ELCANLI, YURD NİSGİLLİ RAHİLƏ XANIM

ELCANLI, YURD NİSGİLLİ RAHİLƏ XANIM
Zəngilan elindən qəlbi vətən eşqi ilə döyünən, ürəyində uzun müddətdir doğma yurdun, o yurdda uyuyan əcdadların nisgilini yaşadan Rahilə xanım Xudaquliyeva ömrünün altmış səkkizinci yaşında haqq dünyasına qovuşdu. Yaşadığı müddətdə sinəsində topladığı bütün acı və şirin xatirələrini də özü ilə apardı.
Yaxşı yadımdadır, 2022-ci ilin 16 iyulu idi. Zəngilan işğaldan azad olunsa da oraya gediş-gəliş portal vasitəsilə həyata keçirilirdi. Bir qrup qohum doğma yurdun ziyarətinə yollanmışdıq. Qrupda Rahilə xanımın ömür-gün yoldaşı İsmayıl kişi də vardı. Onun təklifi ilə Genlik kəndinə döndük. Uzun müddət ermənilərin işğalında dağıdılıb viran günə qoyulmuş evlərə baxış keçirəndən sonra kəndin qəbiristanlığına yollandıq. İsmayıl kişi qabağa düşüb doğmalarının qəbirlərini tapır, hər birinin ruhuna ayrı-ayrılıqda fatihə oxuyur, əlində telefon tutmuş nəvəsi Rüfətə dönə-dönə xatırladırdı: “Bax, yaxşı-yaxşı çək, yoxsa Rahilə nənən rahatlıq tapa bilməz!” Səhhətindəki problemlərlə bağlı doğma yurdun ziyarətinə gələ bilməyən Rahilə xanımı hamıdan yaxşı tanıyan İsmayıl kişi onun el-obaya necə bağlı olduğunu, qohumcanlılığını, dostyanımlı olmasını daha dəqiq bilir, bunu hərəkəti ilə nəvəsinə də ötürürdü. Bəli, Rahilə xanım belə alicənab bir insan idi.
Xudaquliyeva Rahilə Süleyman qızı 10 avqust 1958-ci ildə Zəngilan rayonunun Genlik kəndində anadan olmuşdur. Rayonun Genlik və Malatkeşin kəndləri bir-birinə çox yaxın yerləşdiyindən bu iki kənddə bir məktəb fəaliyyət göstərib. Rahilə Süleyman qızı da bu məktəbdə – Malatkeşin kənd səkkizillik məktəbində təhsil alıb. O dövrə görə səkkizillik məktəblərin nəzdində 11 illik gecə məktəbləri vardı. Əksər şagirdlər kimi o da kənddə fəaliyyət göstərən gecə məktəbində təhsilini davam etdirərək kamal attestatına yiyələnib.
Atası Süleyman kişi kənddə məşhur Xudaquliyevlər nəslinin tanınmışlarından, hörmət sahiblərindən biri olub. Müxtəlif vəzifələrdə işləyib, imkanı çatdıqca kəndlilərinin köməyində durub. Daha çox milis sistemində sahə inspektoru işlədiyi vaxt ədalətli davranışı ilə seçilib.
Anası Əsgərova Səkinə Əsgər qızı uzun müddət Genlik-Malatkeşin kəndləri üzrə poçt məntəqəsinin müdiri işləyib.
Ailədə dörd bacı, bir qardaş olublar. Kənd həyatının qaydalarına uyğun mehribançılıqla yaşayıb, təsərrüfatları ilə məşğul olublar.
Rahilə Xudaquliyeva Yüngül Sənaye Texnikumunu bitirib rayona qayıdan kimi onu gənc kadr olaraq Zəngilan rayon Partiya Komitəsi Aparatında kargüzar vəzifəsinə işə qəbul ediblər. O, bu vəzifədə 1976-cı ildən 1982-ci ilə kimi işləmişdir. Sonra iş yerini dəyişmiş, rayon İstehlak Cəmiyyətində arxiv-makina işi üzrə kadrlar şöbəsində işini davam etdirmişdir.
Atası Süleyman kişi tez dünyasını dəyişdiyindən qızının toyunu görməyib. Rahilə xanım əmilərinin xeyir-duası ilə 1977-ci ildə öz həmkəndlisi İsmayılla ailə həyatı qurub.
Ağayev İsmayıl Novruz oğlu Genlik kəndində doğulub, boya-başa çatıb. Deyilənə görə, əsilləri Cənubi Azərbaycanın Təbriz şəhərindəndir. İsmayılın babası İsmayıl XX əsrin əvvəllərində başqa bir qardaşı ilə Qafan şəhərində mis mədənlərində işləmək üçün gəlib. Ailədə səkkiz qardaş imişlər. Sovet hökuməti qurulandan, Araz çayı boyunca tikanlı məftillər çəkiləndən sonra o tayla əlaqə kəsilib. İsmayıl kişi əvvəlcə Qafanın Şəhərçik qəsəbəsində yaşayıb, Hacıxanımla ailə qurub. Sonra ailəsi ilə birlikdə Zəngilanın Genlik kəndinə köçüb. Novruz Genlik kəndində böyüyüb, boya-başa çatıb. Orta təhsilini başa vurduqdan sonra Bakıda birillik sürücülük məktəbini oxuyub. Rayona qayıtdıqdan sonra öz ixtisası üzrə işləyib.
Birgə nigahdan 26 sentyabr 1978-ci ildə Naibə adlı bir qız övladları dünyaya gəlib. Naibə xanım böyüyür, ali təhsil alır. Hazırda Gəncə şəhərində 26 saylı məktəb-lisey kompleksində öz ixtisası üzrə müəllim işləyir. Əslən Zəngilanın Vejnəli kəndindən olan, məcburi köçkün olaraq Gəncə şəhərində məskunlaşan Mehdiyev Şahin Şirin oğlu ilə ailə qurur. Bu nigahdan iki uşaqları dünyaya gəlir. Oğlu Rüfət Gəncə Dövlət Universitetinin tarix-coğrafiya ixtisası üzrə fakültəsini bitirir. Hazırda dövlət qulluğundadır. Qızı Fatimə isə hazırda Bakı Dövlət Universitetinin sosial iş fakültəsində təhsil alır.
1993-cü ilin oktyabrın sonunda Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Rahilə xanım da digər həmyerliləri kimi doğma yurdu tərk etmək məcburiyyətində qaldı. Onda hər kəs ümidi olan məkana üz tuturdu. Rahilə xanım da qardaş və bacısının əvvəlcədən köçüb yaşadıqları Gəncə şəhərinə gəlib burda məskunlaşdı.
Zəngilan sonuncu işğal olunmuş rayondur. Dağlıq Qarabağ və ətraf rayonlar daha əvvəldən işğal olunduğundan, həm də Ermənistandan (Qərbi Azərbaycandan) azərbaycan əhalisi deportasiya olunduğundan ölkədə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitə yaradılmışdı. Komitənin yerlərdə də nümayəndəlikləri, şöbələri fəaliyyət göstərirdi.
Bir gün Rahilə xanım qeydiyyata düşmək, işlərin nə yerdə olduğu ilə maraqlanmaq məqsədilə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Komitənin yerli şöbəsinə gəlir. Növbədə çox adamın dayandığını görür, lakin işin getmədiyinin şahidi olur. Yaxınlaşıb maraqlanır. Şöbənin ilk sədri Qurban müəllim bildirir ki, işi aparan – adamları qeydiyyata alan, makinada yazmağı bacaran, arayışları hazırlayan işçisi olmadığından özü bu işlərin öhdəsindən gələ bilmir. “Nə olar, icazə versəydiniz, mən kömək edərdim”, deyə hər zamankı kimi Rahilə xanım öz köməyini təklif edir. Qurban müəllim əvvəlcə tərəddüd edir, inanmaq istəmir. Rahilə xanım makinanın arxasına keçərək işə başlayır. Qısa müddətdə arayışları yazıb hazırlayır, kitabda qeydlərini aparır. Tez bir zamanda dəhlizin boşaldığını, adamların məmnunluqla oranı tərk etdiklərini görən Qurban müəllim Rahilə xanıma qalıb orda işləməyi təklif edir. Elə o gündən Rahilə xanım çiynini bu müqəddəs işin öhdəsinə söykəyir. Həmin dövrdə və sonrakı illərdə öz yurdlarından pərən-pərən düşmüş məcburi köçkünlərə xidmət göstərməkdən müqəddəs başqa hansı iş ola bilərdi?
Rahilə xanım təkcə ofisdə oturub qeydiyyatla məşğul olmur. O, Gəncə şəhərində məskunlaşan məcburi köçkünləri axtarır, onların şəraiti ilə tanış olur, qeydiyyata alır, gələn yardımların ədalətli şəkildə bölünməsində canı-dildən fəallıq göstərir. Baxmayaraq ki, bir müddət sonra Komitənin yerlərdə şöbələri genişlənir, hər rayon üzrə nümayəndə təyin olunur, amma Rahilə xanım heç vaxt ayrı seçkilik qoymur. Demir ki, bu zəngilanlıdır, bununla maraqlanım, o birilər mənlik deyil. İstər şuşalı, laçınlı, kəlbəcərli, ağdərəli, xocalılı, ağdamlı olsun, istər zəngilanlı, Rahilə xanım hamısının problemi ilə maraqlanır, onların həllinə çalışır. İllər ərzində Komitədə keçirilən yekun iclaslarında Rahilə xanımın adı həmişə çəkilir, işi təqdirəlayiq hesab olunur. El arasında da hamı onu tanıyır, doğma münasibətindən, göstərdiyi qayğıdan ağızdolusu danışırlar.
Təəssüf ki, həyat əbədi deyil; bu dünyaya bir gün gəliş olduğu kimi bir gün də gediş var. Amansız əcəl heç kimə möhlət vermir. Rahilə xanım da 2026-cı ilin soyuq bir fevral günündə dünyasını dəyişdi. Onu Gəncə şəhərində məşhur İmamzadə qəbiristanlığında torpağa tapşırdılar.
Bacısı Nəsibə xanım deyir ki, bacım Rahilə el üçün yaşadı, təkcə Zəngilandan deyil, Gəncədə məskunlaşan Dağlıq Qarabağ ətrafı bütün rayonlardan olan məcburi köçkünlərə qayğı göstərdi, çətin məqamlarda yanlarında oldu. Bu, bizim üçüb böyük təsəllidir.
Bəli, Rahilə xanımın əziz xatirəsi uzun müddət əziz tutulacaq. Özü də təkcə onu tanıyan zəngilanlıların qəlbində yox… həm də Gəncədə məcburi köçkünlük yaşayanların yaddaşında…
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


