Weather Data Source: havadurumuuzun.com

“Xəzan” ədəbi-bədii jurnalın on yaşına

XƏZAN ÇİÇƏKLƏRİ
“Xəzan” ədəbi-bədii jurnalın on yaşına

Əli bəy Azəri mifik rütbədə

Adını çoxdan eşitmişdim, o zaman Arazboyu kəndlərdə Vejnəlidən Qumlağa qədər “Rzaquliyev” soyadı mifik bir familiya idi. El-obaya çox sədaqətli, işinə məsuliyyətli, mətin firqəçiydi yoldaş Rzaquliyev. Çox adam onun adını bilməzdi, elə hamı üçün Rzaquliyev idi. Çox rəsmi, ciddi biriydi. Əli bəy Azərinin əmisi idi, Sədətqulu Rzaquliyev…
Atası Qurban kişi Əli bəyi hələ uşaqlıqdan el-obanın keşiyində mətin dayanan əsgər gözündə görürdü və bu istək Əli bəyi Rusiyaya gedib hərbi məktəb oxuyaraq baş leytenant hərbi rütbəsi ilə Zəngilana qaytaracaqdı və təkcə Zəngilanda deyil, Azərbaycanın digər cəbhə bölgələrində də ərazi bütövlüyü uğrunda mübarizədə zabit (mayor rütbəsinə qədər) kimi şərəfli ad daşıyacaqdı.
Evlilik həyatı onu peyğəmbər nəslindən olan bir xanımla – cümlə Zəngəzurda böyük kəramət sahibi kimi tanınan Seyid Həsən Ağanın nəvəsi Xuraman xatunla qovuşduracaqdı.
Hərbi rütbə, urfani, mifik soyla birləşidikdən sonra Əli bəy Azəri imzası ilə ədəbiyyat camiəsində boy göstərəcəkdi. Çox keçməyəcək ki, bu imza ilə bir “Xəzan” jurnalı nəşrimizə yeni çalar qatacaqdı, bu nəşrin 70 sayı xeyli yeni imzaları oxucu kütləsinə tanıdacaqdı…

Əli bəy Azəri və “Xəzan” çiçəkləri

Qarışıq rənglərin içərisində bir yaşıl ümid göyərir. Sonbaharın xəzan rəngi daha al-əlvan, daha rəngarəng çalarları özünə hopdurur. A4 formatda bir dərgi gözümüzün qarşısında “XƏZAN”a dönür. Müxtəlif dil və etniklərin şeir, nəsr və digər janrların dilimizdə ardıcıl çap edildiyi br jurnal. Redaktoru Əli bəy Azəri. Beləcə, son illərin “Xəzan”ına göz atıram. 100 səhifədən də çox olan nüsxələr var. Nəsr, poeziya və publik yazılar da kifayət qədər yer alıb bu dərgilərdə. İmzaların çoxu demək olar ki, mənə tanış deyil. Girişdə, redaktor guşəsində Əli bəyin həqiqət haqqında qısa sözönü də ibrətamizdir. Yazı düzümündə Leylam Leylam imzası ilə klassik nümunələrə bənzər bir qəzəl (64-cü sayında ) diqqətimi cəlb edir:

“Bu nə dövran, bu nə meydan, bu nə şeytan, Allahım?!
Susdu haqqın qabağında nə qədər vicdanlar.

…Çox fikir eyləmə, Leylam, əzəlindən belədir,
Pisi də, yaxşını da, saldı yola dövranlar”.

Bəlkə də bəzi redaktorların “senzura”sından keçməzdi bu möhtəşəm misralar, amma əsl ədəbiyyata meydan yaratmağa cəhd göstərən Əli bəy Azərinin qələm sahiblərini, xüsusən də ülvi hisslə ədəbiyyata gələn yeni nəfəsləri ruhlandırmaq kimi missiyası diqqətəlayiqdir.
Belə nümunələr kifayət qədərdi.
Jurnalda ciddi ədəbi araşdırmalar da cəsarətli nümunələrdəndi, “Gecə döyülən qapılar” Nəbi Xəzrinin 100 yaşına (Mahir Cavadlı), “Məhərrəm Qasımlıdan Orxan Paşaya” (Ramiz İsmayıl), Ayaz İmranoğlunun “Komutan” romanı haqqında (Xuraman Zakirqızı), Xurşud Dəvranın “Pədərküs” şerindəki tarixi həqiqətlər (Nazliyəbanu Bəyməhmətova, Özbəkistan) yazıları “Xəzan”ın redaktorunun ədəbiyyata çox yüksək qiymət verməyinin nişanəsidir.
Tanış imzalardan Səbuhi Rəhimlinin “Fevralın ilk günü”, Kərim Şükürlünün “İntihar” hekayəsini etinasız oxumaq olmur. Bu nümunələr “Xəzan” jurnalının 64-cü sayından götürülüb. Cari ilin daha bir “Xəzan”ına rast gəlirəm, tam 100 səhifəlik bir dərgi. 68-ci sayı. Artıq hər kəsin ciddiyə aldığı bir jurnal . Yenə redaktor guşəsində ana dilimizi təhrif edənlərə qarşı baş redaktorun bir hərbçi qətiyyəti ilə, amiranə qınağı və ciddi iradları ilk səhifədə yer alıb. Sonrakı səhifələrin birində millət vəkili Fazil Mustafanın Naxçıvan ədəbi-mədəni mühitinin şairi, pedoqoqu və jurnalisti Məmməd Tahirə 70 illik yubiley münasibəti ilə ünvanladığı təbrik məktubu və şairin “Məhbəsdə bitən çiçək” poeması verilmişdir. Jurnalın bu sayında şair Nazim Əhmədlinin “Sol ayağın yuxusu” və Zəhra Səfəralıqızının “Şöhrət” hekayələri təsirli nəsr nümunələrindəndi. Zeynəb Cəmaləddinin Şekspir, Puşkin, Lermantov, Həmzətov və Riçard Smitdən şeir tərcümələri də maraqlıdır. İndi 69-cu sayını vərəqləyirəm, redaktor guşəsində “Xarı bülbül” bədii-publisistik jurnalına xoş gəldin deyilir və jurnalın yaradıcısı Ziyadxan Budağa uğurlar arzulanır. “Xəzan”ın bu sayında “Sarı Aşıq ədəbi məclisi”nin fəaliyyəti barədə bu ədəbi məclisin təsisçisinin – Adil Cəfakeşin maraqlı qeydləri vardır. Jurnalın bu sayında zəngilanlı mərhum şair Vaqif Qüdrətin “Zübeydə” romanının ədəbi məziyyətləri barədə, eyni zamanda şairin nəsr yaradıcılığı haqqında Əli bəy Azərinin özünün məlumatları da yer almışdır. Dərgidə Vahid Məhərrəmlinin “Salam tut ağacım, məni tanıdınmı?” Zəngilan şəhər gününə aid olan yazı-nastolji diqqəti cəlb edir. “Dağlar dumana qalmadı” yazısında Arzu Kazımqızı Nehrəmlinin xalq yazıçısı Elçin Əfəndiyevin “Poçt şöbəsində xəyal” əsərinin estetikası haqqında fikirləri jurnalın maraqlı yazılarındandı.
Sonda onu da qeyd edim ki, “Xəzan” jurnalında kifayət qədər poeziya nümunələrinə də rast gəlmək olur. Belə sayların bir neçəsində mənim də xeyli sayda şeirlərim dərc olunub. Bu ürəkliliyə görə jurnalın yaradıcısı, baş redaktoru Əli bəy Azəriyə – indiki vaxtda davamlı olaraq dərginin uzunömürlü olması üçün böyük fədakarlıq göstərən nasirə – təşəkkür edir və yarasdıcılığında uğurlar arzulayırıq. 70-ci saya yetmək – çağımızın məhdud imkanlarını nəzərə alsaq hər hansı dərgini sərbəst şəkildə dövlət dəstəyi olmadan 10 il yaşatmaq böyük hünər sayılmalıdır.
Beləcə, 100 səhifəlik “Xəzan” 70-ci sayı ilə, öz rəngi ilə qarşımdadır…
“Ömür bir uzun şeirdir” adlı məqalə (müəllif ADPU-nun dosenti Məhrux Dövlətzadədir) şair, dilçi alim Firuzə Məmmədlinin 85 yaşına həsr edilmiş və müəllifin şeirlərindən nümunələr verilmişdir. Dərgidə eyni zamanda Xəzər Miraj Məsimovun, Asya Əhmədovanın Vahid Çəmənlinin, Polad İbrahimoğlunun, Fərhad Səngərlinin, İradə Şəfanın, Elnarə Babayevanın Ələsgər Talıboğlunun, Şahid Astaralının, Əbülfəz Əhmədin, Ramiz İsmayılın, Xəlil Tahirbəylinin poeziya yaradıcılığından nümunələr dərc edilmişdir. Bu sıralanmanı verməkdə məqsədimiz heç də hamının tanıya biləcəyi müəlliflər deyil, bəlkə də ilk dəfə “Xəzan”da çap olunan müəlliflərdir və onların ilk qələm nümunələrini diqqətə çatdırmaqdır. Elə bilirəm nəsr nümunələri də qismən bu fikrimizin təsdiqi ola bilər. Jurnalda Rəna Nəcəfqızının “Asan xidmət”, Ayaz İmranoğlunun “Kömürlə yazılan dua”, Xəlil Mirzənin “Sonuncu dayanacaq”, Aysel Nəsirzadənin “Əlli qəpiklik nəzir”, Zaur Ustacın “Beyin qurdu”, redaktorun özünün “Bir xurma halallığı” hekayələri yer almışdır. Dərgidə astroloq Səbuhi Rəhimlinin “Oxatan bürcünün xarakteri” maraqlı yazılardan biridir. Özbəkistanlı şairə Zilolbanu Xalıqovadan edilmiş tərcümə şeirləri, Səadiyyə Xanlarovanın “Qərbi Azərbaycan günəşi yenidən doğacaqdır” xülasə-mətni, habelə elmi və tədqiqatlara aid digər yazılar jurnalın mövzu genişliyinin təsdiqidir.
Əli bəy Azəri və cəsarətlilik “Xəzan” jurnalının 69-cu sayında “Ədəbi yekun, yoxsa dost-tanış xətrinə bəy tərifi” cəsarətli yazısında müəllif AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin ədəbi yekunu” layihəsini ciddi tənqid etmişdir. Layihənin müəllifinin ədəbiyyata o qədər də dəxli olmayan kəslərin özfəaliyyəti, rəhbərliyə etinasızlığı qınağa çəkilir. Hər il janrlar üzrə əməkdaşlar arasında düzgün bölgü aparılmadığı, habelə onların hazırladıqları “məqalə-hesabat”ların ədəbi proseslərə dəxli olmadığı qənaətinə gələn müəllif, bu prosesə sərf olunan vəsait üçün heyfslənir. Prosesin texniki ardıcıllığına əhəmiyyət vermədən heç kimə bəlli olmayan, heç yerdə bir hekayəsi dərc olunmayan kəslər haqqında uzun məqalələr dərc etdirilir. Belə nümunələri konkret adı ilə göstərən Əli bəy yerlərdə (bölgələrdə) ədəbi proseslərin heç də mərkəzdən geri qalmadığını diqqətə çəkərək bir zamanlar bölgələrdə olan məclis və dərnəklərin mövcüdluğunu da xatırladır. Müəllif daha sonra yazır: “Təəssüflər olsun ki, ədəbi proses haqda məqalə-hesabat hazırlayan əksər əməkdaşlar bunu görmək istəmirlər. Görmək istədikləri hallar isə həqiqəti əks etdirmir”. AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun əməkdaşlarının hazırladıqları hesabat-məqalələri müəllif “dost tanış ədəbiyyatı üzrə bəytərifi” adlandırır. Bəytərifi ilə inkişaf olmaz. Əli bəy Azəri belə bir dərgi ilə ədəbi proseslərdə iştirak etməyi qənaətbəxş hesab etmir, ədəbi proseslərə təkan verməyə çalışır. Əslində onun yaratdığı və on ildir ki, davamlı nəşr etdirdiyi “Xəzan” jurnalı ətrafında gözəl bir ədəbi mühit formalaşıb.
Nəhayət, demək olar ki, belə cəsarətli yazılarla çıxış etmək bizim ədəbi mətbuatımızda az rast gəlinən hallardan biridir. Bəli, Əli bəy Azəri həm çap edir, həm də çap etdirir.
Və sonda …Yeni, ilk qələm sahiblərinə səxavətlə qucaq açan “Xəzan” dərgisi, düşünürəm ki, ən azı 70 nəfər şair və yazıçının unutmayacağı bir dərgidi, 70 dəfə yeni nəfəsdə dərc olunub, o qədər yazara sevinc bəxş edib və ədəbi zövqünə yeni poetik ümid verib. Çox az heyətlə bu dərginin — “Xəzan”ın 70-nə yetmək əsl fədakarlıq nümunəsidir. Bu münasibətlə “Xəzan” jurnalının baş redaktoru, yazıçı, hərbçi (mayor) Əli bəy Azərini təbrik edirəm.

Xosrov NATİL,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
15 yanvar, 2026, Bakı şəhəri

“Xəzan” jurnalı

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top