Weather Data Source: havadurumuuzun.com

Məmməd Araz dərdi – millətin vicdan səsi kimi

SƏKSƏN DOQQUZUNCU YAZI
Məmməd Araz dərdi – millətin vicdan səsi kimi
(Əbülfəz Əhmədin şeirləri əsasında)
Salam olsun, çox dəyərli oxucum! Səksən səkkizinci yazıda söz verdiyim kimi bu yazımı tanınmış şair Əbülfəz Əhmədin “Gəldim” kitabından seçdiyim, Azərbaycan Xalq şairi Məmməd Araz şəxsiyyətinə, poeziyasına və taleyinə poetik münasibətini ifadə edən “Araz dərdi” və “Bizə oğul demə” şeirləri əsasında qələmə alıram.
Azərbaycan poeziyasında elə şairlər var ki, onların adı təkcə ədəbi fakt deyil, həm də milli yaddaşdır. Məmməd Araz məhz bu qəbildən olan sənətkarlardandır. Onun şeirləri bir dövrün, bir xalqın taleyini özündə daşıyır. Əbülfəz Əhmədin Məmməd Araza həsr etdiyi “Araz dərdi” və “Bizə oğul demə” şeirləri isə sadəcə bir ustada ehtiram deyil, bütövlükdə xalqın öz vicdanı ilə üz-üzə qalmasıdır.
“Araz dərdi” (səh. 80) – əslində elə “Azərbaycan dərdi” kimi qəbul olunmalıdır. Bu şeirdə Əbülfəz Əhməd Məmməd Arazın yaradıcılığında əsas xətt olan dərd anlayışını ümumiləşdirir. Burada dərd fərdi ağrı deyil, ictimai-milli faciə kimi təqdim olunur və nəticədə sözün əsl mənasında “Araz dərdi” düşüncədə “Azərbaycan dərdi” kimi assosiasiya edir, xalq, millət dərdi kimi başa düşülür:
“Nə dərd varsa bəxtimədi
Bu nə dərddi, Məmməd Araz?!”

Bu misralarda müəllif həm öz taleyini, həm də bütöv bir xalqın bəxtini Məmməd Arazın adı ilə bağlayır. Sanki Arazla ikiyə bölünmüş, parçalanmış Azərbaycanın – yaralı bir taleyin rəmzidir bu dərd. Şair sual verir, amma cavab gözləmir – çünki cavab hamıya məlumdur: bu dərd ədalətsizlikdən, susqunluqdan, satqınlıqdan doğur.
Əbülfəz Əhməd burada Məmməd Arazı dərdi deyən yox, dərdi daşıyan şair kimi təqdim edir. Onun poeziyasında “goru çatlar ölənlərin”, “günahlarıq ölənləri” misraları ilə cəmiyyətin mənəvi çöküşü açıq şəkildə ittiham olunur.
İkinci şeir – “Bizə oğul demə” (səh. 80-81) – Məmməd Arazın məşhur vətəndaşlıq mövqeyinə açıq bir poetik müraciətdir. Bu şeirdə Vətənlə şair arasında acı, ittiham dolu dialoq qurulur. Əbülfəz Əhməd burada Məmməd Arazın ruhunu çağıraraq deyir:
“Vətən, bizə oğul demə, amandı!”
Bu çağırış təkcə poetik nida deyil, mənəvi etirafdır. Şair etiraf edir ki, bu torpaq öz oğullarını itirib, ya da oğullar öz Vətənlərinə xəyanət ediblər. Şuşanın adı çəkilir, namusun tapdanması, dəyərlərin alınıb-satılması vurğulanır. Bu artıq poeziya yox, ictimai ittiham aktıdır.
Əbülfəz Əhməd burada Məmməd Araz poeziyasının əsas ruhunu – qorxmadan həqiqəti demək cəsarətini davam etdirir. Məmməd Araz necə ki, zamanında susmadı, Əbülfəz Əhməd də susmur.
Hər iki şeiri birləşdirən əsas xətt məsuliyyət hissidir. Bu məsuliyyət şairin özünə, xalqına və Vətəninə qarşıdır. Əbülfəz Əhməd Məmməd Arazı təkcə ustad kimi deyil, mənəvi ölçü vahidi kimi təqdim edir. Onun adı çəkiləndə dərd də çəkilir, xəcalət də, ümid də.
Bu şeirlərdə Məmməd Araz artıq fiziki yoxluğu ilə deyil, ruhən yaşayan, sorğu-sual edən, hesabat istəyən bir obrazdır. Şair sanki deyir: “Məmməd Araz sağ olsaydı, bu gün bizə nə deyərdi?”
Əbülfəz Əhmədin Məmməd Araza həsr etdiyi bu iki şeir müasir Azərbaycan poeziyasında ədəbi varisliyin, mənəvi davamlılığın parlaq nümunəsidir. Bu şeirlər həm ehtiramdır, həm etiraz, həm də özümüzə ünvanlanan sualdır.
Məmməd Araz poeziyası dərd deyirdisə, Əbülfəz Əhməd poeziyası o dərdin hələ də bitmədiyini göstərir. Və bu dərd bitmədikcə, Vətənə “oğul” demək də çətinləşir…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Azərbaycanın Xalq şairi Məmməd Arazı rəhmətlə anır, qələm dostumuz, silahdaşımız, tanınmış şair Əbülfəz Əhmədə can sağlığı, bolluca uğur arzu edirəm! Sağ olun, Dostlar!

08.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

ƏBÜLFƏZ ƏHMƏDİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top