İbtidai sinif müəllimim Məhəbbət Xudaquliyevin əziz xatirəsinə…

İbtidai sinif müəllimim Məhəbbət Xudaquliyevin əziz xatirəsinə…
Müəllimlər otağının qapısını aralayıb televizorda gedən futbola baxırdım. Qəflətən bir mərdiməzar müəllim məni gördü və sanki Cermux (Sofular İstisu) tərəfdən aşıb gəlmiş erməni terrorçusu aşkarlayıbmış kimi həyəcan siqnalı verdi.
Məni o sıldırım qayalarda kim tuta bilərdi ki… Kənddə həmin gün heç kim mənim harada olduğumu bilmədi. Gecə evə qayıtdım. Atam məsələdən hali idi. Dedi:
— Bir səhvdir etmisən, eybi yox, sabah get dərsinə!
Gecəni sinif rəhbərimin qorxusundan düşünə-düşünə keçirdim. Səhər açıldı, şirin çayımı içib yollandım məktəbə. Müəllim məni görən kimi qəzəbli səslə dedi:
— Hə, qaçaq, gəlmisən?!
Sözü bitər-bitməz qulağımın dibində ildırım çaxdı, gözümdən alov parladı:
— Bir də olmasın!
— Oldu!
Bu məlum şillə həyatım boyu mənə kompas kimi yol yoldaşı oldu. Onun öyrətdiklərinin təsirindən hələ də çıxa bilmirəm. Nə illahdırsa, yalnız onun öyrətdiklərini heç vaxt unutmadım. Sonradan öyrəndiklərimi təkrarlamasam, sanki silinib gedir beynimin zibilliyinə.
Kəlbəcər rayonu, Çıraq kənd orta məktəbi. 1988–1992-ci illər…
Gözünə döndüyüm müəllim mənə elə bir şapalaq vurmuşdu ki, bədənimə yağ kimi yayılmışdı. Amma dəcəlliyim ucbatından tez-tez onun tənəsinə tuş gələrdim. Dərs məsələsində isə ən sevimli şagirdlərindən biri idim. Oxuyan şagirdlərini övladından da çox sevərdi…
Onunla növbəti görüşümüz 1993-cü ildə, Goranboy rayonu Qazanbulaq qəsəbəsində baş tutdu. Bu, yeganə rəğbət bəslədiyim “BBC”nin erməni bürosunun müxbiri Aleksey Manvelyanın da yaşadığı yer idi. Bu son görüş deyildi…
O həyat dolu, əzmkar insandan əsər-əlamət qalmamışdı. Çox sınmışdı, bükülmüşdü. Siqareti siqaretə calayır, düşüncəli şəkildə var-gəl edirdi.
Zarafat deyil — var-dövlət içində yaşayasan, sonra isə hər şeydən məhrum olub, cəmi bir dəst nimdaş paltarla köhnə, tərk edilmiş, rütubət qoxuyan xəstəxananın dar bir otağında altı nəfərlik ailənlə taleyin ümidinə qalasan…
Dəqiq xatirimdədir: bir dəfə yaşadığı qəsəbədə, “vadaqaşqa” deyilən məhəllədə bir biçarə şəxsin həyətini polislər narkotik ittihamı ilə mühasirəyə almışdılar. Söz-söhbət böyüdü. O zamankı Goranboy rayon icra başçısı Ağa müəllim də hadisə yerinə gəldi.
Həmin vaxt Məhəbbət müəllim öz əqidəsinə sadiq qalaraq o naəlac insanı elə müdafiə etdi ki, Ağa müəllim şəxsən ona təşəkkürünü bildirdi. Sonradan məlum oldu ki, həmin şəxsin həyətindəki otlar sadəcə yabanı bitkilər imiş.
O, həmişə haqqın yanında idi. Arıq, cılız olsa da, çox böyük ürəyə sahib idi. Haqq yolunda əsl sərkərdələr kimi mübarizə aparardı. Hüququ pozulanların ümid yeri idi. Qələmi daşı dələrdi. Hamının köməyinə çatardı. Həqiqət uğrunda cəsarətlə, yorulmadan savaşardı.
Canından çox sevdiyi, min bir zəhmətlə böyütdüyü övladlarını universitetə qədər çatdıra bildi. Necə deyərlər, bağı becərdi, amma barını dərə bilmədi…
Əminəm ki, ruhun şaddır! Tərbiyə verdiyin övladlar sənin etimadını doğruldur. Üzləri ağ olsun!
Ədalətsiz dünyanın ona vurduğu ağır yaraların nəticəsində cəmi 57 il yaşadı. Məni hər görəndə kövrələrdi:
— Namiq, sənə böyük ümidim vardı… Qaçqınçılıq qoymadı…
Əziz müəllimim, Məhəbbət Xudaquliyev! (Möhübbət müəllim)
Bu gün bir neçə nəfərin rəğbətini qazana bilmişəmsə, bunda sizin böyük haqqınız var. Ruhun şad olsun, əziz müəllimim!
Onunla sonuncu görüşümüz 20.09.2023-cü ildə baş tutdu. Televizorda Xankəndini tərk edən kolonlara baxırdım. Gözümü çəkə bilmirdim. Fikrim yaşıl rəngli “Niva”da qalmışdı.
Televizora baxa-baxa yuxu məni apardı…
Birdən gördüm qarşımda əyləşib. Dedi:
— Namiq, sən gözüaçıqsan, diqqətlə bax, gör mənim “Niva”mı görürsənmi?
Bu gün-04.05.2004-cü ildə həmin əziz insan dünyasını dəyişdi.

Müəllif: Namiq Rəncbər


