NİFTALI GÖYÇƏLİ: TURAN SEVDALISI OLAN USTAD ŞAİR…

NİFTALI GÖYÇƏLİ: TURAN SEVDALISI OLAN USTAD ŞAİR…
Bu günlərdə Odlar Yurdu Azərbaycanın dəyərli və ustad şairlərindən, eyni halda aşıq və yazıçı-publisistlərindən olan Turan sevdalısı, ustad Niftalı Göyçəlinin doğum günü, eyni halda 75 illik yubileyi qeyd edilir.
Mən də bu münasibətlə ustad şairimizin haqqında bir təqdimat yazıçı ilə çıxış etmək, onu oxuculara, xüsusilə də əziz gənclərimizə daha yaxından tanıtdırmağa qərar verdim…
Bioqrafik məlumat:
Yusifov Niftalı Puta oğlu (Niftalı Göyçəli): 21 mart 1951-ci ildə bir zamanlar doğma Azərbaycan diyarının qərb hissəsində yerləşmiş Göyçə mahalının Basarkeçər rayonuun Babacan kəndində anadan olmuş, 1 yaşından sonra ailəsi ilə birlikdə Dərə kəndinə köçmüşlər.
Dərə kənd səkkiz illik məktəbini bitirdikdən sora IX-X sinifləri Ardanış kənd orta məktəbində oxumuşdur. 1967-ci ildə Bakı şəhərində ali məktəbə daxil ola bilməyib, inşaat fəhləsi kimi işləməyə başlamışdır. Hərbi xidmətə çağırılarkən hərbi göndərişlə avtomobil məktəbində sürücülük kursunu bitirmişdir. İrəvan, Tbilisi və Gəncə şəhərlərində hərbi sürücü kimi inşaat batalyonunda işləməklə xidməti başa vuraraq, Bakı şəhərinə qayıtmışdır.
1974-cü ildə BDU-nun kitabxanaçılıq fakültəsinə (qiyabi) daxil olub, 1981-ci ildə oranı bitirərək kitabxanaçı-bibloqraf ixtisası üzrə ali təhsil haqqında diplomunu almışdır.
1976-cı ildən Şəki rayonuna köçməklə əvvəlcə kənd mədəniyyət evinin direktoru və iki il müddətində Səməd Vurğun adına rayon mədəniyyət evinin direktoru vəzifəsində işləmişdir.
1990-cı ildə ailəlikcə Bakı şəhərinə köçməklə 1992-ci ilə kimi ARDNŞ “Geofizikakəşfiyyat” idarəsində fond rəisi vəzifəsində işləmişdir. Tədqiqatçı, türkoloq, şair, aşıq, ədəbiyyatşünas və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hal-hazırda təqaüdçü olsa da beynəlxalq səviyyəli Turan Yazarlar Birliyinin sədri, eyni halda Turan Xalq şairidir.
Ədəbiyyat və ictimai sahələrdə uğurları və təqdirəlayiq xidmətlərinə görə indiyədək bir çox mükafat, fəxri fərman və diplomlarla təltif edilmişdir. Son olaraq (06.03.2026) Azərbaycan ədəbi mühitində və xüsusilə də türkologiya sahəsində səmərəli xidmətlərinə görə “Həməşəra” mətbu orqanı tərəfindən “Həməşəra” Fəxri Diplomu və Azərbaycan bayrağı nişanı ilə təltif olunmuşdur. Bunu da qeyd etmək lazımdır ki, dəyərli ustadımızın 1 qızı, 2 oğlu, 7 nəvəsi və 1 nəticəsi var.
Yaradıcılığı:
Niftalı Göyçəli hələ orta məktəb illərindən etibarən şeirin müxtəlif növlərində yazmağa başlamışdır. Bir neçə epos və poema müəllifidir.
“Altun saçlı qərəman” (2000), “İbrahim və Lilpar” (2002), “Vətən sizə oğul dedi” (2011) poemaları və iki eposu: “Qədim Turan eposu” (2014), “Bilqamıs – bəşəriyyətin ümumi eposudur” (2015) adlı əsərləri çap olunub.
O, Aşıq Ələsgərin 200 ildən sonra “Ay nədən oldu” qıfılbəndini açaraq deyişmə kimi təqdim etməyi bacarmışdır.
Bir neçə kitabın redaktoru olmaqla “Göyçə ustadları” antologiyasını hazırlayıb nəşr etdirmişdir.
İndiyədək nəşr edilmiş kitabları sırasında aşağıdakıları göstərmək olar:
1. “Altun saçlı qərəman”, Bakı: 2000;
2. “İbrahim və Lilpar”, Bakı: 2002;
3. “Vətən sizə oğul dedi”, Bakı: 2011;
4. “Qədim Turan eposu”, Bakı: 2014;
5. “Bilqamıs – bəşəriyyətin ümumi eposudur”, Bakı: “Elm və təhsil”, 2015;
6. “Milli Qəhrəman Pəncəli”, Bakı: 2017 (Şəhriyar Seyidoğlu ilə ortaqlı);
7. “Göyçə ustadları” (antologiya), I hissə. Bakı: “Elm və təhsil”, 2017;
8. “Becan Qasımov – Göyçə xatirələri” (Bioqrafik povest). Bakı: “Elm və təhsil”, 2018;
9. “Miskin Abdal və Səfəvilər”, Bakı: “Elm və təhsil”, 2018;
10. “Qazi” (Bioqrafik poema), Bakı: “Elm və təhsil”, 2025… (Qeyd etmək lazımdır ki, burada qeyd edilən bioqrafik məlumatlarda “Wikipedia” portalında ustad şairlə bağlı təqdim edilmiş bilgilərdən geniş şəkildə istifadə edilmişdir).
Niftalı Göyçəli həm də Türk bədii ədəbiyyatında müasir dövrdə epos janrına müraciət edən ilk şairdir. Burada epos dedikdə, bir xalqın tarixi taleyi, qəhrəmanlıqları, adət-ənənələri və dünyagörüşünü geniş şəkildə əks etdirən, dastançılıq ənənəsinə əsaslanan nəhəng xalq folklor əsəri nəzərdə tutulur. Epos sadəcə bir hekayə deyil, bir millətin yaddaşı və epik düşüncə xəzinəsidir.
Niftalı müəllimin hələ 2014-cü ildə işıq üzü görmüş “Qədim Turan eposu” adlı əsəri həmin sahəyə ən bariz nümunədir. Belə ki, adıgedən əsərdə epos janrına aid olan 14 dastan yer almışdır. Bunlar “Şumer dastanı” , “Tatar dastanı”, “Hun dastanı”, “Çində hun tərəqqisi və xan dövlətləri”, “Hunların şimal-şərqə axını”, “Tapqaç xanın Çin səddini tikdirməsi”, “Başqır-Çuvaş dastanı”, “Kazax dastanı”, “Yuran xan dastanı”, “Peçenq Temir və Az Alpər dastanı”, “Türkmən dastanı”, “Özbək xan və Sallur dastanı”, “Qırğız dastanı”, Amerikanın yerli xalqına aid “Hundu dastan”ından ibarətdir.
Təxəllüsü barədə qısa izahlar:
Niftalı müəllimin soyadı “Yusifov” olsa da “Göyçəli” təxəllüsündən istifadə edir. Bu da onun öz ata-baba yurduna bağlılığı və milli-mənəvi kimliyini yaşatması ilə bağlı olan bir məsələdir. Məlumat üçün qeyd etmək lazımdır ki, Göyçə əsasən Qərbi Azərbaycanda (indiki Ermənistan) yerləşən tarixi mahal və Cənubi Qafqazın ən böyük şirin sulu göllərindən biri (Göyçə gölü) kimi tanınır.
Göyçə Mahalı 1747-1828-ci illər ərzində İrəvan xanlığının tərkibində olmuş, azərbaycanlıların tarixi-etnoqrafik bölgəsidir. 1988-ci ilə qədər azərbaycanlıların kütləvi yaşadığı bölgələrdən biri də Göyçə mahalı olmuşdur. Onun mənası isə “Göy” (göyərmək/təzə) və ya suyun rəngi ilə bağlı (göy rəngli, mavi) olduğu ehtimal edilir.
Göyçə sözü həmçinin, xalq ədəbiyyatında və toponimikada mədəniyyət, aşıq sənəti (Göyçə aşıq məktəbi) və tarixi irslə bağlı müxtəlif kontekstlərdə də işlənir…
Xüsusiyyətləri:
Niftalı Göyçəli sözün həqiqi mənasında Odlar Yurdu Azərbaycanımızın ziyalı və müdrik ziyalılarından biri olmaqla yanaşı, həm də ustad şairlərindən biridir. O, öz milli kimliyi, dövləti və dövlətçiliyinə, milli-mənəvi dəyərlərinə bağlı olan bir ziyalı, ustad şairdir.
Bacarıqlı kitabxanaşünas, ədəbiyyat sahəsinin ustad ədibi, aşıq, yazıçı-şair olsa da eyni halda öz məsum və insani dəyərlərini qoruyan, müdrik ağsaqqal, həmçinin, milli kimliyi və milli-mənəvi dəyərlərini uca tutan bir şəxsiyyət, Turan sevdalısı və turançılıq məfkurəsinin təbliğçilərindən biridir.
Niftalı müəllim XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən olan Aşıq Alını (1801-1911) özünə mənəvi ustad bilir, ideya baxımından isə Azərbaycan şairi və yazıçı Hüseyn Cavid (1882-1941) yaradıcılığından bəhrələndiyini bildirir.
Bu dəyərli şair ədəbiyyat və incəsənət sahəsindəki xüsusi bacarığı və ustadlığı ilə yanaşı milli kimliyi və milli-mənəvi dəyərlərini qoruduğu üçün özündən möhtəşəm bir tablo yaratmağı bacarmış, beləliklə də çoxsaylı şairlər, yazarlar və ədiblərin, həmçinin, gənc nəsil nümayəndələrinin rəğbəti və sevgisini qazanmışdır.
Bütün bu xüsusiyyətlər və dəyərlər onu müasir dövrümüzün görkəmli, həm də ustad şairlərindən, müdrik ağsaqqallarından birinə çevirmişdir. Bir sözlə, Niftalı Göyçəli ədəbiyyat sahəsinin görkəmli numayəndələri sırasında bədii söz sənətinin zirvəsində duran bir ustad şair və mütəfəkkirdir…
Arzu və diləklər:
Sonda dəyərlimiz və ustadımız Niftalı müəllimi doğum günü ilə əlaqədar ürəkdən təbrik edir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
22.03.2026


