Weather Data Source: havadurumuuzun.com

“Ədalət axtarma sən bu dünyada” Şair qəlbinin inciləri

“Ədalət axtarma sən bu dünyada”
Şair qəlbinin inciləri

İsmayıl Çeşməlinin şeirləri barədə qısa təfərrüatlarım

Şeir qəlb aynasıdır. Bu aynada şair ürəyinin çırpıntılarını aydınca görə bilirik. Bu misralarda da şair öz səmimi fikirləri ilə qəlb aynasının necə olduğunu hansı qəlbə, hansı ürəyə malik olduğunu göstərir. Bu mənada İsmayıl Çeşməlinin şerlərindəxalqın ürəyindən gələn səsləri də eşidirik, xalqın ürəyinin hansı hisslərlə, duyğularla döyündüyünü də görürük.
İsmayıl Çeşməli qəlbinin inciləri onun şerlərində gün işığı kimi nəzərə çarpır. Şairin poetik fikirləri oxucunu həyacanlandırır.
Gəlin bu misralara diqqət yetirək :

Gündüzlər günəşdi,gecələr Aydı,
Könlümdə bəslənən çiçəkdi qadın.
Gözəllik tanrıdan bil ona paydı,
İçimdə yaranan istəkdi qadın.

Kövrək duyğulardan yoğrulmuş bu misralar şair ürəyinin eşqsiz , məhəbbətsiz bir an da döyünə bilmədiyinin təsdiqidir. Şair sevgi şeirlərində Füzuli, Müşfiq poeziyasının ətri rayihəsi duyulur.
Və yaxud bu misralardan gələn sevgi əttini bənövşə ətri kimi ” qoxlayaq”

Ətrini ruhuma yaydı küləklər,
Açıldı bəxtimdə solmaz çiçəklər.
Dil açdı qəlbimdə susqun diləklər,
Sən mənim gözümdə huri- mələksən.

Onun şeirlərindəki poetik anlam bu baxımdan diqqətimizdən yayınmır. Onun səmimi hisləri oxucuda xoş ovqat yaradır.

Qısa tərcümeyi-hal:
İsmayıl Çeşməli (İsmayıl Qəməndər oğlu İsmayılov) 30 sentyabr 1983-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. İlk təhsilini həmin məktəbdəki kənddə alıb, sonra təhsilini Araz Hüseynov adına Aşağı Öysüzlü kənd orta məktəbində davam etdirib. Daha sonra Tovuz Texniki Peşə liseyinin bitirib. Xüsusi hərbi təhsil alıb, 6 il Azərbaycan Milli Ordusunda gizir kimi çalışıb. Tovuz rayonunda Su Meliorasiya idarsində işləyib. Hazırda işləmir. Ailəlidir, bir övladı var.
İsmayıl Çeşməlinin şeirlərində sevginin tərənnümü diqqəti cəlb edir. Qeyri təbiilik, süni notlar onun sevgi şeirlərinin ruhuna yaddır. O, şeirlərinin qəlbinin hərarəti ilə cilalayır, ictimai nüansları əsas poetik hədd kimi qabardır. Fikrimizin təsdiqi kimi bu misralara diqqət yetirək :

Gəlişin bəxtimə nur saçdı, gülüm,
Ay mənim qəlbimə hakim olan qız.
Lal olan arzular dil açdı, gülüm,
Ay mənim qəlbimə hakim olan qız.

…Baxışlar rəssamtək şəklimi çəkdi,
Varlığın ömrümdə çiçəklər əkdi…

Qısa təfərrüatla nümunə kimi verdiyim bu misralarda istedadlı şair həyatdan güc aldığımızı heyranlıqla dilə gətirir, yaddaşımızda parlaq obrazlar yaratmaqla həm də sənət məbədində sağlam xarakterlər göstərmək məqsədi güdür.

Pisləşir, get-gedə dəyişir zaman,
Qartal, o zirvədən bir daha enmə.
Şeytanın cibinə giribdi insan,
Qartal, o zirvədən bir daha enmə.

Bu misralarda şair dövranın gərdişindən gileylənir, qartala elə qalxdığı zirvədə qalmasını diqtə edir. Əslində, “Qartal, o zirvədən bir daha enmə” fikrində çox incə və ciddi mətləblər var və şair bunu bizə eyhamla bildirir, bizi ciddi düşündürür, ictimai həyatın nə üçün belə formada cərəyan etməsi onda dərin məyusluq doğurur.

Bulaqtək sinəmdə qaynayıb-daşdın,
Sən mənim gözümdə huri-mələksən.
Dəryatək titrədin, sel kimi coşdun,
Sən mənim gözümdə huri-mələksən.

Buradakı fikir qatında sevgi hissi qırmızı xətt kimi görünür. Bu hiss geniş mənada hər kəsi təbdən təbə salır. Burada diqqət çəkən fikirlər oxucunu xoş duyğulara qərq edir.
Və yaxud

O xumar gözündən gülən sevgilim,
Gəl, mənim qeydimə qal, yavaş yeri.
İstərəm uyuyum qolunun üstə,
Uşaqtək laylamı çal, yavaş yeri.

Bu misralardakı poetik duyğular ümumi fikirdir. Hər şey – deyilə biləcək nə varsa, hamısı bu fikrdə cəmləşib. Tək bu “Gəl, mənim qeydimə qal, yavaş yeri” misrasındakı gerçək bəs edir ki, oxucu şairin nə dediyinin fərqinə vara bilsin.

Neştərlə xəlvətdə gözün oyacaq,
Ədalət axtarma sən bu dünyada.
Cəlladtək dərini vallah, soyacaq,
Ədalət axtarma sən bu dünyada.

Bu misralarda da şairin kövrək, duyğuları ilə üz-üzəyik. O, burada qəlb çırpıntılarını həyata sevgidən daha çox yanlış məqsədlərə kin-küdurət kimi verir, təəssüflə “Ədalət axtarma sən bu dünyada” deyir. Bu isə hamımızın bildiyimiz həqiqətdir…

Mötəbər bir addı, mənalı sözdü,
Hər yetən adama müəllim demə.
Gur yanan çıraqdı, sönməyən közdü,
Hər yetən adama müəllim demə.

Burada ürəklərə meh kimi düşən bir sözün – “müəllim” sözünün nə qədər müqəddəs olması diqqət çəkir. Şair bu anlamda sanki hayqırır ki, hər yetənə müəllim deməyin. Çünki bu sözü hörmətdən salmış olarıq…

Şairlər məskəni, saz-söz diyarı,
Həmişə ucadır başı Tovuzun.
Tanıdım sizlərə aşıq Xanları,
Tarixdən bəllidir yaşı Tovuzun.

Doğulduğu yurdun böyüklüyünə, görkəmli sənətkarlarına sevgi hissi İsmayıl Çeşməlinin ədəbi ehtiramıdır. Yurd adını babalarımız da həmişə müqəddəs tutub, elə şair də bu adı müqəddəs hesab edir.

Əzəldən vurğunam incə gülüşə,
Cəlladtək canımı aldın, a gözlər.
Dodağı məst edən bircə öpüşə
Xəlvətcə könlümü çaldın, a gözlər.

İsmayıl Çeşməli bu misralarda can alan gözlərin əslində, həm də yaxıcı, nifrət dolu baxıçlarla süsləndiyini demək istəyir. Oxucu da elə şairin dediklərini eyni sevgi hissi ilə qavrayır, bu misralarda milli xüsusiyyətlər görür. Bu bənddəki poetik görüntü bir insanın həyata nə qədər sevgi ilə yanaşması faktı ilə diqqət çəkir.

Göründüyü kimi, nümunə gətirdiyim şeir parçalarında istedadlı şair İsmayıl Çeşməli sözü sanki əvvəlcə su kimi içir, sonra da ruhumuza elə üfürür ki, gözlərimiz məmnunluq hissi ilə dolur.
İsmayıl Çeşməlinin şeirlərində bizi heyran qoyan ədəbi göstəricilərdən biri də onun güclü müşahidələri, eyni ədəbi təfsilatla xarakterizə etdiyi ictimai nüanslardır.
Və ən nəhayət, demək istəyirəm ki, İsmayıl Çeşməli halal söz adamıdı, sözünün qüdrətilə seçilən söz sahibidir. O, həm də ürək adamıdır, doğulduğu torpağa, yurd yerinə bağlı adamdır. Doğma Tovuza yazdığı ” Tovuzun” şeirilə o, özünün Vətən sevgisini, yurd sevgisini bir daha anlatmışdır.

Şairlər məskəni , saz-söz diyarı,
Həmişə ucadır başı Tovuzun

Və yaxud
Bülbüllər məftundur bağında gülə,
Qızıldan üstündür daşı, Tovuzun.

Bəli İsmayıl Çeşməlinin hər şeirində, hər misrasında ilahi bir nur var. Bu nurun işığında onun könül dünyası ilə az- çox tanış ola bildim. Onu da hisselədim ki, İsmayıl Çeşməli olduqca duyğulu şairdi. Duyğuları bulaq kimi qaynayır.
Şairin şeirlərindən bəzi nümunələri nəzərdən keçirdim, fikrimi bildirdim, poetik dünyasına könül ziyarəti elədim.
Şözlə nəfəs alan şairin şeirlərindən onu da anladım ki, İsmayıl Çeşməli şeir yazmaq üçün dünyaya gəlib. Dünyaya xoş gəlib , şair. Yaz-yarat böyük sənətkar. Sənin işıqlı şeirlərinə ədəbiyyatımızın böyük ehtiyaçı var.
Yeni şeirlərinlə dünyamızı , həm də poeziya sevərlərin qəlbini nura döndər.

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top