Weather Data Source: havadurumuuzun.com

Rəngli sükutun dili – çiçəklər nə deyir?

Rəngli sükutun dili – çiçəklər nə deyir?
(“Vaz və 4 çiçək”lə söhbət – altıncı yazı)
Gənc rəssam Türkan Hüseynlinin “Vaz və 4 çiçək” adlı əsəri ilk baxışda sadə, zərif və estetik bir natürmort təsiri bağışlasa da, bu rəsmin dərinliyinə endikcə onun sadəcə çiçəklərdən və bir vazdan ibarət olmadığını anlayırıq. Bu əsər, əslində, ailə modelinin – ata, ana, bacı və qardaşdan ibarət olan dörd nəfərlik birliyin psixoloji və emosional harmoniyasını simvolik şəkildə əks etdirən incə bir bədii ifadədir.
Rəsmdə diqqəti ilk çəkən məqam dörd qırmızı çiçəyin bir vaz içində yerləşdirilməsidir. Psixologiyada qırmızı rəng həyat enerjisini, sevgini, bağlılığı və bəzən də emosional intensivliyi ifadə edir. Bu çiçəklərin hər biri ayrı-ayrı fərdləri – ailə üzvlərini təmsil edir. Onların eyni kökdən çıxaraq bir vazda toplanması isə ailə bağlarının möhkəmliyini və birgə var olmağın vacibliyini göstərir.
Vazın özü burada sadəcə bir qab deyil – o, ailənin təməlini, ev mühitini, valideynlərin yaratdığı təhlükəsiz və qoruyucu atmosferi simvollaşdırır. Bənövşəyi çalarlı vaz rəngi psixoloji baxımdan sakitlik, dərinlik və mənəvi zənginlik anlamı daşıyır. Bu isə onu göstərir ki, ailə yalnız fiziki deyil, həm də emosional və mənəvi bir sığınacaqdır.
Dörd çiçəyin forması və yerləşməsi də təsadüfi deyil. Onlardan biri bir qədər kənara yönəlib – bu, fərdiliyi, ailə daxilində hər bir üzvün özünəməxsus xarakterə malik olduğunu göstərir. Digərləri isə bir-birinə daha yaxın, sanki bir-birini tamamlayan vəziyyətdədir. Bu isə ailə üzvləri arasında qarşılıqlı dəstək və empatiyanın mövcudluğunu əks etdirir.
Yaşıl yarpaqlar isə inkişafı, yenilənməni və həyatın davamlılığını ifadə edir. Ailə psixologiyasında bu, xüsusilə uşaqların – bacı və qardaşın böyümə prosesində valideynlərin rolu ilə sıx bağlıdır. Yarpaqların çiçəkləri qoruması və onları tamamlaması valideyn qayğısının vizual metaforası kimi çıxış edir.
Fonun sarı tonlarda işlənməsi isə rəsmin ümumi emosional fonunu müəyyənləşdirir. Sarı rəng psixologiyada istilik, sevinc və ümid rəmzidir. Bu, ailə daxilində mövcud olan pozitiv atmosferi, sevgi dolu münasibətləri və gələcəyə inamı simvolizə edir. Eyni zamanda, fonun yumşaq keçidlərlə verilməsi ailə həyatının dinamik, lakin harmonik axarını xatırladır.
Bu əsərdə diqqət çəkən əsas psixoloji məqam odur ki, fərqli xarakterlərə malik dörd fərd bir məkanda – eyni vazda – harmonik şəkildə mövcuddur. Bu, sağlam ailə modelinin əsas prinsiplərindən biridir: fərqliliklərə baxmayaraq birgəlik, qarşılıqlı anlayış və emosional bağlılıq. Detallara keçsək, mərkəzdə aşağıdakı çiçək ananı təmsil edir. Ananın qucağından yüksələn iki qoşa çiçək isə Türkan və qardaşını simvolizə edir. Bir az kənarda olan çiçək isə atadır. Türkan özünü ataya yaxın ən kiçik ölçülü çiçək – qönçə kimi təsvir edib. Ananasın qucağında, özündən böyük qardaşının yanında və atasının himayəsində özünü çox xoşbəxt və dəyərli hiss edir. Ailədə ən kiçik olsa da özünü zirvədə təsəvvür edir.
Türkan Hüseynlinin bu işi göstərir ki, incəsənət yalnız estetik zövq yaratmaqla kifayətlənmir, o, həm də insan psixologiyasının, sosial münasibətlərin və ailə dəyərlərinin dərin qatlarını açmaq gücünə malikdir. “Vaz və 4 çiçək” əsəri sadə kompozisiyası ilə mürəkkəb bir həqiqəti çatdırır: ailə – müxtəlif fərdlərin bir bütövə çevrildiyi, sevgi və anlayış üzərində qurulan canlı bir sistemdir.
Bu rəsmi seyr edən hər kəs, istər-istəməz öz ailəsini xatırlayır və bu dörd çiçəyin arasında öz yerini axtarır. Bəlkə də bu əsərin ən böyük uğuru da elə bundadır – o, hər kəsə tanış olan, amma bəzən ifadə edə bilmədiyimiz hissləri rənglər vasitəsilə dilləndirir.

RƏNGLƏRİN DİLƏ GƏLDİYİ UŞAQLIQ DÜNYASI

Rəsm əsərlərinin analizi üzrə baş məsləhətçi:

Psixoloq Lalə Əhmədova

Zaur Ustac və Türkan Hüseynli

Müəllif: Zaur USTAC

Türkan Hüseynli haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top