VƏZİFƏ MƏSULİYYƏTİNDƏN İNSANLIQ ZİRVƏSİNƏ

VƏZİFƏ MƏSULİYYƏTİNDƏN İNSANLIQ ZİRVƏSİNƏ
(Şəki-Zaqatala Regional Təhsil İdarəsi)
“Uğurlu təhsil idarəçiliyi yalnız rəsmiyyətdən ibarət deyil; o, həm də müəllim əməyinə verilən səmimi qiymət, hər bir uğura şərik olmaq və mənəvi dayaq durmaq mədəniyyətidir.” Müasir Azərbaycan təhsilinin inkişaf strategiyasında idarəçilik artıq yeni bir müstəviyə qədəm qoyub. Bu gün Şəki-Zaqatala Regional Təhsil İdarəsi təkcə inzibati bir qurum kimi deyil, həm də təhsil işçilərinin inkişafını hədəfləyən, yaradıcı müəllim təşəbbüslərini dəstəkləyən bir mənəviyyat mərkəzi kimi çıxış edir. Bu uğurlu mühitin formalaşmasında idarənin rəhbər heyətinin – Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın, müdir müavini Hafiz Pənahovun, Tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətovun və İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədovun rolu əvəzsizdir.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəm çərçivəsində mən bu dəstəyi ilk addımdan hiss etdim. Səfər hazırlıqları zamanı müdir müavini Hafiz Pənahov, sektor müdirləri Alqış Həsrətov və Rauf Əsədov tərəfindən dəfələrlə qəbul edilməyimiz, layihənin detalları ilə yaxından maraqlanmaları bizə böyük stimul verdi. Onlar tərəfindən qarşılaşa biləcəyimiz hər bir məsələnin diqqətlə dinlənilməsi və həlli yollarının göstərilməsi, bu şəxslərin yalnız peşəkar idarəçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik ziyalılar olduğunu bir daha nümayiş etdirdi. Türkiyəyə etdiyimiz 5 günlük təhsil səfəri müddətində İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədovun diqqət və qayğısı bizim üçün mənəvi bir qalxan oldu. Rauf müəllim səfərin hər anında bizimlə mənəvi təmasda oldu, işlərin gedişatını izlədi və hər bir xırda detalın belə qayğısevarlıqla nəzərdən keçirilməsini təmin etdi. Onun bu davranışı rəhbərlik məsuliyyətinin səmimiyyətlə birləşdiyi nadir nümunələrdəndir. O, bizə həm yol göstərən, həm də mənəvi dayaq olan bir rəhbər kimi təhsil səfərimizi daha səmərəli və unudulmaz etdi. Vətənə qayıtdıqdan sonra İdarə müdiri Günay Mahmudovanın başçılığı ilə keçirilən görüş isə müəllim əməyinə verilən ali dəyərin təntənəsi idi. Görüşdə Hafiz Pənahov, Alqış Həsrətov və Rauf Əsədovla birlikdə qrant qalibi olan digər müəllimlərin də iştirak etməsi, layihələrimizlə yaxından tanış olunması bizim üçün mənəvi stimul oldu. Günay xanımın səmimi diqqəti, təqdimatımızı böyük maraqla izləməsi və müəllimlərə verdiyi dəstək təhsilə olan strateji baxışın və insan amilinə verilən qiymətin bariz göstəricisidir. Şəki-Zaqatala Regional Təhsil İdarəsində formalaşan bu sağlam və etibarlı mühit müəllimlərdə öz işinə olan məsuliyyəti daha da artırır. İnsani keyfiyyətləri ilə seçilən belə rəhbərlər sayəsində təhsilimiz daha parlaq gələcəyə doğru addımlayır. Uca Yaradan bu kollektivin yolunu daim açıq, fəaliyyətini bərəkətli etsin. Təhsilin gələcəyi məhz belə ziyalı və insanpərvər idarəçilərin əllərində daha işıqlı görünür.
P.S. Zaman keçəcək, vəzifələr və illər bir-birini əvəz edəcək. Lakin rəsmi kabinetlərin divarları arasında deyil, insanların qəlbində silinməz iz qoyan səmimiyyət, xeyirxahlıq və həqiqi ziyalılıq heç vaxt unudulmayacaq. Günay Mahmudova, Rauf Əsədov və onların fədakar əməkdaşları məhz bu nəcib amalları uca tutan, təhsilimizin mənəvi sütunlarına çevrilən nadir insanlardandır. Onların birgə fəaliyyəti təhsil mühitimizə sonsuz güvən, gələcəyimizə isə böyük ümid bəxş edir.

Müəllif: Süleymanova Ümmü İsmayıl qızı
Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


