Bəzən tarix illərlə yazılmır

Bəzən tarix illərlə yazılmır
Bəzən bir ömür, bir ürək döyüntüsü, bir nəfəs qədər qısa zaman bütöv bir millətin yaddaşına həkk olunur. O yaddaşdan silinməyən adlardan biri də – Vətən sevdasını canından üstün tutan Əli Məzahir oğlu Məmmədzadədir.
2002-ci ilin aprel ayında dünyaya göz açan Əli, adi bir ailənin övladı idi, amma qeyri-adi ürəyə sahib idi. Onun balaca ciyinlərində daşıdığı yük yaşı ilə ölçülmürdü. Çünki o ciyinlər Vətən ağrısını, torpaq həsrətini, şəhidlərin əmanətini daşıyırdı.
Əsgəri xidmətdə olarkən könüllü olaraq, israrla döyüş bölgəsinə getməyi seçdi. Bu seçim təsadüf deyildi – bu, qanında axan vətən sevgisinin, ailəsindən aldığı qeyrətin, şəhid ocağının çağırışı idi. Əli bilirdi ki, gedilən yol çətindir, amma o yolun sonunda Vətən dayanır.
Goranboydan Kəlbəcərə uzanan o məşəqqətli döyüş yollarında Əli ön cəbhədən yaralılarımızı, şəhidlərimizi arxa cəbhəyə daşıyırdı. Hər addımında ölüm vardı, hər nəfəsində təhlükə. Amma onun ürəyində qorxudan daha böyük bir hiss var idi – borc.
Qarlı, tufanlı Kəlbəcərdə xidmətini davam etdirərkən üç gün qarın altında qaldı. Bu Vətən fədaisinin ayaqlarını şaxta vurdu. Aylarla Gəncə qospitalında müalicə aldı. Sonra Bakıda – Milana hospitalda, Medikal Plazada, Semaşko xəstəxanasında, Zəfəran klinikasında… Həkimlər çalışdı, dualar edildi, ümidlər bağlandı. Milana hospitalın rəhbəri Xuraman xanım təmənnasız şəkildə daim yanında olaraq insanlıq nümunəsi göstərdi.
Amma bəzən Tanrının yazdığı taleyi dəyişmək olmur…
Əli artıq öz adını başqa bir zirvəyə yazmışdı.
Vətən uğrunda canını fəda edən qəhrəmanımız 7 fevral tarixində Haqqın dərgahına qovuşdu. O, torpaq uğrunda savaşdı, indi isə o torpağın qoynunda əbədi uyuyur. Lakin adı hər zaman ürəklərdə yaşayacaq.
Bu gün ən ağır yük ana ürəyindədir…
Şəhid bacısı olan Xəyalə xanım Aydınqızı üçün bu acı ikiqatdır. Əli dayısının qisasını almaq üçün könüllü döyüş bölgəsinə getmişdi. Qəhrəmanlıq bu ailənin taleyidir, alın yazısıdır, şərəfidir.
Əli Məmmədzadə göstərdi ki, Vətən sevgisi yaşla ölçülmür.
Bəzən ən böyük ürəklər ən gənc sinələrdə döyünür.
Allah bütün şəhidlərimizə,Əli balamıza rəhmət eləsin. Məkanları cənnət, məqamları uca olsun Amin.
Pərvanə Salmanqızı,
Jurnalist, şair-publisist


