əsirlər kimi Yaqub Dəmirovun da həyatında ciddi iz buraxıb.Daha bir məlumata görə 1944-cü ilin sentyabr günlərində Yaqub Dəmirovun həyatında kəskin dönüş olub.
O”Ştalağ səkkizinci -F mərkəzi hərbi düşərgəsindəki ağır rejimdən çıxarılaraq,Əbdürrəhman Fətalıbəyli-Dübənginskinin rəhbərlik etdiyi Azərbaycan Legionun tabeliyindəki əlahiddə işçi taborlarına mühəndis-tikinti fəhləsi kimi təhkim edilib və Yaqub əmimiz müharibənin 9 ayı ərzində burda fəaliyyət göstərib.Arxiv qeydlərində bu da göstərilir ki,o işçi kimi çalışıb və Sovet ordusuna qarşı döyüşlərdə iştirak etməyib.Ona həmçinin qolunda üçrəngli bayrağımız olan qol emblemi daşımaq hüququ verilibmiş.
Sovet Rusiyasının qələbəsindən sonra
1945-ci ilin yayında Yalta konfransının məcburu qərarlarına əsasən,Sovet Ordusunun Repatriasiya məntəqələrinə təhvil verilən əsirlərin içində Yaqub əmi də olub və təbii ki,o vaxt əsirlikdə olduğu üçün Stalin rejimin 270 nömrəli qərarı ilə bütün əsirlər kimi ona da heç bir əsası olmadan “Vətən xaini”damğası vurulur və ŞŞRİ Daxili İşlər Nazirliyi yanında Xüsusi müşavirənin gizli ittiham aktı ilə 10 il müddətinə Rusiyanın Krasnoyarsk vilayətinə,Yenisey çayı yaxınlığındakı məşhur “Kraşlak” Qulaq düşərgəsinə sürgün edilir.Burda sıravi məhbus kimi Sibir meşələrinin qırılmasında dəmiryolu tikintisində dözülməz ağır şəraitdə işləmək onun səhhətində böyük problemlər yaradır . Təxminən 1950-52 ci illərdə elə həmin düşərgədə də vəfat edir və adsız qəbristanlıqda dəfn olunur.Stalinin ölümündən sonra 1953-cü ildə repressiya olunmuş şəxslərin işinə yenidən baxılır və Yaqub Dəmirov da başqa”xainlər”kimi bəraət alır.Təəssüf ki,bütün bunlar onun ölümündən sonra baş verir.Ailəsindən,elindən,obasından ayrı qalan,ürəyi vətənpərvərliklə dolu olan adamın bu vəziyyətdə dünyadan köçməsində birbaşa Sovet Rusiyasının harınlamış dövlət və partiya rəhbərlərinin günahı olduğundan ailəsinə də 1955-ci ildə “itkin düşüb”sənədi təqdim olunur. Bununla da yaxınlarının,doğmalarının gözünü əbədi yolda qoyurlar.Bu təkcə Yaqub Dəmirovun faciəsi deyil,minlərlə insanın ocağına su çilənən ailələrin faciəsidi.
Amma nə yaxşı,ki,gec də olsa xəbər tutduq ki,Yaqub əmimiz müharibədən sonra da yaşayıb və heç olmasa yerini,yurdunu öyrənə bildik.Buna görə bizə sidq-ürəklə kömək edənlərə dərin təşəkkürümüzü bildiririk və Yaqub əmimizin sağ qalan bütün yaxınlarına ” “gözümüz aydın”-deyirik.Dünyadan köçənlərinsə ruhu şad olsun.Mən əminəm ki,bundan sonra Yaqub əminin də nigaran ruhu bir az da olsa dinclik tapacaq.Cismi yad ellərdə torpağa tapşırılsa da…

Təranə Dəmir

Top