Mən şəhid olacağam

Mən şəhid olacağam
Tarixin yaddaşında əbədi qalmaq üçün illərlə yaşamaq şərt deyil. Tarix Vətəni üçün yaşayıb, torpağı üçün canını verən hər kəsi qiymətə qədər qızıl hərflərlə öz səhifəsinə qeyd edir. Adları bayraq kimi qürurla ucalarda olan, ehtiramla anılanlardan biri də on səkkiz yaşlı şəhidimiz Xəlilov Ələddin Əlizaman oğludur. Xəlilovlar ailəsinin ilk övladı olan Ələddin 29 iyun 2001-ci ildə Qobustan qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə ilk təhsilini də Qobustanda 321 saylı orta məktəbdə alan Ələddin öz cəsarəti, ağlı, savadı ilə müəllimlərinin və onu tanıyan hər kəsin rəğbətini qazanmışdır. O, çox qərarlı və inadkarlığı ilə tanınıb hər zaman. Bu xarakteri ona gələcək həyat yollarında da uğur gətirib. Doqquz illik təhsilini bitirdikdən sonra sənədlərini peşə məktəbinin “Gəmi kapitanlığı” ixtisasına verir. O, içində gəzdirdiyi torpaq sevgisi ilə yaşayırdı. Onun üçün bu ixtisas həyatının ən önəmli hissəsi idi. Ələddin Vətən torpağı ilə nəfəs alırdı. Bu seçdiyi peşə onun gələcək taleyini həll edəcəyini, onu bir ömürlük zirvəyə qaldırılacağını hiss etmişdi sanki. 2019-cu il 24 iyulda hərbi xidmətə çağrılan Ələddin sevinərək yola düşdü. O, xidmətdə olduğu müddətdə də “aşbazlıq” kursuna gedir. Xidmətinin ilk dövrləri müharibənin başladığı zamanlara düşür. O, 27 sentyabr günü ağır artilleriya silahı ilə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərə qoşulur. Ona nə qədər geri çəkilmək lazımdır deyilsə də, Ələddin “son nəfəsimə qədər vuruşacağam” deyib bir addım da geri çəkilmir. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi və Kəhrilər xarabalığı deyilən yerdə düşmənlə qızğın mübarizə apararkən, Oktyabr ayının 1-də qəhrəmanlıqla şəhid olmuşdur. Ələddin həm idmançı, həm də dinlə məşgul olan imanlı bir gənc idi. Bir gün belə nə idmanını, nə də ibadətini əskik etməzdi. O, əsgər yoldaşlarına hər zaman “Qardaşlarım, Allah sizi qorusun” deyərdi və əlində də hər zaman “Müsəlman qalası” kitabı olardı. Şəhid olarkən də bu kitab üzərində olub Ələddinin. Şəhid olmamışdan bir gün qabaq hiss etdiklərini döyüş yoldaşları ilə bölüşərək, “mən şəhid olacağam” deyir. Şəhidin nəşi 13 dekabr 2020-ci ildə Qobustan məzarlığında dəfn edilib. Komandiri onun haqqında danışarkən, cəsarətli olduğu üçün onun “2 ulduzlu” medalla təltif ediləcəyini demişdi.

Amma, mənfur düşmən buna imkan vermədi. Ölümündən sonra Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin.
Atlaz Rzayi


