MÖHTƏŞƏM ÇƏKİLİŞİN SON TALEYİ

MÖHTƏŞƏM ÇƏKİLİŞİN SON TALEYİ
O, vaxtlar indiki kimi texnologiya inkişaf etməmişdi. Tək-tük adamda fotoaparat var idi, onlar da xalqın bu ağır, hüznlü günündə şəkil çəksələr də mən nə gördüm, nə də bir yerdə o şəkillərdən danışanlara rast gəldim.
Söhbət 22 yanvar 1990-cı il tarixindən gedir. Hansı ki, Zəngilanda minlərlə adam Bakı qırğınlarına etiraz olaraq rayon mərkəzinə yığışaraq böyük mitinq keçirmişdi.
Mən o vaxt dəqiq bilirdim ki, rayonda iki nəfərdə video kamera var. Birinin heç adını çəkmək istəmirəm, çünki heç vaxt xeyrə-şərə yaramayan həmin adama müraciət olunsa da o, kamerasının olmadığını söylədi. İkinci adam isə həmişə öz işi, əməli ilə camaatın yanında olan, el-obanın xeyrində, xüsusilə yas mərasimlərində təmənnasız dəstək verən Tariyel Rəhimovda idi. Videokameradan oğlu İdris istifadə edirdi. İdrisə deyiləndə o, “atam icazə verərsə, çəkərəm” söylədi. Mən İdrislə birlikdə Tariyel müəllimə yaxınlaşdım və ona İdrisin mitinqi çəkməsinə icazə istədim. Taryel Rəhimov cavab verdi ki, bu sözü mənə çox adam deyir, ancaq mən qorxuram çəkilişdən sonra camaatın başı ağrıya.
Mən həmişə ona “qağa” deyə müraciət edərdim. İndi o, həyatda yoxdur, haqq dünyasındadır, Allah ona qəni-qəni rəhmət etsin. Mən ona yenə də mülayimcəsinə “qağa” deyərək müraciət etdim, izah eləməyə çalışdım ki, bu, böyük bir tarixi hadisədi, yaddaşlara köçürülsə, çox yaxşı olar. Nəhayət ki, “qağa”m razılıq verdi. Dərhal İdris evə getdi və videokamera ilə birlikdə qayıtdı. O, kamera vasitəsi ilə mitinqin sonrakı hissəsini necə lazımdırsa, çəkdi, lentə köçürə bildi.
Əfsuslar olsun ki, Tariyel müəllim söylədiyi kimi oldu, mitinqdən sonra orda iştirak edən çox adam nəinki vəzifəsi ilə vidalaşmalı oldu, hətta birdəfəlik işdən çıxarıldı. Xalq Cəbhəsinin fəallarından 6-7 nəfər də tutuldu. Bu hadisələr baş versə də kükrəyib ayağa qalxmış xalq öz azadlığı uğrunda savaşdan geri çəkilmədi.
Çox pis olan isə odur ki, həmin çəkilişin, kasetin sonrakı taleyi pis oldu. Çəkilişdən bir neçə gün sonra o kasetin sürətini çıxardıb birini mən götürdüm ki, Şuşaya yollayam, orda televizor vasitəsi ilə yayımlansın. Ancaq kaset Şuşaya çatsa da, nədənsə, orda yayımlanmadı və yoxa çıxdı.
Kasetin əsli isə İdris Rəhimovda qaldı. Əfsuslar olsun ki, o da məcburi köçkün düşəndəmi, yoxsa başqa bir vaxt, necə oldusa yoxa çıxdı, harda itdi-batdı, bilinmədi.
Həmin mitinqdən bir neçə şəkil bu yaxınlarda əlimə düşdü. Şəkillərə baxıb yaddaşımı təzələməyə çalışdım. Xatirəmdə qalanları yazıram ki, arxivləşdirilsin, bəlkə nə vaxtsa gərəyiniz olar.
Çərkəz NƏSİRLİ
5 mart 2025-ci il, Bakı şəhəri


