Azərbaycanın ziyalı xanımları

Qadın adına göstərilən dərin ehtiram
Azərbaycanın ziyalı xanımları
Azərbaycan qadını tarix boyu nəcibliyi, xeyirxahlığı, fədakarlığı, mərdliyi, işgüzarlığı ilə seçilib. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Cəmiyyətimizin o sahəsi yoxdur ki, orada xanımlar çalışmasın. Analarımız ilk növbədə ailə ocağının qoruyucularıdır. Azərbaycan qadınına milli mənliyimizdə, ənənələrimizdə kök salmış ənənələr məxsusdur. Analarımız milli-mənəvi dəyərlərimizi əsrlərdir ki, yaşadırlar. Biz onların bizə miras qoyduğu ənənələrlə böyüyüb, tərbiyə almışıq. Qadın adı Azərbaycanda həmişə uca tutulub, qadına böyük hörmət və ehtiram göstərilib, qadın – “ana” adı ilə müqəddəsləşdirilib. Tarix səhifələrimiz Azərbaycan qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə olduqca zəngindir. Azərbaycan qadını tarix boyu ölkənin inkişafında mühüm rol oynayaraq, milli dəyərlərin, mədəniyyətin və mənəviyyatın qoruyucusu olub. Hələ qədim dövrlərdən qadınlar elmdə, təhsildə, ictimai-siyasi həyatda və incəsənətdə fəal iştirak etmiş, cəmiyyətin əsas dayaqlarından birinə çevrilmişlər. Çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və yaşadılmasında onların misilsiz xidmətləri olub.
Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasətin bariz nümunəsidir. Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Qadınların ictimai-siyasi həyata transformasiyası,onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram əlaməti olarq ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər.
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan qadını hər zaman layiq olduğu şərəfli, müqəddəs ana adını uca tutmaqla müdrikliyi, ictimai-siyasi, mədəni həyatda fəallığı, işgüzarlığı, fədakarlığı və mübarizliyi ilə tarixi keçmişimizə ən parlaq səhifələr yazıb. Qadın anadır, həm də müəllim, həkim, mühəndis, jurnalist, alim, polis, idmançı, hətta hərbçidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının dosenti Kifayət Xudaverdiyevanın müəllifi olduğu “Azərbaycanın ziyalı xanımları” kitabında Azərbaycan qadınlarının cəmiyyətin inkişafında oynadığı rolu mühüm mənbə kimi əks olunub. Ensiklopedik nəşr tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün etibarlı məlumat mənbəyi olmaqla yanaşı, həm də bu günün və gələcəyin qadınlarının cəmiyyətdəki rolu daha dolğun əxs edilmişdir.

Nəşrdə Azərbaycanın elmi, mədəni, siyasi və ictimai həyatında mühüm iz qoymuş qadınların həyat və fəaliyyəti geniş şəkildə əks olunub. Kitabda Mehriban Əliyeva, Zərifə Əliyeva, Aida İmanquliyeva, Nərgiz Paşayeva, Leyla Əliyeva, Arzu Əliyeva, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı, Zemfira Səfərova, Firəngiz Əlizadə, Bahar Muradova, Aynur Sofiyeva, Gülçöhrə Məmmədova, Mahirə Hüseynova, Telli Pənah qızı,Zülfiyyə Vəliyeva və digər tanınmış ziyalı xanımlar haqqında ensiklopedik məlumatlar təqdim olunub. Kitabın təqdimat mərasimində millət vəkilləri, akademiklər, görkəmli alimlər, xalq artistləri, eləcə də müxtəlif qurumların nümayəndələri, o cümlədən BƏƏ səfirliyinin təmsilçiləri iştirak ediblər.
Əminik ki,Azərbaycan qadınının cəmiyyətdəki yeri və inkişaf dinamikasını əks etdirən “Azərbaycanın ziyalı xanımları” kitabı ziyalı xanımlarımızın beynəlxalq ictimaiyyətə tanıtmaqla ölkələrarası dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə vermiş olacaq.


Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar Müəllimi Azərbaycan Jurnalıstlə Birliyinin üzvü


