ƏBÜLHƏSƏN ƏLƏKBƏRZADƏNİN İRSİ

ƏBÜLHƏSƏN ƏLƏKBƏRZADƏNİN İRSİ
120 İLLİK YUBİLEYƏ HƏSR OLUNMUŞ YAZI
Bu il (2026) Azərbaycan ictimai-mədəni fikrində özünəməxsus yeri olan Ələkbərzadə Əbülhəsənin anadan olmasının 120 illiyi tamam olur. Onun həyat və fəaliyyəti XX əsrin mürəkkəb tarixi-siyasi prosesləri fonunda formalaşmış, milli düşüncənin, maarifçilik ideyalarının və ictimai fəallığın inkişafında mühüm rol oynamışdır. Ələkbərzadə Əbülhəsən dövrünün ziyalı mühitində prinsipial mövqeyi, milli kimliyə və ədalətə bağlılığı ilə seçilən şəxsiyyətlərdən biri kimi tanınmışdır. Yubiley münasibətilə Əbülhəsən Ələkbərzadənin həyat yoluna və fəaliyyətinə yenidən nəzər salmaq, onun ictimai və mənəvi irsini dəyərləndirmək bu gün də aktualdır. Bu baxımdan 120 illik yubiley təkcə bir şəxsiyyətin xatirəsinin yad edilməsi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin tarixi yaddaşında iz qoymuş ziyalı nəslinin ideya və dəyərlərinin müasir kontekstdə yenidən düşünülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əbülhəsən Ələkbərzadə müasir Azərbaycan nəsrinin inkişafında fəal iştirak etmiş ədiblərdən biridir. O, 27 fevral 1906-cı ildə İsmayıllı rayonunun (keçmiş Şamaxı qəzası) Basqal qəsəbəsində anadan olmuşdur. 1925-ci ildə Bakı Darülmüəllimini bitirmiş, peşəkar fəaliyyətinə Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində başlamış, müxtəlif dövrlərdə isə iki dəfə “Azərbaycan” jurnalının baş redaktoru olmuşdur. Əbülhəsən Ələkbərzadənin ədəbi yaradıcılığı lirik şeirlə başlamışdır. 1925–1927-ci illərdə “Maarif yolu” jurnalında “Dağlar”, “Şahbuzdağı”, “Bahar yağışları”, “Qasımkəndin yaxınlığında”, “Etirafdan”, “Cortel axşamı” və digər şeirləri dərc olunmuşdur. Bu əsərlər əsasən təbiət lövhələrinə və lirik mövzulara həsr edilmişdir. İlk hekayələrini yazanda Əbülhəsən 20–21 yaşında idi. Onun yaradıcılığının gənclik dövrü Azərbaycanın siyasi-ictimai həyatının mürəkkəb və ziddiyyətli bir dövrünə, ölkənin sosialistləşmə prosesinin iqtisadi, məişət və şüur sahələrində yaratdığı dəyişikliklərə təsadüf etmişdir.
1927-ci ildə “Maarif və mədəniyyət” jurnalında çıxan “Sofi” hekayəsi ilə Əbülhəsən nəsrə qədəm qoymuş və dini mistikaya qarşı aparılan çoxəsrlik mübarizənin davamçısı kimi diqqət çəkmişdir. Bu hekayədən sonra o, müntəzəm olaraq hekayə və oçerklərlə ədəbiyyatda fəaliyyətini davam etdirmişdir.
1927–1930-cu illərdə Əbülhəsən Ələkbərzadə müasir Azərbaycan romanının formalaşmasında fəal rol oynamışdır. 1930-cu ildə, 24 yaşında ikən, onun “Yoxuşlar” romanı nəşr edilmişdir. Roman kollektiv təsərrüfat uğrunda mübarizənin müəyyən dövrünü, 1929–1930-cu illərin kənd həyatını əks etdirir və Azərbaycan sovet nəsrinin ilk romanı hesab olunur. Əsərin birinci hissəsi 1930-cu ildə, ikinci hissəsi isə 1962-ci ildə çap olunmuşdur. “Yoxuşlar”dan üç il sonra, 1933-cü ildə, Əbülhəsən “Dünya qopur” romanını nəşr etdirmişdir. Bu əsər Azərbaycan zəhmətkeşlərinin hakimiyyəti ələ alması və inqilabi dövlət yaratması prosesini təsvir edir. Roman həm də müəllifin doğulduğu və gənclik illərini keçirdiyi Basqal kəndinin və onun zəhmətkeşlərinin – xüsusən şarbaf və kələğayı toxuyanların – təsvirinə əsaslanır. Lakin burada göstərilən kənd və insanlar, inqilabın ilk aylarında Azərbaycan kəndlərində baş verən hadisələrin geniş bədii ümumiləşdirilmiş mənzərəsidir. “Dünya qopur” romanı bir neçə dəfə təkmilləşdirilmiş və 1980-ci ildə “Üç ildən sonra” adı ilə son versiyası çap olunmuşdur.
Müharibə illərində Əbülhəsən “Atalar və oğullar”, “Yaralı”, “Oxu, bülbülüm, oxu”, “Görüş yeri” və digər hekayələrini yazmışdır. Bu əsərlərdə təsvir edilən döyüş səhnələri və igid döyüşçü surətləri müəllifin şəxsən şahidi olduğu hadisələrə əsaslanır. Qələbədən sonra isə müharibə mövzusunda, bilavasitə döyüş səhnələrini göstərən ilk Azərbaycan romanı “Dostluq qalası” adı ilə yazılmışdır (1960).
Əbülhəsənin digər əsərləri arasında “Müharibə” (I kitab, 1947), “Tərs adamlar” (1967) və “Seçilmiş əsərləri” (üç cild, 1984) də xüsusi yer tutur. Onun yaradıcılığı Azərbaycan nəsrinin inkişafında mühüm rol oynamış və roman janrına verdiyi töhfə müasir Azərbaycan ədəbiyyatında əhəmiyyətli bir mərhələ hesab olunur. Əbülhəsənin döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1966, 1971, 1976), bir sıra fəxri fərmanlar və döyüş medalları ilə təltif olunmuşdur.
O, 20 may 1986-cı ildə 82 yaşında vəfat etmişdir. Onun qəbri doğulduğu Basqal kəndindədir və oraya büstü qoyulmuşdur. 2006-cı ilin 20 iyununda Rəşid Behbudov adına Mahnı Teatrında Əbülhəsən Ələkbərzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilmişdir. Yubiley tədbirində “Bir il səndən ayrı” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Əbülhəsən Ələkbərzadənin qəbri
Basqal kənd qəbristanlığı
Onun əsərləri yalnız dövrünün sosial və siyasi dəyişikliklərini əks etdirməklə qalmayıb, eyni zamanda milli kimliyin, ədalət və maarifçilik ideyalarının inkişafına mühüm töhfə vermişdir. Əbülhəsən Ələkbərzadənin irsi bu gün də Azərbaycan nəsrində canlı olaraq qorunur və gələcək nəsillər üçün dəyərli ədəbi və mənəvi nümunə kimi qalır. Bu yubiley həm yazıçının xatirəsinin yad edilməsi, həm də Azərbaycan ədəbiyyatının zəngin tarixi irsinin müasir dövrdə dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ədəbiyyat siyahısı
Əbülhəsən. Seçilmiş əsərləri: 3 cilddə. Bakı: Azərnəşr, 1984–1985.
1-ci cild. “Dünya qopur” (roman). 1984, 388 səh.
2-ci cild. “Tamaşa qarının nəvələri” (povest). 1984, 276 səh
3-cü cild. “Utancaq” (povest) “Sədaqət” (roman). 1985, 240 s.
http://milliarxiv.gov.az/az/ebulhesen-elekberzade
Müəllif: Günay Rzayeva
GÜNAY RZAYEVANIN DİGƏR YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


