Turan Uğur – BAHARDA DOĞULANLAR

BAHARDA DOĞULANLAR
(3-cü hissə)
MƏMMƏD ALİM
(Əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi)
MƏMMƏD ALİM – SÖZ SIĞINACAĞI
(esse)
Bu günlər – yazın gülləmə-çölləmə çağında neçə gündür ki, mərhum şairimiz Məmməd Alimin bahar ovqatlı şeirlərini söyləyirəm.Novbaharda – Yazın erkən çağında Məmməd Alimin lətif şeirlərini dilə gətirməyimin səbəbi çox sadə imiş: axı şair də Yazağzında təvəllüd etmiş ziyalılardan idi.
Doğrusu, içimdən bir doğma səs bəndənizi müəllifi olduğum “Baharda doğulanlar” silsiləsində yer alacaq şairlərimizi bir qədər sonraya saxlamağa və Məmməd Alim ruhunu sevindirməyə çağırdı.Madam ki, Novxanıda neçə gündür şairin şeirlərindən guppuldadıram, deməli, bu nüansın özü də əbəs deyilmiş.Əlbəttə, hər şey ilk növbədə
“Könül bayramı” şeirini biqəfil xatırlamağımdan başladı.O da yadımdadır ki, Məmməd Alimi illər öncə AzTV -də – “Telefilm” in filmlərində çıxış edərkən görmüşdüm.Dumanlı da olsa, xatırlayıram.Deyəsən, mərhum Vüqar Tapdıqlı ilə həm də dostluqları vardı.İşə baxın, indi hər ikisi Haqqa qovuşublar, biz isə…
…Bizdən yan ötək, varaq Məmməd dünyasına.Əslində, 65 illik ömründə Məmməd Alim həmişə harasa köç edib.Əsl ünvanı isə söz olub, şeir olub.Təkcə mən demirəm ki, şairin özü də eyzən bu qənaətdə idi:
Mən xırda çay balığıydım,
Çaydan dənizə köçmüşəm.
Dərin duyğu bulağıydım,
Ürəkdən gözə köçmüşəm.
Ömrü özləyib öncədən,
Keçdim niyədən, necədən.
Aysız, ulduzsuz gecədən,
Günlü gündüzə köçmüşəm.
Başım dəyib daşdan-daşa,
Dönmüşəm qanadsız quşa.
Piyada payızdan qışa,
Qışdan da yaza köçmüşəm.
Çəkib könül karvanımı,
Özüm qurdum divanımı.
Dəyişmişəm ünvanımı,
Şeirə, sözə köçmüşəm.(M.Alim)
Lap çocuqluğundan ünvan dəyişməyə adət eləmiş Məmməd Alim 1949-cu ilin martın 16-da Goranboyun Xınalı kəndində doğulub.İlk ünvan dəyişməyi əzəmətli Gəncədən başladı.Bu, onun öz köçü idi, söz köçləri isə daha sonralar olacaqdı.Həmin köç kənd evlərinin çiy kərpic divarından, daşından başlayacaqdı; Alimin dəcəl yaşından, taxta beşiklərinin, xallı pişiklərinin gətirdkləri çadırlı, üstüörtülü maşından keçəcəkdi; babasının xurcunundan, çəkicindən, kəlbətinindən, nənəsinin cehizli xalısından keçəcəkdi o köç; anasının köhnə, güllü çit donundan, işə gedən zaman istifadə etdiyi qarğı səbətindən keçəcəkdi; daha nələrdən-nələrdən keçəcəkdi Alimin kiçik Xınalıdan böyük Gəncəyə köçü…
Kənd qəbiristanlığında ikiyaşlı bacısının – özü də qıvrımsaçlı bacısı Minirənin əl boyda məzarından keçəcəkdi o məlum köç.
Sonra ad və soyadının da bir-birinə köçü olacaqdı.Alim Məmmədov Məmməd Alim olacaqdı, daha poetik, daha müdrik səslənişlə.
Azərbacan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri də olacaqdı, Beynəlxalq Rəsul Rza ədəbi mükafatının laureatı da.Amma bu uğurlara gedən yolu əsla asan olmadı.
16 yaşında ikən “Kirovabad kommunisti”, indiki “Gəncənin səsi” qəzetində ilk mətbu şeirinin dərc olunmasının sevincini dadır.Dövri mətbuatda sərasər nəşr olunan şairin şeirləri müxtəlif almanaxları özünə ünvan bilir.Məhsətidən, Vazehdən, habelə xarici müəlliflətdən – Bella Axmadulinadan, İosif Brodskidən tərcümələr edir.
Yenə köçür, ilhamının yelkəni cürbəcür dünyalara açılır.Ancaq könül bayramını Novruzla, yazla, baharla, ülfətlə, sevgi ilə bağlayır.
O, otuz bir dekabr-
Yeni il bayramıdır.
Bu, Novruzdur, əzizim,
Yazdır, gül bayramıdır.
Bu aşıq, o ozandır,
Xoruz banı – əzandır.
Gələn ay Ramazandır,
Oba, el bayramıdır.
Alnımız qırışıqdır,
Fikrimiz qarışıqdır,
Harda ki barışıqdır,
Şirin dil bayramıdır.
Gözlə gözün görüşü,
İzlə izin görüşü,
-İkimizin görüşü,
Bu, könül bayramıdır.
Bu sayaq Bahar ovqatlı mənzərələri çox qələmə alıb şair.Nigar Rəfibəyli ilə Rəsul Rzaya ithafən yazdığı şeir də təbiət lövhələri ilə bica yerə
süslənməyib ki?!
Göyçay çinarı, Gəncə qovağı…
Bakıda görüşdülər
Ömrün ilk bahar çağı.
Rəsul – Göyçay çinarı,
Nigar- Göygöl qovağı.
Ata yurdundan gəldi
Qovağın son sorağı.
Çinar ora tələsdi,
Heykəl gördü qovağı.
Rəsulun gözlərində
Göygölün göy qurşağı.
Göygölün üzərində,
Nigar – durna çırağı.
Əbədi qovuşdurub,
İki qəlbi Xan bağı.
Şair ömrü yaşayır,
İki dünya qonağı.
Rəsul – Göyçay çinarı,
Nigar – Gəncə qovağı.
Doğma Gəncəsinə çox bağlı idi Məmməd Alim.Gəncə Dövlət Universitetinin filologiya faküləltəsində oxuyarkən – 1967-72-ci illərdən Gəncə torpağına – ulu diyara bağlılığı baqi xarakter aldı.Gəncəni şeirlərində öydü, yurda, məmləkətə sevgisini böyütdü, amalını bütöv Azərbaycana, Təbrizə köçürtdü.Hər köçü kimi, bu köçü də doğal idi, təbii idi, zəruri idi.
“Qəlbim Təbrizə çatdı” şeiri Məmməd Alimin bu dünyadan çıxıb da son varacağı bir arzuya, bir hədəfə dönüşdü.
Mən Məmməd Alimi dinlədim dedim,
Yerlədim, göylədim, günlədim, dedim.
Dünya, qapını aç, aç gedm, drdim,
Qəlbim qanad qırıb Təbrizə çatdı.
Məmməd Alim heca vəzninin ən müxtəlif şəkillərində seçkin nümunələr yaratmaqdan zövq aldı, kiçik həcmli şeirlərini poemalar əvəzlədi.Sonra şirin təcnisləri ilə qələmini müşərəff etməyi bacardı.
Köynəyini yuyub asdı aynadan,
Səbirli ol, kölgədə yox, gündədi.
Neyləsin, tez qurumasa, ay nadan.
Günah onda deyil, gücsüz gündədi.
İçib sərməst olur, sevir sər xoşu,
Sər özü xoşudur, xoşu sər, xoşu.
Ailənin sənin kimi sərxoşu,
Nə ayda, nə həftədədi, gündədi.
Məmməd Alim deyir: Bu yoldan daşın,
Niyə vaxt-vədəsiz atılsın daşın.
Bir bax, o ismətli ömür yoldaşın,
Cavan gəlin ana gör nə gündədi?!
Şübhəsiz şairin sərhədləri aşan şeiri, dillər əzbəri olan “Dünya, qapını aç…” şeiridir.Onun bu şeiri Güneydə, Təbrizdə də çox sevilir.
Quranın göylərdən nazil olsa da,
Ömür möhlətim lap yüz il olsa da,
Sabahın bu gündən gözəl olsa da,
Dünya, qapını aç, aç çıxım gedim.
Məmməd Alimin sabahı dünənindən yüz faiz daha gözəl, daha manidardır.Əbədi ünvanları, əbədi sığınacağı söz olanların aqibəti hərdaim bu sayaq olur.Baharda doğulan Məmməd Alimin 2014-cü ilin avqustun 29-da – ömrün 65 indən gələcəyə apardığı sözün, şeirin əbədi bir zəmanət çeki qalıb.
Limitsiz və sərhədsiz çekdir həmin zəmanət çeki.Kainatın hər guşəsində – dövlətinə, diilinə, millətinə baxmadan, hər yerdə işə keçir bu növ zəmanət çekləri.
O tilsimli zəmanət çekinin bu gün Məmməd Alim kimi şairləri Bahar çağında xatırlatmağa, hətta şərəfinə esse də yazdırmağa gücü çatdı.
Rəbbimiz bu dünyamızı Məmməd Alim kimi şairlərimizdən, şairlərimizi isə o zəmanət çeklərindən xali etməsin.Ulular belə söylərdi bu məqamda:
Kərəminə şükür İlahi, qələminə mərhaba!
Mərhaba, Baharda doğulanların aqibətinə!
Bahar qoxulu misraların şairi, öz sığınacağına,
söz sığınacağına mərhaba!

Turan Uğur,
AYB-nin üzvü,
24 mart 2026-cı il,
Novxanı.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


