Weather Data Source: havadurumuuzun.com

Kamillik və insanlıq düşüncələri

Kamillik və insanlıq düşüncələri

İmadəddin Nəsiminin özünü sığdıra bilmədiyi, ta o zamanlardan ətrafında gördüyü yaxşılıqlardan, müəllimi Nəiminin mükəmməlliyindən ruhlanıb hürufilik yolu seçmiş bu hüdudsuz, ecazkar cahan hazırda bədxahlığın və kamil insan xeyirsevərliyinin əlində tərəfsiz qalıb. Zərdüşt bir zamanlar indi bizim də başımızı qaldırdıqda gördüyümüz səmaya baxırdı. Nə olursa olsun, xeyirin — Hörmüzün şər tanrısı Əhrimənə qalib gələcəyinə inamı bizlərdə olduğu qədər onda da güclü idi ki, hətta Avestanı qələmə almışdı. Sonsuz bir inancla Adəm övladları olan bizlərin bütün şərə qarışmış işləri alt-üst edəcəyinə davamlı inanmaq istəyirəm, amma bəzən bütün fikirlərim Hadi tək məni sanki bu gözəl dünyanı pisliklərə çoxdan təslim etməyimiz düşüncəsində cəmləyir. Mənim yeni dirçələn bir gənc kimi hətta dünyamızın halına yazığım da gəlir. Onu bu yaralı vəziyyətdən çıxarmağın yeganə çarəsi isə qəlbinin gözəlliyini qoruyub saxlamış insanların bütün bildiklərimizlə ağlı, kamalı və sədaqəti digər insanlara aşılamasıdır.

Düzdür, insan sonradan sadiq və dərrakəli olmur, belə doğulur. Ona görə ki, yüksək daxili keyfiyyətlərin təməli ən qaranlıq dünyada — ana bətnində qoyulur. İrəli sürülən bu çarə insanlara kitab paylamaq, 7-dən 70-ə hamını məktəbdə oxutmaq, kimlərinsə alim olmasına ölkə daxilində əlbirliklə nail olmaq deyil. Birbaşa təhsil vasitəsilə yeni nəsli irəli aparmaqdan söz düşdükdə isə təəssüf ki, bizim cəmiyyətimizdə hələ də qızlarını oxutmaqdan boyun qaçıranlar var. Bu bizim üçün böyük bədbəxtlikdir. Oxumuş, dünyagörmüş qadın ziyalı, kamallı ailə və ictimaiyyət deməkdir. Lakin dünya haqqı olanı tələb edən, yüksək vəzifələrə öz gücü ilə yüksələn, həyatı üçün qərarlar verən qadınları görməyə hələ də tam hazır deyil. Bununla belə, hətta günümüzdə qadınlar insana verilən ən bəsit haqq — yaşamaq uğrunda mübarizə aparırlar. Səbəbi isə düzgün zehniyyətlə yetişdirilməmiş insanlardır.

Ağıllı, kamallı insan o insandır ki, bu gün aclıq və səfillik kimi çətinliklərin içinə doğulmuş, tərk edilməyi görmüş, eyni səhvi ən azından bir dəfə etmiş və onu bir daha etməməyə and içmiş kəsdir. Cahanın və kainatın xilası ilə bağlı qalibiyyət sevinci o zaman olacaq ki, içində yaşadığımız bu dərin bəşər ümmanı insanlara kin-küdurətlə baxmayacaq, ona əl uzadanın səxavətini danmayacaq, sevgiyə nadanlıq və nankorluqla qarşılıq verməyəcəkdir. Mən, sən, o — cümlə insanlar mənəviyyatını təmiz saxlamaq üçün kiçik bir zərrə qədər səy göstərməyə başlayanda yalnız o zaman kamalı təhsil, inkişaf və akademik biliklə əlaqələndirmək olar. Hələ bütün insanların diplomlu, təhsil almış kamil insanları təqdir etməsi üçün çox uzun yolumuz var. Bu yol zamanla bizi tanımadığı insanlara gülümsəyən, kimliyindən asılı olmayaraq qarşısındakının fikirlərinə və şəxsiyyətinə hörmətlə yanaşan, kömək əli uzatmağı özünə ar bilməyən təmiz ruhlu insanlarla qarşılaşdırmağa başlayanda, o zaman hamımız rahat bir nəfəs alacağıq. Lakin inanmaq istəyirəm ki, günün birində Məhəmməd Füzuli kimi ilahi aşiqlərin və kamillik sevdalılarının bacardığı qədər olmasa da, bu qorxunc dövran və onun daxilində var olmağa davam edən hər fərd kamilliyə çatacaq.

Aynur Məhərrəmli,
şagird-həvəskar yazar

Aynur Məhərrəmlinin yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top