“Geyim insanın sadəcə bədənini deyil,zövqünü və düşüncəsini də göstərər”

“Geyim insanın sadəcə bədənini deyil,zövqünü və düşüncəsini də göstərər”
İnsan həyatda ilk olaraq sözü ilə deyil, görünüşü ilə qarşılanır. Çünki geyim sadəcə parçadan ibarət deyil — o, insanın daxili dünyasının səssiz təqdimatıdır. “Geyim insanın sadəcə bədənini deyil, zövqünü və düşüncəsini də göstərər” ifadəsi əsrlərin süzgəcindən keçmiş böyük bir həqiqəti özündə daşıyır. İnsan necə düşünürsə, çox zaman elə də görünməyi seçir.
Geyim insanın kimliyini tam müəyyən etməsə də, onun həyata baxışını, estetik duyumunu və özünə verdiyi dəyəri göstərir. Səliqəli geyinən insan təkcə başqalarına deyil, öz ruhuna da hörmət etmiş olur. Çünki insanın zahiri görünüşü daxili intizamının aynasına çevrilir. Dağınıq düşüncə çox zaman dağınıq görünüşdə əks olunduğu kimi, sadə və zərif ruh da özünü geyimdə göstərir.
Bəzən bir insanın geyimindəki sadəlik onun təvazökarlığını danışır. Bəzən isə zövqlə seçilmiş rənglər onun həyata sevgi ilə baxdığını hiss etdirir. İnsan danışmadan da özünü ifadə edə bilir. Çünki geyim səssiz bir dildir. O dil insanın nə qədər özünü tanıdığını, nə qədər özünə güvəndiyini və həyata hansı gözlə baxdığını anlatmağa qadirdir.
Lakin geyimin dəyəri onun bahasında deyil. Ən qiymətli geyim belə, əxlaq və mədəniyyət olmadıqda insanı ucalda bilməz. Əsl zəriflik insanın davranışında, baxışında və qəlbindədir. Geyim sadəcə o gözəlliyi tamamlayan bir çərçivədir. Çünki gözəl ruh daşımayan insanın üzərindəki ən bahalı libas belə boş görünər.
Tarix boyu insanlar geyim vasitəsilə öz kimliklərini, mədəniyyətlərini və düşüncələrini ifadə ediblər. Hər bir xalqın milli geyimi onun ruhunu, keçmişini və mənəviyyatını yaşadır. Bu səbəbdən geyim təkcə moda deyil, həm də bir mədəniyyət və düşüncə daşıyıcısıdır.
İnsan bəzən bir baxışla unudular, amma zövqü və duruşu ilə yadda qalar. Çünki gözəllik yalnız görünüşdə deyil, görünüşlə ruhun vəhdətindədir. Geyim insanı tanıda bilər, amma onu dəyərli edən yenə də qəlbinin zənginliyidir.
“İnsan ilk baxışda geyimi ilə tanınar, davranışı ilə yadda qalar…”
Bu fikir həyatın ən incə həqiqətlərindən birini özündə daşıyır. Çünki insanın zahiri görünüşü onu cəmiyyətə təqdim edən ilk pəncərədir, lakin onun əsl kimliyini müəyyən edən davranışlarıdır. İnsan bəzən ən gözəl geyimdə görünə bilər, amma bir kəlmə kobud söz bütün o zahiri gözəlliyi kölgədə qoyar. Eləcə də sadə geyimli bir insanın səmimiyyəti, mərhəməti və yüksək mədəniyyəti onu insanların qəlbində unudulmaz edə bilər.
Həyatda ilk təsir önəmlidir. İnsanlar bir-birini əvvəlcə görünüşü ilə dəyərləndirir. Bu, əsrlərdir dəyişməyən sosial bir həqiqətdir. Səliqəli və zövqlü geyim insanın özünə olan hörmətindən xəbər verir. Lakin zaman keçdikcə insanlar geyimi deyil, münasibəti xatırlayırlar. Çünki insanın qəlbə toxunan tərəfi libası deyil, davranışıdır.
Davranış insanın görünməyən geyimidir. Ədəb, nəzakət, təvazökarlıq və mərhəmət elə xüsusiyyətlərdir ki, onlar insanı hər mühitdə ucaldır. Gözəl davranış ən bahalı geyimdən daha çox diqqət çəkir. Çünki zahiri görünüş gözə xitab edər, gözəl əxlaq isə ruhu isidər. İnsan bir insanın geyimini zamanla unuda bilər, amma ona göstərilən hörməti və ya yaşatdığı hissi illərlə yadda saxlayar.
Bu gün dünya sürətlə dəyişir, moda hər gün yenilənir, amma insanlığın dəyəri dəyişmir. Hər dövrdə gözəl davranış ən böyük zənginlik hesab olunub. Çünki insanın əsl nüfuzu geyimində deyil, ətrafına verdiyi dəyərdədir. Bir insanın danışıq tərzi, başqasına münasibəti, zəifə yanaşması onun daxili aləmini açıq şəkildə göstərir.
Bəzən bir təbəssüm, bir xoş söz, bir anlayış dolu baxış insanın yaddaşında illərlə yaşayır. Çünki insan ruhu görünüşdən daha çox münasibətə ehtiyac duyur. Məhz buna görə də insanı ucaldan onun geyimi deyil, qəlbində daşıdığı insanlıqdır.
Geyim insanı tanıda bilər, amma davranış onu sevdirər.
Zövq görünüşü gözəlləşdirər, əxlaq isə insanı dəyərli edər.
(Davamı var)
Müəllif hüquqları qorunur.
Pərvanə Salmanqızı
Jurnalist ,şair-publisist.


