Bala şirin, nəvə şipşirin – şeir

NƏVƏMƏ
Kağız-qələm, miz üstündə gözləyin,
Mənim hələ diz üstündə nəvəm var.
Siz də onu mənim tək əzizləyin,
Baxan görsün, nə çox onu sevən var.
Elə bilin, ürəyimdir diz üstə,
Qəlbimlə tən, şən-şən coşub çağlayır.
Qısqanmayın, rahat olun miz üstə,
Olan şeydir, hərdən-birdən ağlayır.
Qığıltısı Rəbbin sevinc payıdır,
Şən gülüşü nur çiləyir üzlərə.
Könlümüzdə minbir arzu oyadır,
Qismət olsun hər tamarzı dizlərə!
Adın qoyduq babamızın adını,
Xoş bəxtini Rəbbimizdən dilərik.
Hər kəs dadsın balanın bal dadını,
Bu sevincə el-aləm olsun şərik!
Nənə deyir, “Candı ki bu, candı bu!”,
Baba deyir: ” Babam, Əmiraslandı bu!”
Sabahlara ulumun səs-sorağı,
Yadigarım, xatirəm, nişandı bu.
Baba, nənə olmayanlar nə bilər,
Necə şirin olurlarsa nəvələr?..
Allah etsin, gənclərimiz bu dadı
Baba olub, nənə olub bilələr!
23.03.2025.
Müəllif: Fəxrəddin Atakişi (Şamlı)
Fəxrəddin Atakişi (Şamlı)nın yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


