Weather Data Source: havadurumuuzun.com

Məhəmməd Əli Cinnah və Bəgüm Zəfər Əli Qızılbaş

Fotoda: Məhəmməd Əli Cinnah və Bəgüm Zəfər Əli Qızılbaş (sağda)

Kəşmir Qızılbaşları – bir fotonun tarixçəsi: Pakistanın qurucusu Qaidi-əzəm Məhəmməd Əli Cinnahın Azərbaycan əsilli Kəşmirli Ağa Qızılbaş ailəsini ziyarəti. Şrinaqar, Cammu və Kəşmir 1944-cü il

Cammu və Kəşmirli Ağa Qızılbaş ailəsinə mənsub olan hüquqşünas Ağa Faysal Əli Qızılbaşla söhbətimiz zamanı Məhəmməd Əli Cinnahın onların ailəsinə etdiyi tarixi ziyarət və həmin səfərlə bağlı foto haqqında az bilinən, ancaq son dərəcə maraqlı faktlar öyrəndim. Bu məlumatları sizlərlə də paylaşmaq istəyirəm.

İlk növbədə bu dəyərli tarixi məlumatları mənimlə bölüşdüyü üçün Ağa Qızılbaş ailəsinə, xüsusilə əziz dostum Ağa Faysal Əli Qızılbaşa təşəkkür edirəm. Eləcə də, fotonun orijinal nüsxəsini təqdim etdiyi üçün Pakistanın qədim və məşhur “Bhattis Photography” şirkətinə minnətdarlığımı bildirirəm. Sözügedən foto, bu tanınmış fotoşirkətin təsisçisi mərhum Buxş Bhatti tərəfindən çəkilmişdir. Fotonun orijinal nüsxəsi “Bhattis Photography&Cinematography” şirkəti, xüsusilə Şahrux Bhatti və Şahzeb Bhatti Cənabları tərəfindən əldə edilmişdir. Hər birinə xüsusi təşəkkürlərimi bildirirəm.

Əvvəlcə fotodakı şəxslərin kim olduqlarını qeyd edim; onların kim olduqları rəqəmlərlə göstərilib;

  1. Xan Bahadur Ağa Seyid Hüseyn Takur – o, Kəşmirin daxili işlər və hüquq naziri olmuşdur. Ana babası Ağa Məhəmməd Baqir Qızılbaş Cammu və Kəşmir Maharacasının Baş həkimi olub. Xan Bahadur, Seyid Ağa Əhməd və Bəgüm Zəfər Əlinin atası olmuşdur.
  2. Ağa Əşrəf Əli Qızılbaş – fəlsəfə elmləri doktoru, Cammu və Kəşmirin təhsil komissarı olmuş, həmçinin bir sıra nüfuzlu vəzifələrdə çalışmışdır. O, Kəşmirdə təhsil inkişafında öncül şəxslərdən sayılır. Hindistanın ilk müsəlman prezidenti Zakir Hüseyn öncə Ağa Əşrəf Əli Qızılbaşın müəllimi, sonra isə dostu olmuşdur. Zakir Hüseynin dəstəyi ilə Ağa Əşrəf Əli Qızılbaş Hindistanın Camiəyi-Milləyi-İslamiyyə Universitetində müəllim kimi fəaliyyət göstərməyə başlamışdır.
  3. Seyid Ağa Əhməd – Hindistanın böyük dövlət xadimidir. BMT-də Hindistanın daimi nümayəndəliyinin üzvlərindən biri olmuşdur. Qızılbaş ailəsinin kürəkəni olmuş, həmçinin qızı da Qızılbaş ailəsinin gəlini idi. Özü də, yarı Qızılbaş mənşəli idi.
  4. Ağa Şövkət Əli Qızılbaş – Pakistanın böyük dövlət xadimi, Cammu və Kəşmir Konfransının Baş Katibi (1946-1948), Pakistan Mərkəzi Dövlət Xidməti və prezidentin informasiya katibi kimi məsul vəzifələrdə çalışmışdır. O, Məhəmməd Əli Cinnahın yaxın dostu və ən önəmli siyasi tərəfdarı idi. Əli Cinnah Kəşmir bölgəsində Pakistan ideologiyasını yaymaq və təşkilatlanma işlərini ona həvalə etmişdi. O, Kəşmirdə Cinnah siyasətinin təbliğində mühüm rol oynamışdır.
    Britaniya Hindistanının bölünməsindən sonra Ağa Şövkət Əli Qızılbaş Cammu və Kəşmirin hindli hakimi tərəfindən həbs edildi. 1947-ci ildə onun azadlığa çıxmasına BMT vasitəçilik etdi. O, Hindistan və Pakistan arasında baş tutan siyasi məhbus mübadiləsinin bir hissəsi olaraq sərbəst buraxıldı. Ağa Şövkət Əli Qızılbaş Gilgitdə Pakistan müsəlman qüvvələri tərəfindən əsir götürülmüş hindli qubernator, Briqada-generalı Gansara Sinq ilə dəyişdirildi. 27 yaşlı bir gənc və Cinnahın dostu Ağa Şövkət Əli Qızılbaş, bir ordu generalı ilə bərabər tutulurdu. Bu mübadilə təkcə diplomatik deyil, həm də simvolik bir hadisə idi, bir tərəfdə işğalçı rejimin siması olan bir general, digər tərəfdə isə yeni dövrün simvoluna çevrilən, milli azadlıq və əzmkarlıq rəmzi olan Ağa Şövkət Əli Qızılbaş adlı bir gənc.
    Bu hadisə, gənc Qızılbaşın sadəcə bir məhbus olmadığını, həm də siyasi və ideoloji savaşın mərkəzində duran bir şəxsiyyət olduğunu göstərdi. Məhəmməd Əli Cinnahın vəfatından sonra Ağa Şövkət Əli Qızılbaş Pakistan Mərkəzi Dövlət Xidmətinə qoşuldu və müxtəlif diplomatik missiyalarda, o cümlədən Londonda diplomatik vəzifələrdə çalışmışdır. O, həmçinin “Sovet Orta Asiyasının Müasirləşdirilməsi, 1964” əsərinin müəllifi idi. Bu əsər beynəlxalq səviyyədə tanınmış və regional məsələlərin dərin təhlili ilə fərqlənmişdir. 1979-cu ildə Çin rejiminin dünyaya açılmağa başlaması, yəni “Qırmızı Pərdənin qaldırılması” hadisəsi qlobal siyasətdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu tarixi mərhələdə Çin bir sıra nüfuzlu beynəlxalq mütəxəssisləri dəvət edərək qarşıda duran siyasi və iqtisadi dəyişikliklərin mümkün nəticələrini öyrənmək istəyirdi. Bu dəvəti alanlardan biri də pakistanlı diplomat Ağa Şövkət Əli Qızılbaş idi. Çin məhz onu Pekinə dəvət edərək ölkənin gələcək inkişaf kursu barədə fikirlərini dinlədi. Ağa Şövkət Əlinin bu prosesdə iştirakı onu sadəcə bir diplomat deyil, həm də tarix boyu böyük dəyişikliklərin arxasında dayanan fikir adamlarından birinə çevirdi.
    O, təqaüdə çıxdıqdan sonra da Pakistan dövlət başçıları arasında böyük hörmətə sahib idi, hətta məşhur prezident General Pərviz Müşərrəf Kəşmir məsələləri ilə bağlı Ağa Şövkət Əli Qızılbaşdan məsləhətlər alırdı.
  5. Bəgüm Zəfər Əli Qızılbaş- Ağa Əşrəf Əli Qızılbaş və Ağa Şövkət Əli Qızılbaşın anası idi. Özü də, yarı Qızılbaş mənşəli idi. Bəgüm Cammu və Kəşmirin ilk qadın məktəb müfəttişi olub. O, maarif islahatları və qadınların tədris prosesinə cəlb edilməsi sahəsində qabaqcıl fəaliyyət göstərən, Kəşmirdə müasir qadın təhsili sisteminin əsasını qoyanlardan biridir.
  6. Ağa Firdovs Əli Qızılbaş – təhsildar, yerli inzibati orqanlarda vergi və torpaq işlərinə nəzarət edən məmur olmuşdur.
  7. Məssərət xanım – Lahorun köklü Mian ailəsindən olub Ağa Şövkət Əli Qızılbaşın həyat yoldaşı.
  8. Məhəmməd Əli Cinnah – Pakistanın qurucusu.
  9. Fatimə Cinnah – Əli Cinnahın bacısı və Pakistanın dövlət xadimi.
    Fotodakı digər şəxslər isə Qızılbaş ailəsinin qohumları, Lahorun köklü Mian ailəsinin nümayəndələridir.

İndi isə Məhəmməd Əli Cinnah ilə Ağa Qızılbaş ailəsi arasında keçirilən görüşün xülasəsini təqdim edirəm:
1944-cü ildə Qaidi-Əzam Məhəmməd Əli Cinnah və bacısı Fatimə Cinnahın Ağa Qızılbaş ailəsinə səfəri həm şəxsi, həm də siyasi xarakter daşıyırdı. Bu səfərin məqsədi Ağa Şövkət Əlinin Lahorun Bağbanpura şəhərindən olan köklü Mian ailəsinə mənsub Məssərət xanımla evliliyi münasibətilə Ağa Qızılbaş ailəsini təbrik etmək idi. Beləcə, bu tarixi görüş Hindistan yarımadasında sürətlə dəyişən siyasi şərait fonunda Kəşmirin gələcəyi barədə fərdi müzakirə aparmaq məqsədi daşıyırdı.
Əli Cinnah təbriklərlə çıxış edərək, bu evliliyi “iki tarixi ailə arasında qurulan bir bağ” adlandırdı. Xan Bahadır Ağa Seyid Hüseyn Tahkur, ailənin rəhbəri Sərdar Ağa Şirəli Qızılbaş və digər üzvləri ilə birlikdə Cinnahın şərəfinə qarşılama mərasimi təşkil edərək onun ziyarətindən dolayı minnətdarlıq duyduqlarını ifadə etdilər. Fatimə Cinnah Qızılbaş ailəsinin evində qorunub saxlanılan Kəşmir irsini və zərifliyini təriflədi. Cinnahlara əvvəlcə zəfəranlı Kəşmir qəhvəsi və yerli kəşmiri şirniyyatlar təqdim olundu.
Cinnah söhbəti siyasi mövzuya yönəltdi və Kəşmirin verəcəyi qərarın ümummüsəlman mübarizəsi baxımından əhəmiyyətini vurğuladı. O, açıq şəkildə soruşdu: “Kəşmirli şiələr nə istəyir?”
Keçmiş Cəzaçəkmə müəssisələri rəisi və Kral Komissiyasında şiə icmasını təmsil etmiş üzv olan Ağa Sher Ali Qızılbaş ehtiyatla və təvazökarlıqla cavab verdi ki, Ağa Qızılbaş ailəsi hər nə qədər nüfuz sahibi olsa da, siyasi təmsilçilik iddiasında deyil. Onlar bütün şiə icması adından qərar verə bilməzlər.
Cinnah bu fikirləri anlayışla qarşıladı, lakin hörmətli ailələrin verdiyi müdrik tövsiyələrin əhəmiyyətini önə çəkdi.
Qızılbaş ailəsinin qohumlarından biri və ailə üzvü Xan Bahadır Ağa Seyid Hüseyn Thakur söhbətə qoşularaq qeyd etdi ki: “Yarımada qaynamaqdadır. Britaniyalılar təkcə geri çəkilmirlər, həm də öz miraslarını xaos içində yenidən formalaşdırırlar. Müsəlmanlar sadəcə reaksion mövqe tutmamalıdır; onlar hazırlıqlı, təhsilli və məzhəblərindən asılı olmayaraq birləşmiş olmalıdırlar. Kəşmirlilər, xüsusilə də şiə icması, özlərini təcrid olunmuş halda saxlaya bilməz. Dehlidən və Lahordan əsən küləklər ( siyasi dəyişikliklər), tezliklə Dal gölünün sularını da dalğalandıracaq. Mən bunu bir zadəgan kimi deyil, realist kimi deyirəm. Müsəlman gələcəyi, istər bir konfederasiya daxilində, istərsə də müstəqil bir dövlət şəklində, mənəvi aydınlıq, siyasi birlik və təhsilli liderlik tələb edir. Əks halda, biz başqalarının tarixində sadəcə bir haşiyə xatırlanacağıq.”
Cinnah, Ağa Qızılbaş ailəsini siyasi təmsilçilikdən daha çox, sosial və ictimai rəhbərlik etməyə, xüsusilə şiə müsəlmanlarının qorunması və inkişafı sahəsində fəal olmağa çağırdı.
Bu məqamda Fatimə Cinnah qadınların təhsili və cəmiyyətə qatılması məsələsini qaldırdı:
“Təhsil bu gələcəyin təməli olmalıdır. Xüsusilə qızların təhsili çox vacibdir. Xüsusilə də qızlar üçün. Əgər Müsəlman Liqası bütün müsəlmanlara, bütün təbəqələrdən olanlara xidmət etməlidirsə, onda Kəşmir bölgəsinin, xüsusilə qadınların da səsini eşitdirməlidir.”
Ağa Şövkət Əli Qızılbaşın qaynanası Bəgüm Nizaməddin bu fikirləri təsdiqlədi və qeyd etdi ki;
“Məssərət bu gün gəlin oldu, amma dünən tələbə idi. Biz Kəşmir və Pakistan müsəlman qadınlarının heç vaxt səssiz qalmamasını təmin etməliyik.”
Bu zaman Bəgüm Zəfər Əli Qızılbaş, öz sahəsində öncül olaraq, vacib fikirlərini bildirdi;
“Qadınlar olaraq biz uzun yol keçmişik. Mən təkcə imtahan verib keçən yeganə qız idim. Təhsil mənə güc verdi, xidmət isə mənə ləyaqət qazandırdı. Gələcək Kəşmir qadınlarını unutmamalıdır. Kəşmir qadınları da xidmət etməyə hazırdırlar, yalnız hicab arxasında deyil, həm də məktəblərdə, sinif otaqlarında. Azadlıq itaətsizlik demək deyil, azadlıq töhfə vermək deməkdir.”
Onun sözləri hamını təsirləndirdi və xüsusilə Fatimə Cinnah tərəfindən yüksək qiymətləndirildi. Fatimə Cinnah belə cavab verdi:
“Sözləriniz ilhamvericidir, Bəgüm xanım. Yeni Kəşmirin ruhunu məhz sizin kimi qadınlar formalaşdıracaq.”
Məhəmməd Əli Cinnah görüşü yekunlaşdıraraq qeyd etdi ki;
“Mən Lahorda və Dehlidə sizin qonaqpərvərliyinizdən və müdrikliyinizdən danışacağam. Qoy dünya bilsin ki, Şrinaqarın Qızılbaşları hələ də ləyaqət və zəka yoluna xidmət edirlər.”
Çöldə çoxsaylı jurnalistlər və mətbuat nümayəndələri Qızılbaş malikanəsinin yaxınlığında dayanmış, qapalı qapılar arxasında keçirilən görüşdən xəbər almağı səbirsizliklə gözləyirdilər.
Ertəsi səhər urdu dilində nəşr olunan “Roznama İnqilab” qəzetində başlıq belə idi:
“Cinnah Şrinaqarda Ağa ailəsi ilə görüşdü – Kəşmirin gələcəyi gündəmdə”.

Qızılbaşların Cammu və Kəşmirə ilk köçü Əfqan hökmdarının Qızılbaş rəisi və Qarabağ Cavanşirlərindən olan Əmir Aslan xan Cavanşir Qızılbaşı Kəşmir valisi təyin etməsindən sonra başladı. Bu barədə Hindistanın İngilis Baş Surveyorunun köməkçisi George Passman Tate də qeyd edir ki; Əfqan hökmdarı, Əmir Aslan Xan Cavanşir Qızılbaşı Kəşmir qubernatoru təyin etdi və bu Qızılbaş sərkərdəsi də, əmisi Məhəmməd xanı özünə naib yəni vəkil təyin etdi. Əmir Aslan Cavanşir Qızılbaş Cammu və Kəşmirin paytaxtı Şrinaqarda Amira Kadal körpüsünü, əzəmətli və gözəlliyi ilə seçilən Şirqari sarayını inşa etdirməsi ilə məşhurdur. Xüsusilə ondan böyük hörmətlə bəhs edirlər. Britaniyalı dövlət xadimi George Forster, Əmir Aslan xan haqqında qeyd edir ki; “Elə bir qayıqçı və ya onun xanımı yoxdur ki, bu Xan haqqında heyranlıqla danışmasın və keçmişdəki firavan həyatlarını ona aid etməsin”. Britaniya Hindistanın böyük dövlət xadimi olan Walter Roper Lawrence Kəşmirlə bağlı əsərində, ondan bəhs edərkən qeyd edir ki, “Kəşmirin Əfqan hakimiyyətində dövründə Əmir Aslan xan Cavanşir Qızılbaş bəlkə də, ən yaxşı Əfqan hakimlərindən biri idi, çünki digər Əfqan hakimləri qəddarlıqları ilə xatırlanır.” Müasir dövrdə də, Kəşmir xalqı arasında böyük hörmətlə anılır. Azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvani də Səyahət Bağları əsərində Əmir Aslan xan Cavanşirdən böyük ehtiramla bəhs edərək, səxavətli bir insan olduğunu qeyd edir. Cammu və Kəşmirli Qızılbaş ailəsinin əcdadı isə Qəndəharlı Qızılbaş başçısı Sərdar Ağa Rəhim Qızılbaş olub və o, 1797-ci ildə Qəndəhardan Kəşmirə gəlmişdir. Kəşmirin naibi yəni vəkili Məhəmməd xan Cavanşir, Sərdar Ağa Rəhim Qızılbaşın bacısı Cahan Banu Bəgümlə evlənmiş və sonrada Sərdar Ağa Rəhim Qızılbaş 1800-ci ildə daimi olaraq Kəşmirə böyük sərvətlə gələrək məskunlaşdı. Şrinaqar şəhərində Xanegah-i-Suxtada (Nava Kadal) Jehlum çayının sahilində üç mərtəbəli nəhəng bir İqamətgah tikdi və bu ev “Qəsri-Qızılbaş” adlandırılırdı.
Sərdar Ağa Rəhim Qızılbaşın atası Nadir Şahın Sipah-saları və Qəndəhar mənsabdarı olmuş Sərdar Bahadur Ağa Əmir Əli Əfşar Qızılbaş idi. Ailənin digər üzvləri Nadir Şahın ölümünə qədər Azərbaycanda hakim vəzifələrdə olublar. Sərdar Ağa Rəhim Qızılbaş isə Əfqan hökmdarı Əhməd şah Dürraninin Şah Qvardiyasında Leytinant idi.
Tarixən ailənin üzvləri həm Əfqanıstanın həm Pakistanın, həm, Hindistanın, həm də Kəşmirin böyük dövlət xadimləri arasında olub, ailənin üzvləri Cammu və Kəşmir knyazlığında böyük nüfuzlu vəzifələr, xüsusilə nazir, dövlət həkimi və təhsil sahəsində yüksək vəzifələr tutaraq yalnız siyasi idarəçilikdə deyil, həm də ictimai rifah, elm və maarifin inkişafında dərin iz buraxıblar.
Bu Qızılbaş ailəsinin tarixi haqqında daha geniş məlumatlar əldə etmək istəyənlər, ailənin rəsmi internet portalı ‘the agha family of srinagar kashmir’ ünvanına daxil olaraq, Kəşmirin, Pakistanın və Hindistanın ictimai-siyasi və elmi həyatında iz qoymuş bu Qızılbaş ailəsinin maraqlı bioqrafiyaları ilə tanış ola bilərlər.
Ailənin üzvü və dostum Ağa Faysal Əli Qızılbaş artıq 5 ilə yaxındır “Asiya Qızılbaşları: Əfqanıstan, Pakistan və Hindistan” adlı kitab üzərində böyük həvəs və zəhmətlə çalışır. Bu əsərin Qızılbaşların tarixi yaddaşına yeni nəfəs verəcəyinə ürəkdən inanıram. Ağa Faysalın əsas məqsədi Nadir Şah Əfşarın ani ölümündən sonra Azərbaycan əsilli Qızılbaş icmalarının siyasi, sosial və mədəni taleyini, önəmli şəxsiyyətlərini və onların imperiyaların süqutundan sonrakı həyatlarını tarixə qazandırmaqdır. Bu kitab yalnız Qızılbaşların tarixi keçmişinə işıq tutmaqla kifayətlənmir, eyni zamanda yeni arxiv materialları və tədqiqat faktları əsasında, müasir Əfqanıstan, Pakistan və Hindistan ictimaiyyətində Qızılbaş kimliyinin mövcudluğunu, bu kimliyin yaşamaq uğrunda mübarizəsini gün işığına çıxarmağa iddialıdır. Müəllif həmçinin Qızılbaşların bu ölkələrdə mədəni, dini və intellektual sahələrdəki təsirini araşdıraraq, onların bugünkü cəmiyyətlərdə necə dirçəlməkdə olduğunu göstərməyi hədəfləyir. Düşünürük ki, bu dəyərli və zəngin məzmunlu əsərin Azərbaycan dilinə tərcüməsi, onu Azərbaycan oxucusuna təqdim etmək, yalnız elmi töhfə deyil, həm də milli-mənəvi borcdur. Bu əsər vasitəsilə vətəndaşlarımız uzaq diyarlarda yaşayan soydaş və etnik qruplarımızın tarix boyu necə mütərəqqi, nüfuzlu və ali mədəniyyət daşıyıcıları olduğunu daha yaxından tanıyacaqlar.
Günümüzdə də, Qızılbaşlar Pakistan və Hindistanın siyasi və ictimai həyatında mühüm rol oynamaqda davam edirlər. Bu nümunələr, Qızılbaşların yalnız keçmişdə deyil, müasir Pakistan və Hindistan cəmiyyətində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və həmçinin Azərbaycan-Pakistan dostluğuna yeni nəfəs, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri (hal-hazırda İranda səfir) Əli bəy Əlizadə verdiyi bir müsahibəsində qeyd edirdi ki;
“Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır, Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir.”

Uzaq ellərdə yaşayan Etnik varlığımızı unutmayaq, çünki onlar bizi unutmadılar, əksinə, bəzən bizi bizdən daha yaxşı tanıdılar.

Müəllif: Vahid İbayev

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Vahid İbayevin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top